Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:12

"Şeirlərimi daha çox avtobusda gedəndə telefonuma yazıram"


Aqşin Evrən (solda) və Namiq Hüseynli
Aqşin Evrən (solda) və Namiq Hüseynli
-

“Hələ də evlərdə Aşıq Ələsgəri oxuyub feyziyab olanlar varsa, bu bizim məğlubiyyətimizdir”.


"Ədəbi Azadlıq-2014" Milli Müsabiqəsinin 10-luğuna keçmiş yazarlarla müsahibələrə davam edirik. Həmsöhbətimiz şair Aqşin Evrəndir (Onluqdakı şeirlərini oxu).


- Aqşin bəy, bildiyimə görə, bundan əvvəl də “Ədəbi Azadlıq” müsabiqəsində iştirak edibsən. Bir qədər özün haqda məlumat ver.

- Hal-hazırda 1937.az saytıyla əməkdaşlıq edirəm, müxtəlif saytlarda, qəzetlərdə məqalələrim, şeirlərim çıxır. Bakı Slavyan Univerisitetini bitirəndən sonra hərbi xidmətə getdim və qayıdanda mənə iş düzəltməyə söz verən adamlar hamısı sanki “Bermud üçbucağına” çəkildilər, əvəzində Aqşin Yenisey əsl ədəbiyyat adamı kimi, məni özünə yaxın bilib saytla əməkdaşlıq etməyə dəvət etdi. Əlbəttə, mövcud vəziyyətdə əlimə başqa yerdən pul gəlsəydi, özümü ancaq şeirə həsr edərdim, amma neynəyəsən ki, indi yazarlarımız saytlarda çalışaraq dolanışıqlarını təmin edirlər. “Ədəbi Azadlıq” müsabiqəsinə bundan öncə 2013-cü ildə qatılmışam onda da şeirim onluğa düşmüşdü, amma yer tutmamışdı. Buna görə iddiam vardı ki, daha bir dəfə müsabiqədə iştirak edim.

- Deməli onluğa düşmək sənin üçün gözlənilən idi.

- Əlbəttə, ədəbi mühitimizdə olan ağsaqqal şairlər zəng edib mənim şeirim haqda fikirlərini dedilər, təbrik etdilər. Məsəlçün, bir çox tanınmış yazara zəng vururam Con Steynbekin həyatı haqda bir şey soruşuram, deyir ki, Steynbeki boş ver, sənin şeirlərindən danışmaq istərdim. Doğrudur, şeirlərim haqda mənfi rəy də olub, amma əksərən müsbət rəy eşitmişəm.

- Şeir yazmaq üçün müəyyən bir mühitin yaranmasını gözləyirsənmi? Nələr səni şeir yazmağa sövq edir?
Aqşin Evrən
Aqşin Evrən


- Çox vaxt şairin yazı masasından danışırlar, iş otağından danışırlar, bu mənə absurd gəlir. Mən şeirlərimi hər yerdə yaza bilirəm, nə bir yazı masam, nə də iş otağım var. Şeirlərimi daha çox avtobusda gedəndə telefonuma yazıram. Həmişə demişəm, şeirlərimə görə avtobus sürücülərinə, sərnişinlərə və konduktorlara borcluyam. Müsabiqədəki “Konfutsi belə buyurdu” şeirimi avtobusda yazmışam. Digər şeirim “Yeraltı çaylar dənizə axır”ı təqribən 8-9 ay bundan öncə əsgərlikdə, ön cəbhədəykən, siqaret qutusuna yazmışdım. Ümumiyyətlə, əsgərlikdə bir neçə şeir yazdım, bəzilərini yazanda külək əlimdən aparıb ermənilərin səngərinə atdı, bəzilərini əsgər paltarının içinə yazdım, gələndə başqa əsgərlərə qismət oldu. Ümumiyyətlə, mənim şeirlərim, ətrafımdakı xaos, səs-küy, qarışıqlıqdan doğulur.

- Müsabiqədə kimləri birinci yer tutmağa daha layiqli hesab edirsən? Ümumiyyətlə, 10-15 il sonra indiki ədəbi mühitdən hansı şairlərin qalacağını gözləyirsən?

- Müsabiqədə ən çox Nigar Anın şeirlərini bəyəndim və özüm ona səs verdim, bundan başqa Ramil Əhməd, Emin Pirini maraqla oxuyub bəyənirəm. Düşünürəm ki, onluğa düşməyənlər Sərdar Amin, Kürçaylı Məmmədov çox istedadlıdırlar, onların elə başqa şeirləri var ki, müsabiqəyə göndərsəydilər, daha yaxşı yerlər tutardılar. O ki qaldı kimlərin əsərlərinin qalacağına, bunu indidən demək çətindir. Əgər əvvəl hər dövrdən 5-6 şair çıxırdısa, indi 2010-lardan cəmi bir, ən çoxu iki şair qalar, çünki saytlarda, redaksiyalarda, qəzetlərdə çalışmaq bir az yazarların başını qarışdırır. İstənilən halda Salam Sarvanın, Aqşin Yeniseyin yeni tariximizin ən yaxşı şairləri kimi qalacaqlarına inanıram. Bilirsən, çox şey bizim gələcək nəsillərə çatdırdığımız şeiriyyat parametrlərindən, yeniliklərdən asılıdır.

- Səncə, hansı sahələrdə poeziyamız geri qalıb?

- Belə izah edim, şeirin inkişaf yolu bir insanın inkişaf yoluna bənzəyir, insan əvvəl doğulur - uşaq olur, ömrünün bir hissəsini dörd divar arasında keçirir, sonra o divarlardan xilas olur, sanki qanad açıb uçur, şəhərlərə, ölkələrə gedir. Şeir də əvvəl dördlük şəklində, heca vəznində yaşayıb böyüyür, amma sonra o azad olmalıdır, dördlükdən, heca vəznindən çıxmalıdır, özünü ifadə etmək üçün ona dil imkanları vermək lazımdır. Təəssüf ki, bizim şeirimiz hələ də heca vəznində çabalayır. Ədəbiyyatımızda hələ də ötən əsrin şairlərinin, Səməd Vurğunun, Süleyman Rüstəmin dördlüklərinin müzakirə edilməsi, gündəmdə qalması şeirimiz üçün mart qırğını kimi bir şeydir. Götürək elə aşıq ədəbiyyatını, hələ də evlərdə Aşıq Ələsgəri oxuyub feyziyab olanlar varsa, bu bizim məğlubiyyətimizdir.

Söhbətləşdi: Namiq Hüseynli

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG