Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 03:54

Əli Hüseynli: «Düşünürəm ki, Rusiyanın Azərbaycanla bağlı hansısa niyyəti yoxdu»


Əli Hüseynli

Əli Hüseynli

-

Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin APA-ya müsahibəsi:

- Son günlər Rusiyanın regionda aktivliyi bir çoxları tərəfindən Azərbaycanın da təhlükəsizliyi üçün təhdid kimi qiymətləndirilir. Bu təhdidlər nə dərəcədə realdır?

- Həqiqətən də bir sıra mətbuat orqanları Azərbaycan-Rusiya münasibətlərini, xüsusilə də Rusiyanın regiondakı siyasətini belə şərh etməyə cəhd edirlər ki, bizim dövlət təhlükəsizliyimiz təhdid altındadır. Amma Həştərxana məlum böyük nümayəndə heyətinin səfərini misal çəkərək qeyd etmək istəyirəm ki, biz Rusiyada, regionda çox mötəbər şəxslər tərəfindən onların Azərbaycan xalqına, prezidentinə hörmət və ehtiramlarının olduğunu müşahidə etdik. Müşahidə etdik ki, rusiyalı həmkarlarımız Azərbaycan dövlətinə, həm də onun suveren hüquqlarına hörmətlə yanaşırlar. Onlar Azərbaycanın son dövrlərdəki sosial-iqtisadi inkişafına, siyasətinə, ümumiyyətlə, dövlətin həyata keçirdiyi işlərə bizim qədər sevinirlər.

İkinci vurğulamaq istəyirəm ki, Azərbaycanla Rusiya arasında əməkdaşlıq strateji əməkdaşlıqdır, strateji tərəfdaşlıqdır. Bu, ölkə rəhbərləri, rəsmiləri səviyyəsində verilmiş bəyanatlardır. Bizim bugünkü münasibətlərimiz verilmiş bəyanatlara uyğun qurulub. Bu baxımdan hesab edirəm ki, bəzən mətbuatda, mediada Rusiyanın regiondakı siyasəti ilə bağlı məsələlər həddindən artıq şişirdilir. Rusiyada müəyyən qərarlar qəbul olunur. Deyək ki, vətəndaşlıqla, miqrasiya məsələləri ilə bağlı qərarlar verilir. Bu, heç bir halda hansısa dövlətə, Azərbaycana qarşı yönələn addım kimi başa düşülməməlidir. Bu qərarlar qonşu ölkələrə, o cümlədən slavyan, rusdilli xalqlara şamil olunur. Bunu öz üzərimizə götürməyin heç bir əsası yoxdur. Bizim üçün həm də çox fərəhləndirici idi ki, ümummilli lider Heydər Əliyevə, onun xatirəsinə çox böyük ehtiram var. Biz dəfələrlə bunu müşahidə etmişik. Rusiya rəsmiləri çıxışlarında Heydər Əliyevin keçmiş SSRİ rəhbərliyində olarkən xalqlar üçün verdiyi töhfələrdən danışıblar, onun böyük dövlət SSRİ-yə rəhbərlik etmək üçün yeganə layiqli şəxs olduğunu vurğulayıblar. Heydər Əliyev Fondu orada böyük işlər görüb, bu da əməkdaşlığın çox böyük nümunəsidir.

Rusiya və onun regionlarında yüz minlərlə azərbaycanlı yaşayır. Müşahidə edirik ki, onların böyük əksəriyyəti faydalı işlərlə məşğul olur. Orada təhsil alırlar, ölkənin ictimai-siyasi həyatında fəal iştirak edirlər, bizneslə məşğul olurlar. Təəssüf ki, bəzən kriminal hadisələr baş verir. Amma ümumilikdə azərbaycanlılara yaxşı münasibət var. Biz bunu orada görürdük. Hesab edirəm ki, media bu məsələdə obyektiv olmalıdır, reallığı düzgün dəyərləndirməlidir. Biz heç bir halda təhdid elementləri müşahidə etməmişik. Bunun üçün ciddi əsas da yoxdur. Hər bir ölkə özünün təhlükəsizliyi ilə, dövlət quruluşu ilə bağlı qərarlar qəbul edir, biz də o cümlədən. Vaxtilə bizdə də, Rusiyada da miqrasiya məsələləri çox ciddi müzakirə olunurdu. Azərbaycan miqrasiya məsələləri ilə bir sıra qərarlar qəbul edib, xatırlayırsınızsa, Gürcüstanda olan soydaşlarımızla bağlı təkliflər var idi. Bu, o demək deyildi ki, Azərbaycan qanunvericilikdə dəyişiklik edəndə Gürcüstanda yaşayan soydaşlarımıza qarşı addım atmaq niyyətində olub. Demək istəyirəm ki, hər bir ölkənin müstəqil siyasəti var. Bu da hər hansı ölkəyə qarşı yönəldilmir. Düşünürəm ki, Rusiyanın Azərbaycanla bağlı hansısa niyyəti yoxdur. Biz vəziyyəti daha obyektiv dəyərləndirsək, tez-tez səfərlər etsək, əməkdaşlığımızı genişləndirsək, bizim münasibətlərimizin strateji əməkdaşlıq münasibətləri olduğuna bir daha əmin olarıq. Bunu həm media, həm incəsənət, həm də siyasətçilər etməlidirlər.
- Belə bir fikir dolaşır ki, Ukrayna hadisələrinin ardınca Azərbaycanda Rusiyanın «beşinci kolonu» fəaliyyətə başlayıb. Ümumiyyətlə, bu hadisələrin ardınca Rusiyadan Azərbaycana qarşı hansı münasibət gözlənilir?

- Doğrusu, inanmıram. Mən inanmıram ki, Rusiyanın Azərbaycanda «beşinci kolonu» olsun. Yoxdur. Mən bu məsələni ciddi qəbul eləmirəm. Bu, mətbuatda kimlər tərəfindənsə piar kampaniyası xarakteri daşıyır. Diqqət cəlb eləmək üçün. Rusiya ilə münasibətdə xalqlarımız arasındakı münasibətləri müsbət dəyərləndirmək lazımdır. Baxın, Ukraynada baş verən hadisələrə, onlar qərb və slavyandilli xristian dininə mənsubdurlar. Coğrafi baxımdan birmənalı Avropadır. Şərqdə, müsəlman ölkəsində - Suriyada baş verən hadisələrə də diqqət edin. Coğrafi baxımdan bizə yaxındır. Amma baxın görün, hansı hadisələr baş verir. Bizim münasibətlərimiz isə fərqli mədəniyyətlərin, ənənələrin, ümumiyyətlə, fərqli bir davranış tərzinin - bura din, dil, mədəniyyət daxildir - fərqli ənənənin əməkdaşlığının, birliyinin, qonşuluğunun ən yaxşı nümunəsidir. Hesab edirəm ki, bu, xalqların daha yüksək davranış səviyyəsindən xəbər verir. Dediyiniz vəziyyətlə bağlı heç əsas görmürəm. Nə rəsmi, nə də qeyri-rəsmi bizim ölkələr arasında hansısa ciddi narazılıq yaradacaq məqamlar yoxdur. Gürcüstanda və Ukraynada baş verənləri nəzərdə tutsaq, bu, oradakı xalqlara qarşı yönələn siyasət deyil, hakimiyyətlərə qarşı yönəlik idi. Onların bu işdə haqlı olub-olmadıqlarını şərh etmək istəmirəm. Biz bunu necə şərh etmək istəsək də, fakt odur ki, orada qan tökülür. Bu məsələdə Ukraynadakı mövcud hakimiyyətin də günahı var. Mütləq dialoq olmalıdır. Qərb dialoq təklif etsə də, hazırda başqa hadisələri müşahidə edirik. Rusiyada azərbaycanlıların çoxluğu müsbət haldır.
- Bu gün Rusiyada azərbaycanlıların sayı çoxalır və bu da Rusiyada ciddi qərarların verilməsinə gətirib çıxarır. Bizdə də hansısa qərarın verilməsi gözlənilirmi?

- Azərbaycanlılar çalışmalıdırlar ki, Rusiyada və dünyanın hər yerində təkcə iqtisadi məsələlərdə deyil, ictimai-siyasi proseslərdə də aktiv olsunlar. Bu məsələdə gənc nəsil daha fəal olmalıdır. Ölkəmizdə Rusiya, xüsusilə rus dili ilə bağlı populist çıxışların yeri yoxdur, ciddi qəbul olunmur. Dəfələrlə müşahidə etmişəm ki, öz övladları rus bölməsində oxuyan tanınmış insanlar bəzən rus dili əleyhinə bəyanatlar verirlər. Bu, çox təəccüblüdür. Düşünürəm ki, Azərbaycanda olan yeni nəsil bütün qonşuluqda olan digər xalqlarla ünsiyyət üçün rus dilini, uzaq qonşularımız üçün isə ingilis dilini bilməlidirlər. Hər iki dilin dünyada böyük əhəmiyyəti var. Rus dilinin də əhəmiyyəti heç zaman azalmayacaq, xüsusən də, mədəni inteqrasiya baxımından bu dil çox vacibdir. Biz Rusiya ilə ənənəvi əməkdaşlığımızı davam etdiririk. Son Həştərxan görüşündən sonra növbəti forumun iyunda Qəbələdə keçirilməsi planlaşdırılır. Bunun özü də ölkələrimiz arasında sağlam strateji əməkdaşlığın olmasının sübutudur.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG