Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:15

Bu gün alın yazımdan 2 almışam


-

“Ədəbi Azadlıq-2014” Milli Müsabiqəsinin 10-luğuna keçmiş Aqşin Evrəndən şeirlər.


Aqşin Evrən


DURNA QATARINA SON BİLET

Bakının ağ buludları saçlarına ilişib, ata,
Ciyərimə yığılan su
hər “ata, səninlə nəfəs alıram” dedikcə
fırlanıb gözlərinə dolub
Gözlərin dolub
Sinoptiklər bildirir ki, taleyimə dolu gözlənilir…
Ata ömrünün epiloqu
hər övladın “GÖZ TV”sində böyük üzüntü ilə izlənilir…
Triumf təxirə salındı, çünki şahım devrilib
İndi kadr önündə mat qalmışam
Bağışla ata, bu gün alın yazımdan 2 almışam.
Ölüm-itim dünyasıdır,
Ölüm olma, razıyam itin olaram
Deyirlər, itlərin sədaqəti daha güclü,
daha sağlamdır.
Torpaq hamı üçün döşəmə olsa da
Ölülər üçün damdır.
Başımız o qədər daşdan-daşa dəyir ki,
sonda bizə başdaşı qoyurlar
Təkcə öləndə saflaşırıq, ata,
Onda da cəsədimizi bu dünyanın çirkli suyu ilə yuyurlar…
Hər sükutda dar ağacı iplərini sazıma kökləyib
ölüm marşımı çalmışam
Bağışla ata,
bu gün alın yazımdan 2 almışam.
Sən ölüm ayağında olarkən
mən də ölümün ayaqlarına düşdüm
yalvarmaq üçün
Əcəl əzizlərimi məzara tərəf qovarkən
yalnız arxadan yalvarmağa çatır gücüm
İç Oğuzla Dış Oğuz yolunda
saç ağardıb diş tökən Qoca Qorqud kimi
Uca Qorqud kimi ən yüksək yolla alçalmışam
Bağışla ata,
bu gün alın yazımdan iki almışam.
Başına qarışqa yükü qədər dən düşür
saçların ağarır, sən heç qəm yemə…
Zənn et ki, bu bəyazlıq ağ undur;
Tanrı öz ruzisini başından tökür.
Məcəllə belə yazılıb əzəldən:
“Torpaqdan yarananı yavaş-yavaş torpaq da özünə çəkir.”
Təsəllini tərs əlinlə itələmə
Mən bu yaşa təskinliklərlə ucalmışam
Bağışla ata, bu gün alın yazımdan iki almışam.
56 yaşında şəxsiyyətin 5 qiymət alsa da
belin 6 rəqəmi kimi bükülüb…
Nəzərlərini torpağa sancan həyat
səni torpağa öyrəşdirir
və mənim öyrəndiyim dərs otağımda
sən adlı bir məqbərə sökülüb…
Bütün riyazi hesablamaları həll etsəm də
sənin qalan ömrünü hesablaya bilmirəm
Üçbucaqlar dodaq büzür,
Pifaqor məyusdur
Çünki hesab fənnidən sinifdə qalmışam
Bağışla ata,
bu gün alın yazımdan 2 almışam.

Dünya yaşıl olanda
Göy qurşağına bağladığımız yelləncəkdə
başın çiynimə əyləşib,
Qolum şərf kimi dolanıb boynuna
Bizdən bir qədər aralıda,
yayından çıxmış oxu ətrafında
Yer kürəsi fırlanır;
parfümlü külək,
havada dollar fırtınası...
Pinqvinlər Günəşə sarı uçurlar
Buzlaqlar əriyib Afrikanın stəkanına dolur
Ağ göyərçin öz qanadını Eyfelə sancıb sülh bayrağı
yaradır
Ölü dəniz balıq doğur
Qırmızı kitab da bir səhifəlikdir
- təkamül meymunları...
Çernobılda oksigen partlayışı,
Diktatorlar silahları əridib
Bermud Uçbucağına – qır qazanına qapaq qoyurlar
Vezuvi püskürüb Ozon dəliyini qurğuşunlayır
Sən saydığın say,
fələk insan ömrünü müsbət sonsuzluğa qədər sayır,
Bütün dinlərin surələri, ayələri eynidir;
"Əxlaq"
Qocalar evində sükut,
otaqlar boş,
Uşaq evləri olub "oyuncaq və əyləncə mərkəzləri"
Teatrlarda anşlaq...
Bütün dövlətlərin adı Yer Kürəsidir,
bütün bayraqlar göyərçin qanadı,
bütün gerblər Bermud qapağı,
bütün himnlər körpə gülüşü
Bütün əlifbalarda eynidir
hərflərin düzülüşü;
X,O,Ş,B,Ə,X,T,L ,İ,K...
Və biz bu hərflərdən yapışıb yellənirik
Nə müharibə var,
nə göz yaşı, nə də qəm
Astaca pıçıldayıram saçlarına:
- Əzizim, dodağını gətir söz
deyirəm.


Bermuda bir addım qalarkən

Həyatdan iki əlli yapışmışıq, əziz dost,
Salam verməyə də əlimiz qalmayıb
Nə gülər gözlərimiz var,
nə çatılmış qaşlarımız
Həqiqəti hayqırmağa da dilimiz qalmayıb
Zamanın dəyirman daşları üyüdür cizgiləri

Dünən atam mənə beşik qayırırdı;
sabah mən o beşiyin taxtalarından atama tabut
Dünən anam mənə bələk hazırlayırdı;
sabah mən o gül qoxan bələkdən qoca anama kəfən
Qırtlağımda daş qalıbdır elə bil,
bu labüd həqiqəti uda bilmirəm!

Hə, ana demişkən, əziz dost,
Uşaqlıqda anamdan soruşardım:
-Ana, mən necə yarandım?
Cavab hazır:
-Sən kələmdən çıxmısan,
Səni kələm doğubdur.
Həyat isə öyrətdi:
-Kələm sözün tərs oxu;
"səni mələk doğubdur!"

...və əgər bir gün
uşaqlığına qayıtmaq istəsən
divardan 96-cı ilin təqvimini as,
ya da saat əqrəblərini geriyə fırlat;
heç nə dəyişməyəcək,
Sən saydığını say
gör fələk kimləri sayır

Fələk demişkən, əziz dost,
Bir əlini sinənə qoy,
bax, durmadan vurur ürək;
bil ki, bu əzraildir, qapını döyür,
Yaşamaq yavaş-yavaş ölməkdir axı;
insan gün keçdikcə bir az da ölür

Ölüm son peşəmizdir.

Toz içində daş daşıyan fəhlələrik,
Hər gün bir şeyin daşını atırıq;
sevginin, şərabın,
ümidin, əzabın,
Fəqət
Yalnız, "yalnızlıq" bizi yalnız buraxmır...

Səndən son bir xahişim var, əziz dost:
bir "xoşbəxtlik" sözünü
şəxslərə mənsub et
... Sus! Sən də yalançı çıxdın.
Burax məni, cənabım, burax lütfən!
Burax gedim qoca anama xəbər verim;
artıq tikib bitirdim,
artıq hazırdır kəfən

Həyat ya təəssüfləndirir,
ya da təəccübləndirir
- Üçüncü variant:
get güzgüdə cizgilərinə bax


Qürub çağı bir qadın

Qürub çağı bir qadın
yer üzünü tez-tez süpürürdü ki, bəlkə bu Yer kürəsi əriyib gedə
Bəlkə, ana torpaqdan təmizlənə Yer kürəsi
Anasını torpağa qoyarkən daha dəqiq anlamışdı “ana torpaq” kəlməsini
Anlamışdı ki, qadın ölmür,
ölüm qadınlaşır
Yəni daha bir qüvvə məğlub olur qadına
Gecəni Zamza taleyi kimi yatardı yatağında
Otağını qıfıla tapşırıb gedərdi sabahlar
Küçələrdə kişi əli kimi tutardı süpürgəsini
Ucuz siqaret qoxusunda axtarardı kişi nəfəsini,
ər hənirtisini
Bu boşluqda ürəyi ikicə balası ilə döyünərdi
Amma həmişə başını yelləyib deyinərdi:
“Qadın üçün ən böyük işsizlik kişisizlikdir”

O sadəcə “dövlət xadimi” qadınların ayağının altını süpürən “dövlət xadiməsi”ydi
Onun bədbəxtliyi sadə idi,
Onun bədbəxtliyi məğlub “ə” səsiydi
Boynunu “ə” hərfi kimi bükməsi üçün ona bir “ə” hərfi bəsiydi
Saçlarını səliqəli “boğardı”, əynini səliqəli geyinərdi
Üz-gözünə boya yaxmazdı
Amma yenə də başını yelləyib deyinərdi:
“Ən qaçılmaz boyanı zaman özü çəkəcək... qırışlarla”

Yağış yağdıqca damlalar beyninə döyəcləyərdi bu misraları:
“Qocanın gözündən axırdı Amur
Dedi fikir vermə, ağlamıram mən
Bu qoca kilsənin tavanı damır
Əsas corabını qalın geyin sən”

Tez əlini corabına atardı
Xatırlayardı tapdayıb üstündən keçdiyi şairin cizgilərini
Sonra qorxardı küçələrdə kişi ayaqqabısının izini süpürməyə
Elə bilərdi ki, başqa bir kişi gəlib bu dəfə onun özünü tapdayıb keçəcək
Elə bilirdi ki, həmin gün dünya bu dünyadan köçəcək
Həmişə bir kişi sığalını sayıqlayardı saçları
Həmişə dodağındakı yara öpüşsüzlükdən göynərdi
Amma yenə də başını yelləyib deyinərdi:
“Qadınlar kişilərin altında, kişilər də torpağın altında çürüyür”

Sevdiyi kişinin yolunda “saçlarını süpürgə etmişdi” bu xadimə qadın
İki qarın doğub bir qarın çörəyə möhtac qalmışdı
Orucunun içində də oruc tutub iftar vaxtı ac qalmışdı
Yeməyini oğluna jaket eləmişdi,
Suyunu qızına papaq
Bu ana fədakarlığını da ən saf ibadət bilib öyünərdi
Amma həmişə başını yelləyib deyinərdi:
“Baladır... Ya öz boğazından kəsməlisən
Ya da öz boğazını kəsməlisən”

Küçələrdən süpürdüyü başqa qadınlara yazılmış məktubları oxuyardı hər axşam
Həmin səhər küçəni elə süpürərdi ki,
sanki Yer kürəsinin başına sığal çəkir
Sevincindən sehrli “cadı” kimi süpürgəsinə minib uçmaq istərdi
Ağlayıb “küçələrə su səpməzdi”
çünki onsuz da yar keçməyəcəkdi o küçələrdən...

Artıq Allah da insanların taleyini postmodern üslubda yazırdı
Kilsədəki o pak siçovul da diksinmirdi iniltilərdən
Rahibənin yandırdığı axşamlar da son vaxtlar tez-tez sönərdi
Görənlər deyir ki, bu xadimə qadın
ömrünün son günlərində başı əsə-əsə deyinərdi:
“Mən yer süpürmürəm, qəbir qazıram”
XS
SM
MD
LG