Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:24

Polisə narkotik ittihamı


Arxiv fotosu
Arxiv fotosu
.
“Kənddəki narkomanları və nakrotik alverçilərini polis himayə edir. Həmin narkotik istifadəçiləri və satıcıları polisə iş verirlər. Cavan-cavan uşaqları şərlədib 31-ci polis bölməsinə çəkdirirlər. Orada onları həbslə hədələyir, pul alıb buraxırlar. Pulu olan evinə qayıdıb gəlir, pulu olmayanı qandallayıb həbsə göndərirlər”.
Bunları AzadlıqRadiosunun “Qaynar xətt”inə Suraxanı rayonu, Əmircan qəsəbəsi, Tofiq Bayram küçəsi ev 91-də yaşayan İradə Məmmədova danışır.

"ÖZÜ NARKOTİK ALVERÇİSİ, BACISI DA POLİSİN İŞVERƏNİ..."
“Qonşumuzda biri var, Keşa ləqəbi ilə tanınır. Bacısı da bu yaxınlarda boşanıb gəlib. Kənddə hamı, o cümlədən polis də bilir ki, Keşa narkotik alverçisidir, cavan uşaqları da bu yola çəkir. Özü narkotik satır, bacısı da məhəllənin işverənidir. Cavanlıarı şərlətməklə məşğuldur. Bu ailə açıq-aşkar polis tərəfindən himayə olunur”.

İradə Məmmədovanın sözlərinə görə, oğlu Pərvin Məmmədovla birlikdə Suraxanı rayon polis idarəsinin 31-ci bölməsinin rəisinin yanında da olublar:

“Gedib orada ərizə də yazdıq. Məhəllədə bacı-qardaşın nə oyunlardan çıxdığını bildirdik. Oğlum da ərizə yazdı. Tədbir görülməsini tələb etdi. Ərizələrini cırıb atdılar, əvəzində özünü həbs elədilər.

Mən etiraz etmirəm, əgər oğlum narkomandırsa, ya başqa təqsiri varsa, qoy, həbs etsinlər. Ancaq niyə bu tədbiri başqaları barədə görmürlər? Niyə Keşanı himayə edirlər? Əgər kimisə narkotikə görə tutub polisə aparırlarsa, niyə pul alıb buraxırlar? Təqsiri varsa, tədbir görsünlər, buraxmasınlar. Təqsiri yoxdursa, niyə aparırlar? Çünki pul qazanırlar”.

"POLİSƏ ƏRİZƏ YAZDI, ÖZÜNÜ TUTDULAR"

Şikayətçi bildirir ki, oğlunun həbsinə səbəb Keşa ləqəbli şəxsin ailə üzvləri ilə mübahisəsi olub:

“Oğlum Keşanın bacısına zəng vurdu, dedi ki, nə vaxta qədər cavan-cavan uşaqları şərlədib bədbəxt edəcəksən? Buna görə qızın xalası qapımıza gəldi, aramızda mübahisə düşdü, oğlumu tutub apardılar. 45 gün həbs kəsdilər”.
Orxan Mansurzadə
Orxan Mansurzadə

"GUYA NARKOTİKLƏRLƏ MÜBARİZƏ APARIR, ÖZÜ NARKOTİK İSTİFADƏÇİSİDİR"

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə “Qaynar xətt”ə bildirib ki, barələrində danışılan hər iki ailə eyni küçədə yaşayırlar və Pərvin Məmmədovla Vüqar İsmayılov problemli şəxslər kimi tanınırlar. Onun sözlərinə görə, qonşuların bir-birləri ilə yola getməməsinin səbəbi başqadır:

“Bir müddət əvvəl İradə Məmmədova ilə Vüqarın anası Afət İsmayılova arasında pul üstündə mübahisə yaranıb. Aprelin sonunda qonşular arasında növbəti dəfə mübahisə düşən zaman olaya müdaxilə edən Pərvin Afət İsmayılovanı döyüb.

Məsələ ilə bağlı daxil olan ərizə əsasında Suraxanı RPİ-nin 31-ci Polis Bölməsində araşdırma aparılıb. Lakin Pərvin Məmmədov polisin çağırışından müxtəlif bəhanələrlə yayınıb, məsələnin ciddiliyini görəndə isə qabaqdangəlmişlik edərək bölmə rəisinin qəbulunda olub və qonşuları barədə anasının müraciətində qeyd etdiklərini sonuncunun da nəzərinə çatdırıb.

Pərvin Məmmədov qonşularından heyif çıxmaq üçün günün istənilən vədəsində, yerli-yersiz “102” Xidmətinə, 31-ci Polis Bölməsinə, ərazinin əməliyyat müvəkkilinə müraciətlər edir, zənglər vurur, anasının söylədiklərini şişirdilmiş formada həmin ünvanlara çatdırırmış.

Təbii ki, Pərvinin bu müraciətləri araşdırmalar zamanı öz təsdiqini tapmayıb. Lakin bölmədə aparılan digər təhqiqat zamanı Afət İsmayılovanı Pərvin Məmmədovun döyməsi təsdiqini tapıb, üstəlik, keçirilən narkoloji ekspertiza nəticəsində Pərvinin narkotik vasitələrdən istifadə etməsi də müəyyən edilib.

Əməllərinə görə məhkəmə onun barəsində İnzibati Xətalar Məclləsinin müvafiq maddəsi ilə 45 sutka həbs qərarı çıxarıb."

Orxan Mansurzadə bildirib ki, İradə Məmmədovanın adını çəkdiyi Süleyman Kazımov 31-ci Polis Bölməsinin gənc əməliyyat müvəkkilidir və onun müraciətində qeyd olunan Rəvanə ilə heç bir əlaqəsi yoxdur:
"Bu barədə səslənən fikir Məmmədovların guya polisin İsmayılovları himayə etməsi, narkotiklərlə "mübariz" qismində yazdıqları ərizələrin cırılması və başqa məntiqsiz iddiaları kimi əsasssızdır, böhtan və şantaj xarakterlidir. Əksinə, adı çəkilən qadınla son vaxtlaradək Pərvinin özünün sıx əlaqələri olubmuş... Özünü təmizə çıxarmaq üçün əvvəlki hərəkətlərini indi başqasının adına çıxmaq istəyir..."

İradə Məmmədova isə əraziyə nəzarət edən polis bölməsinin işçilərindən və məhəllədəki vəziyyətdən baş prokurora və daxili işlər nazirinə şikayət edəcəyini bildirir.

İradə Məmmədova barəsində danışdığı qonşusunun 31 saylı polis bölməsində işləyən Süleyman adlı polis işçisi ilə əlaqədə olduğunu və bütün işlərini onun əli ilə gördüyünü deyir.
XS
SM
MD
LG