Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:38

Nobel mükafatlı yazıçıdan birdən-birə 4 kitab


John Coetzee
John Coetzee
-

“Qanun” nəşriyyatı Nobel mükafatlı Cənubi Afrika yazıçısı John Maxwell Coetzee-dən 4 yeni kitab çevirərək çap edib.


“Barbarları gözləyərkən”

Romanın baş qəhrəmanı – imperiyanın sərhədində otuz il ömür sürmüş hakim, barbarların üsyana qalxıb hökmranlarına yaxşı dərs verməyini arzu edir. O, əsərin sonunda öz seçimini edir və sivilizasiyadan imtina edərək barbarlara yaxın bir həyat tərzi sürməyə başlayır. Beləliklə, o öz vicdanı ilə barışır, çünki sivilizasiyanın içində yaşamaq ona utanc gətirirdi...


“Gənclik”

“Gənclik” romanındakı Kutzee obrazı xoşagəlməz, hətta əxlaqsız bir insan kimi üçüncü şəxsin dilindən təsvir olunur. Romanda ondan özünənifrət və ambisiyalar arasında çırpınan insan kimi bəhs olunur. İlk baxışdan bu roman Tolstoyun “Gənclik”ini xatırladır. Tolstoy da Kutzee kimi özünü ifşa edir.


“Maykl K.-nın həyatı və zəmanəsi”

Kutzeenin romanlarının baş qəhrəmanları, bir qayda olaraq, adi insanlardır: uzaq əyalətdə məskunlaşmış məmur, həyatı ucqar bir kənddə bağ evi ilə məhdudlaşan qadın, yaxud cəmiyyətin artığı, şikəst bədbəxt bir qız. «Maykl K.-nın həyatı və zəmanəsi» romanının baş qəhrəmanı Maykl K. da bu qəbildəndir. Belə insanlar mümkün qədər ətrafındakı adamlara, özlərinə edilən zülmü görməməyə çalışırlar. Onlar şər əməllərin iştirakçısı olmaqdan çəkinsələr də, bu aqibətdən yayına bilmirlər: passivlik, iradəsizlik humanizm üçün pis sığınacaqdır.


“Rüsvayçılıq”

Kutzeenin «Rüsvayçılıq» romanının baş qəhrəmanı Devid Louri azadlığa doğru uzun bir yol gedir. O öz təbiətinin qəribəlikləri, bütün intellektuallara xas olan yaradıcılığa meyilliliyi ilə mübarizə aparmalı olur. Lakin Devid Louri bu yolu axıra qədər gedərək, bütün bəraətlərdən, ümidlərdən, axtarışlardan imtina edir. CAR-ın 1990-cı illərin sonuna təsadüf edən tarixindən silinmək mümkün olmasa da, tarixi təbiətlə bərabər tutmaq, onu həyatın bir hissəsi kimi qəbul etmək olar. Bu işdə Devidə qızı Lüsi kömək edir. Devid Louri öz rüsvayçılığını rasional düşüncə ilə dərk etməyə, bu və ya digər fikirlə əlaqələndirməyə çalışırsa, qızı ona, sadəcə, bu hadisə ilə barışıb yaşamağı öyrədir...

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG