Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:16

Ərəb kəndinin qəzalı, köhnə, gil evləri...


Eldəniz Abbasovun qəzalı evi
Eldəniz Abbasovun qəzalı evi
-

Masallının Ərəb kəndinə gəlsən, neft və milyonlar səltənətində olduğuna inanmarsan. Burada 100-dən çox təsərrüfat var. Bu təsərrüfatlarda olan yaşayış evlərinin əksəriyyəti 60-70-ci illərdə gildən tikilib. İndi bu evlər dağılmaq üzrədir. Kənd sakinlərin demələrinə görə, hər 7-8 evdən biri qəzalı vəziyyətdədir.

Ərəb kənd sakini Reyhan Haşimova birotaqlı evdə yaşayır. Evin üstü və gildən hörülmüş divarları dağılmaq üzrədir. Otağın içində divarlara kağız yapışdırılıb. Dediyinə görə, qışda olmazın zülmlər çəkir. Pensiya ilə dolanır, xəstədir. Buna görə də nə ev tikməyə, nə də köhnə evi təmir etməyə vəsaiti var:

«BELƏ YERDƏ ADAM YAŞAYAR?»

«Belə yerdə adam yaşayar? Yaşamaz. Uçulub, hamısına belə kağız yapışdırmışam. Mən döşəkdə yatıram, heç yana çıxmıram. Amma hökumət tərəfindən bir dənə yardım yoxdur».

Göz yaşlarını saxlaya bilmir. Deyir ki, qonşuların köməyi olmasa vəziyyəti daha çətin olar. Reyhan Haşimova evin çökəcəyindən qorxur. Külək əsəndə evinin tərpəndiyini deyir:

«HÖKUMƏTİMİZ DÜNYANIN HƏR YERİNƏ KÖMƏK EDİR»

Reyhan Haşimova
Reyhan Haşimova
«Məni Allah yaradıb, mən də yaşamaq istəyirəm. Ölüm haqdır. Amma nə qədər ölməmişik bizə yardım olmalıdır. Hökumətimiz dünyanın hər yerinə kömək edir. Bir dənə bir gözlük koma tikə bilmir?».

Qonşuluqda da eyni vəziyyətdir. Kənd sakini Qabil Şammədovun evinin divarları sökülüb. Deyir imkanı yoxdur təmir etməyə, qazancı yeməyə güclə şatır. Evin arxa divarı çökmək üzrədir.

Kəndin digər sakini Malik Fətullayevə məxsus yaşayış evinin divarları da bir neçə yerdən çat verib. Onun dediyinə görə, evdə iki ailə yaşayır. Qışı qorxu içində keçiriblər. Özü heç yerdə işləmir, əkin-biçinlə məşğuldurlar. O da qazanc gətirmir:

«YAŞAMAQ TƏHLÜKƏLİDİR»

«Evim pis vəziyyətdədir, partlayıb. Yaşamaq təhlükəlidir. İmkanım yoxdur tikməyə. İxtisasım sürücülükdür, heç yerdə iş yoxdur. 18 sot torpağım var orada, buğda əkə bilmirəm. Nə pensiya alırıq, nə də sosial yardım. Ev 63-cü ildə tikilib».

Eldəniz Abbasovun isə iki körpəsi var. Uzun müddət evsiz-eşiksiz qalıb. Yaxınlarının köməyi ilə həyətdə koma tiksə də, komanın döşəməsi belə yoxdur. Torpaq üstündə yatırlar. Qış boyu zülm çəkdiklərini deyən E. Abbasov körpələrin az qala il boyu xəstə yatdıqlarını deyir. O, sosial yardım almaq üçün müraciətlərinin də nəticəsiz qaldığını deyir:

TORPAQ ÜSTƏ YATANLAR...

«İki dənə uşağım var, xəstədirlər. 10 dəfə getmişəm icra hakimiyyətinə, deyir, baxacağıq. Fəhləyəm. İşə getmişdim, iş olmadı, qayıtdım geri. Torpağım yoxdur əkməyə».

Həyat yoldaşı Vüsalə Quliyeva aclıq çəkdiklərini deyir. Sosial yardımı isə bilərəkdən vermədiklərini iddia edir:

Malik Fətullayev
Malik Fətullayev
«Sığorta kartı düzəltmişəm, verdilər. Bir uşaq laldır, o biri də zəlildir. İnanmırsan, qayınanamdan soruş. Yağış yağanda evimizə damır, selin içində qalırıq. İcra Hakimiyyətinə getmişdim, dedilər, get buradan, baxmırıq sənə...».

Eldəniz Abbasovun anası Səringül Abbasova söhbətə qoşulur. Oğlundan ayrı yaşayan ananın da evi qəzalı vəziyyətdədir:

«Mənim evimi də görürsən, taxtası yox, qapısı yox. Bu da küçələrdə qalmışdı, qayınatasının ağaclarından gətirmişik, birtəhər düzəltmişik».

Sakinlərdən Əlizadə İbadullayev deyir ki, kəndli fərdi ev tikə bilmir. İmkanları ancaq kənd təsərrüfatı məhsullarını yetişdirməyə çatır:

«KOMBAYNI TAPA BİLMİRİK»

«Tikintini nə ilə tikəsən, pul lazım. Bu adam səhərdən-axşamadək badımcan yetişdirir, badımcan da çürüyür. Taxıl yetişmək üzrədir, ancaq kombayn tapa bilmirik».

İCRA NÜMAYƏNDƏSİ NƏ DEYİR...

Ərazi icra nümayəndəsi Məhərrəm İbrahimov isə deyir ki, qəzalı vəziyyətdə olan evlərin məsuliyyətini sakinlər özləri daşıyırlar. O deyir ki, qanunçuluqda qəzalı vəziyyətdə olan fərdi evlərə yardım edilməsi ilə bağlı heç nə nəzərdə tutulmayıb. Onun sözlərinə görə, belə vəziyyətdə olan sakinlərə bələdiyyə 50 manat yardım edə bilər. İcra nümayəndəsi Ərəb kəndinə çəkilmiş asfalt yolun dövlət proqramına əsasən həyata keçirildiyini qeyd edir.

İqtisadçı Əlipənah Rzalı deyir ki, ölkənin ən kasıb təbəqəsi kəndlərdə yaşayanlardır. Əkinçi öz ailəsini çətinliklə dolandırır. Dövlət hansısa yollarla ev tikməkdə onlara kömək etməlidir. İqtisadçının sözlərinə görə, «Gül bayramı»nda xalqın milyonlarla pulunu göyə sovuran hökumət istəsə kəndli üçün vəsait tapar. Onun fikrincə, belə olsa kəndlərdən köçən azalar.
XS
SM
MD
LG