Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:35

Süni mayalanma məsələsi: qanun dəyişəcəkmi?


Almaniyanın Münix şəhərində genetik materialların laboratoriyası
Almaniyanın Münix şəhərində genetik materialların laboratoriyası
-

Mayın 20-də Azərbaycan mediası nədən yazır? AzadlıqRadiosu qəzetlərdə və internet resurslarında dərc olunan ən maraqlı yazıarın qısa xülasəsini təqdim edir

Bir müddət öncə Qafqaz Müsəlmanları İdarəsi öz saytında ölkədə süni mayalanma əməliyyatı tətbiq olunan zaman bəzi məqamları nəzərə almaqla bağlı məlumat yayıb. Məlumatda bildirilib ki, qadının yumurtasının ərindən başqa bir donor kişinin nütfəsi ilə birləşdirilərək süni mayalanma yolu ilə hamilə edilməsi haramdır və bu yolla doğulan uşaqlar haramzadə sayılır, şəriət normalarına görə vərəsəlik hüququndan məhrum olur.

Milli Məclisin sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev «Media forum» saytına bildirib ki, sözügedən qanun layihəsində süni mayalanma ilə bağlı ziddiyyətli məqam yaranıb: «Qafqaz Müsəlmanları İdarəsi özlüyündə haqlıdır. Qurum bildirir ki, ölkə əhalisinin çoxu müsəlmandır. Müsəlman ölkələrinin heç birində donorluğa icazə verilmir. Amma bir məsələ də var ki, «Əhalinin sağlamlığının qorunması haqqında» 1996-cı ildə qəbul edilən qanuna görə ölkədə donorluğa icazə verilir. Belə çıxır ki, Qafqaz Müsəlmanları İdarəsinin dediyini əsas götürsək, əvvəlki qanunun mövcud maddəsini ləğv edib ölkədə donorluğa qadağa qoymalıyıq. Onda da problem yaranır, dünya ölkələri bizə necə baxacaq? Deyəcəklər, hüquqi dövlət elan etmisiniz, müstəqilliyin bərpasından 5 il sonra qanuna mütərəqqi maddə salmısınız, üstündən 18 il keçəndən sonra yenidən geri qayıdırsınız?» Musa Quliyev hesab edir ki, sözügedən məsələdə fikir ayrılığı yarandığı üçün problem ətrafında müxtəlif kateqoriyalı mütəxəssislərlə, siyasətçilərlə məsləhətləşmək lazımdır.

«QÜSURLU TƏRCÜMƏLƏRİN QARŞISI ALINACAQ»

Prezident İlham Əliyev mayın 16-da Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi haqqında Əsasnamənin və Mərkəzin Strukturunun təsdiq edilməsi haqqında Fərman imzalayıb. Mərkəzin direktoru təyin edilən Afaq Məsud AzərTAc-a müsahibə verib. Afaq Məsud deyir ki, ilkin mərhələdə tərcümə sahəsindəki qeyri-peşəkarlığın aradan qaldırılması istiqamətində zəruri addımlar atılacaqdır. «Bu, ilk növbədə, «Tərcümə Mərkəzi» adı altında fəaliyyət göstərən özfəaliyyət səviyyəli, kiçik qurumların işinin nəzarətə alınması, elm, təhsil, mədəniyyət, hüquq, neft siyasəti, hətta, dövlətlərarası rəsmi yazışmalar müstəvisinə ayaq açmış qüsurlu tərcümələrin qarşısının alınması olacaq. Hazırda nəzərdə tutduğumuz bu işin həyata keçirilməsi üçün işlək mexanizmlərin yaradılması, buna uyğun müvafiq qaydaların hazırlanması ilə məşğuluq. Bununla paralel şəkildə ölkədaxili tərcümə işlərinin nizamlanmasına dair tədbirlər planı üzərində işləyirik. Bu, ilk növbədə, dövlət qurumlarının, idarə və təşkilatların fəaliyyətinə dair elektron məlumat bazasının yaradılması, onların fəaliyyət dövriyyələrinə uyğun tərcümə işlərinin, mətn və materialların keyfiyyət baxımından tənzimlənməsinə dair saziş və müqavilələrin bağlanmasıdır».

«BÖYÜK BAKI» PLANI...

«Yeni Müsavat» yazır ki, «Böyük Bakının Regional İnkişaf Planı» təsdiqlənəndən sonra şəhərin gələcəyinin necə olacağı çoxlarında maraq doğurur. Hazırlanan layihə 2030-cu ilə qədər olan dövrü əhatə edir: «Yeni plana əsasən, 282 hektarlıq ərazisi olan Bakı 5 inzibati ölçü vahidinə, yəni rayonlara bölünəcək. Bura mərkəzi Bakı, ətraf, şimal-şərq və cənub rayonları daxildir. Paytaxtın inkişafına Abşeron yarımadası, Sumqayıt və Xırdalan şəhərlərinin prizmasından baxılacaq. Yeni planda Bakıətrafı dəmiryol xətlərinin bərpası nəzərdə tutulub. Layihəyə görə, Dəmiryol Vağzalının ərazisi kiçildiləcək. Dənizkənarı Milli Park isə əksinə böyüdüləcək».

ƏFV KİMLƏRƏ ŞAMİL OLUNACAQ?

«Azadlıq» qəzeti gözlənən əfv fərmanıyla bağlı hüquq müdafiəçilərini danışdırıb. Vəkil Vidadi Mirkamal Azərbaycanın Nazirlər Şurasına sədrlik etdiyi dönəmdə ölkədə çox böyük amnistiya olacağını gözlədiklərini vurğulayır. Həmsöhbətimiz siyasi əqidələrinə görə həbs olunan şəxslərin, 130 nəfər siyasi məhbus barədə geniş amnistiya verilməsini hakimiyyət üçün böyük divident adlandırır. Hüquq müdafiəçisi Leyla Yunusun sözügedən məsələ barədə fikirlərisə olduqca lakonikdir. Leyla xanım proqnoz verməyin əleyhinə olduğunu söyləyir: «Mən falçı deyiləm. Yalnız əfv komissiyasının üzvləri hansı məsələləri müzakirə etdiklərini deyə bilər. Mən bu barədə heç bir tərəfdə deyiləm və nə isə deyə bilmərəm».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG