Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 05:55
-
Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında E. De Filipponun “Ruhlar” əsəri əsasında hazırlanan yeni tamaşaya ictimai baxış keçirilib.

Xəbəri Akademik Milli Dram Teatrının mətbuat xidməti AzadlıqRadiosuna verib.

İctimai baxışda Lənkəran şəhərinin teatr ictimaiyyəti ilə yanaşı, Mədəniyyət və Turizm Nazirliyinin teatr sektorunun müdiri Nahidə İsmayılzadə, baş məsləhətçi Vəfa Novruzova, Bakı teatrlarının nümayəndələri iştirak ediblər.

Mehman Musabəylinin tərcüməsi əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Tural Mustafayev, quruluşçu rəssamı Mustafa Mustafayev, bəstəkarı Telman Qəniyevdir.

Tamaşada Əməkdar artist Adil Zeynalov (Alfredo), aktyorlar Əbülfəz Axundov (Paskuale Loyakone), Tərlan Abdullayev (Raffaele), Aynur Əhmədova (Mariya), Gülər Kərimova (Karmela), Qızılgül Quliyeva (Armida), Miraslan Ağayev (Qastone Kalifano), Niftulla Əsgərov (Professor Santana), Arzu Abbaszadə (Silviya), Günel Abbaszadə (Arturo), Rauf Zeynalov (Fəhlə) və Nizami Qurbanov (Fəhlə) iştirak edirlər.

Lənkəran Dövlət Dram Teatrının baş rejissoru Tural Mustafayev italyan dramaturqunun klassik pyesinə tamamilə fərqli aspektdən yanaşmağı bacarıb və maraqlı bir tamaşa ərsəyə gətirə bilib.

Tamaşa insanın həyatda yerini tapmaq uğrunda mübarizəsini əks etdirir.

Böyük, gözəl bir malikanənin sahibi ruhlar barədə dolaşan şaiyələr ucbatından bu imarəti heç cür icarəyə verə bilmir. Nəhayət, o, bütün bu şaiyələrə son qoymaqdan ötrü evi yeni evlənmiş cütlüyə pulsuz kirayə verməyi qərara alır.

Ruhların dolaşdığı ev kimi məşhur olan bu sarayda həyat yoldaşı Mariya ilə birlikdə yaşamaqla əsərin baş qəhrəmanı Paskuale şəhər sakinlərini inandırmalıdır ki, evdə heç bir ruh yoxdur.

Paskuale Alfredo ilə bağladığı “saziş” barədə arvadına xəbər vermir.

Amma nəticədə arvadının məşuqunu ruh hesab etməklə özü gülünc vəziyyətə düşür.

İctimai baxışdan sonra keçirilən müzakirədə çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, eləcə də teatr mütəxəssisləri tamaşanı çox yüksək qiymətləndirib, səhnə əsərinin nəinki Lənkəran teatrı üçün, bütövlükdə milli teatr sənəti üçün hadisə olduğunu vurğulayıb.

Tamaşanın premyerası mayın 22-də keçiriləcək.




Günün bütün mövzuları

XS
SM
MD
LG