Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:02

Etiraz aksiyası keçirən lisey şagirdləri polis nəzarətindədirlər


-
Mayın 17-də Bakıdakı 20 saylı Texniki Humanitar Liseydə etiraz aksiyası keçirən şagirdlər polis nəzarətinə götürülüb. Bu barədə AzadlıqRadiosuna liseydən məlumat veriblər. Adının çəkilməsini istəməyən lisey rəsmisinin dediyinə görə, baş vermiş hadisə ilə bağlı mayın 19-da Təhsil Nazirliyinin əməkdaşları liseydə olublar. Bir gün əvvəl Nəsimi rayon icra hakimiyyətinin nümayəndələrinin məktəbə baş çəkdiyi bildirilir.

“Bizim liseydə 5-ci sinifdən 10-cu sinifə qədər bütün şagirdlər arasında test imtahanı keçirilmişdi. Yuxarı sinif şagirdlərin bir neçəsi test imtahanlarından “2” almışdı. Onların sinifdə qalma məsələsi qalxmışdı. Direktor bildirmişdi ki, yenidən imtahan olacaq. Bunu eşidən valideynlər məktəbin qarşısında etiraz aksiyası keçirməyə başladılar. Bu zaman testdən aşağı qiymət alan şagirdlər də valideynlərinə dəstək kimi məktəbin foyesində aksiya keçiriblər. Valideynlər bildirirdilər ki, onlar uşaqlarına görə əvvəlki direktora pul veriblər, həmin direktor onların uşaqları ilə daha yaxşı məşğul olub”.

Liseydəki aksiya ilə bağlı şagirdlər Youtube-a video da yükləyiblər.

Məlumata görə, lisey direktorunun Nəsimi rayon polis İdarəsinin 19-cu bölməsinə müraciətindən sonra aksiyanın qarşısı alınıb. Liseydən verilən məlumata görə, hay-küy salan, dərsi pozmağa çalışan həmin şagirdlərin hamısı polis nəzarətinə götürülüb.
“19-cu polis bölməsi məktəbin yaxınlığında olduğundan tez polisə müraciət olunub. Polis gələndən sonra aksiya sakitləşib. Saxlanan yoxdur, sadəcə polis onların ad familiyası və ünvanlarını qeyd etməklə nəzarətə götürüb”.

Təhsil nazirliyinin rəsmi saytındakı məlumata görə Bakı Texniki Humanitar Liseyi 2008/2009-cu tədris ilində keçirilmiş “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibləri sırasındadır.
XS
SM
MD
LG