Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:23
-

Hollywoodu söyənlər də belədir, – söyürlər, amma blockbasterlərdən tutmuş adi melodramlara qədər, - nə varsa gizlincə baxırlar...


Əli Əkbər


HOLLYWOODun HAQQI


Hollywood adını eşidcək, gebbelsvari əlimiz tapancaya uzanmasa da, çox ağıllımız sifətini turşudar. Hollywood - kültürlü azərbaycanlılar üçün zövqsüzlüyün sinonimidir. Ən azından “ciddi adamın Hollywood məhsullarına ayıracaq zamanı qalmamalıdır” qınaq-məsləhətini eşidərsən.

Ciddi oğlan və qızlar kinonu müzakirə edəndə, Hollywood adını hallandırmazlar, illah da ABŞ-dan danışacaqlarsa, New York məktəbindən örnək gətirərlər. Kültürlü vətəndaşlarımızın zövqsüzlükdə, geridəqalmışlıqda ittiham olunmaq kimi qorxusu var desəm, mübaliğə etmiş olmaram.

Marmara Universitetində oxuduğum 90-cı illərdə, Ünsal Oskay adlı dekanımız vardı, beş il əvvəl rəhmətə getdi. Çox qiymətli insan və müəllim idi, kommunikasiya texnologiyalarından dərs deyirdi və məzəli söhbətləri ilə paralel qrupların tələbələrini də, maqnit kimi bizim sinfə çəkirdi.

Bir gün qayıtdı ki, “Dostlar, arabesk musiqisini indi hamınız söyürsünüz, biriniz də boynuna almaz ki, İbrahim Tatlısəsə qulaq asır, amma allah bilir, Walkman'lərinizi yoxlasam (disk oxudan Sony player) oradan nə qədər Tatlısəs çıxar”. Julia Roberts, 1990

Julia Roberts, 1990



Hollywoodu söyənlər də belədir, – söyürlər, amma blockbasterlərdən tutmuş adi melodramlara qədər, - nə varsa gizlincə baxırlar. Söhbət əsnasında neçə belə köstəbəyi ifşa etmişəm. Tutaq ki, Julia Robertsin “Erin Brokoviç”indən sitat gətirmişəm, hansı filmdən olduğunu deyib.

Onları hər zaman narahat görərsiniz. Ceyms Kameron kimi adamların adını çəkməməyə çalışırlar. Kşiştof Zanussi, Vudi Allen, Vonq Karvay, Bünuel, Vim Venders, Mixail Hanekenin biri bir qəpik, amma Hollywood patriarxlarının adı gələndə əsəbiləşirlər. Məlum olduğu kimi, intellektualizmi qulaqlarından fışqıran adamların janrı “Art hause”dur.

Kitab oxumaq məhrəm işdir, bir nəfərin özünə qapanıb əsərə dalması ilə baş tutan mədəni-intellektual istirahət, həm də əməkdir. Digər bütün incəsənət növləri isə kütləviliyi sevirlər, bir növ ayin kimi. Razılaşmayanlar çox olacaq, amma “Art house” kinonun da “qruppavoy” istehlakı daha xoşdur. Zatən ciddi bir problemim var, - belə filmlərə tək baxmağı sevmirəm. Onlar, tamaşadan dərhal sonra müzakirə edilmək üçündür. Deməzdim bütün filmlər və həmişə, amma belə bir ehtiyac tez-tez yaranır. Filmdən sonra yarım saat, bir saat boyunca, əlində qədəh, ya da başqa bir şeylə, filmi müzakirə etmək ləzzətlidir. Hər kəs diqqət yetirdiyi detallar haqda danışır, fikirlər paylaşılır. Bundan gözəli varmı?

Di gəl ki, mənimlə filmə tamaşa etmək asan məsələ deyil. Dostlar üçün mənim yanımda kinoya baxmaq işgəncədir, cəhənnəm əzabıdır. Film başlayandan sona kimi, əgər kimsə fasilə düyməsinə basmadan bircə söz desə, onu peşman edirəm. Tamaşa əsnasında cınqırını çıxarana qarşı çox dözümsüzəm. Film gedə-gedə kimsə telefonla danışsa, onu hətta təhqir də edə bilərəm. Ağır küçə söyüşləri ilə. Ona görə də mənim yanımda kinoya baxan dostlar çox sıxılırlar, stress keçirirlər. Onlar o qədər dahidirlər ki, dialoqlarda diqqətdən qaçan detallar, intonasiya filan onlar üçün önəmli deyil. Qaçırdıqları mimikalar, jestlər də həmçinin – hesab edirlər ki, adam bu qədər “xırdaçı” olmamalıdır. Arnold Schwarzenegger

Arnold Schwarzenegger



Deyirəm necə yəni olmamalıdır? 3D qrafika ilə bol partlayışlı, qanlı-qadalı, içalatlı, robotlu filmlər çəkib milyonlar qazanan rejissor və prodüserlərə ağız büzən adam gərək ki, bəzən bir məkanda, hətta bir kamera ilə, məhrumiyyətlər içində çəkilmiş Arthouse tərzində filmlərə bəsirət gözü ilə baxıb, can qulağı ilə dinləsin. Belə yekə iddiaya, ancaq belə yüksək konsentrasiya ilə bəraət qazandırmaq olar. Sənin konsentrasiyan isə cizgi filmi səviyyəsindədir, elə bil “Nu poqodi”yə baxırsan.

Hollywood “blockbaster”lərini tək izləmək lazımdır. Canım sıxılanda, dincəlmək istəyəndə belə filmlərə baxdığım olub. Razı deyiləm ki, xüsusi effektlər, kompüter fəndləri həqiqi incəsənətlə, sənətlə ziddiyyətə düşür. Xüsusi effektlərə etiraz edənlər elə danışırlar ki, elə bil üç min il yaşı olan bir ənənənin kəskin qırılması baş verib və buna yol vermək olmaz. Yüzdən bir qədər çox yaşı olan kino sənətindən danışmırıqmı? Bu, ən yeni incəsənəti nə tez çərçivəyə salıb ona ənənə biçdik? Kinoda nəyin pis, nəyin səviyyəli, nəyin yaxşı olduğuna nə tez qərar verdik?

Arnoldun kultlaşmış Terminator-ları haqqında bir kinoşünasın məqaləsini oxumuşdum, yazırdı ki, “Hollywood, özünün ən klişe mənasında, müstəqil bir orqanizm kimi yaşayır. O, nə yaxşıdır, nə də pis – o, sadəcə başqadır. Öz azarkeşləri, həvəskarları var”.

Vaxt var idi, hamımız bu həvəskarlar və azarkeşlər orudusunun nəfərləri idik. Dəmir pərdə çökən kimi, Tarkovski getdi işinin dalınca. Nə dəmir pərdə? Lukasın 1977-dəki “Ulduz müharibələri”ndən sonra, kinoda artıq kompüter dövrü başlamışdı. Mənim dünyaya gəlməyimə isə hələ bir il qalırdı. Texnikanın ən son nailiyyətləri ilə çəkilmiş filmlərin nəyi pisdir? Bunu heç zaman anlaya bilməmişəm.

Arthaus filmlərindəki texnogen asketizm çox zaman pulsuzluğun, çarəsizliyin nəticəsidir; yoxsa incəsənət naminə düşünülmüş, hesablanmış, intellektual əsaslı məhrumiyyət deyil. Götürək elə Darren Aranofskinin “Pi” filmini. Onu lap gülməli pulla, 60 minlə çəkmişdi. Sonrakı 4.5 milyonluq “Arzular üçün rekviyem”i və illər sonra gələn çoxbüdcəli “Qara qu quşu”nu xatırlayın. Dörd-beş rəqəmlidən yeddi-səkkiz rəqəmli büdcələrə keçid zəruridir. Heç kəs pulun cazibəsindən qaça bilmir deyə.

Futuristik tema, öncəgörmələr çağdaş kinonun, ümumiyyətlə çağdaş incəsənətin mövzusudur və bu prosesin qarşısını almaq imkansızdır. Hollywoodun gələcəyə dair kəhanət-eksperimentləri qiymətlidir. Bol xüsusi effektləri olan filmlərə, məsələn “Hörümçək adam”a maraq duyanlar müxtəlif yaş qrupundan və sosial təbəqədən olan insanlardır. Harry Potterə, Üzüklərin hökmdarına böyük həvəslə baxan ciddi adamlar var (özüm heç baxmamışam). Hollywood kino sənayesi fenomenal hadisədir. Bəsit dualizm üzərində qurulduğunu, sırf xeyirlə şərin toqquşması temasını istismar etdiyini, böyük mənada Bollywood-dan fərqlənmədiyini deyənlər ədalətsizlik edirlər. Hollywood-da neçə neçə “ekzistensial” filmlər çəkilib, onları nəzərə almaq gərəkir. Hollywood kinosunu klassik mənada kültür saymaya bilərsiniz, amma müasir kültürün ayrılmaz parçası, kult səviyyəsinə yüksəlmiş bir kültür fenomeni olduğunu da inkar edə bilməzsiniz.

Art hause filmlərində də xeyirlə şər var. Sadəcə yaxşı işləyirlər, daha tamaşaçıya qışqırmırlar ki, “bax, xeyir şərə qalib gəldi”, ya da tərsinə. Hanekenin, formal xeyir şər diskursuna düşmədən kənar baxışla, yan gerçəklik kimi çəkdiyi qəddar filmləri xatırlayın.

Dualizm bəşərin yaratdığı ən betonlaşmış fenomendir. Kosmosda dualizm yoxdur, dualizm insan beyninin məhsuludur. Dualizmə yuvarlanmadan kino çəkə bilənlərə salam olsun. Siz neçəsini tanıyırsınız?

Qeyd: Çox ağıllı və diqqətli oğlan və qızların nəzərinə - yazıda, "binarizm" ifadəsi, müəllif tərəfindən qəsdən işlədilməyib. Nəzərdə tutulan anlamı məhz "dualizm" təmin edir.

kultura.az

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG