Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:09

«Heydər Əliyev Fondu hamınındır»


Heydər Əliyev Fondu
Heydər Əliyev Fondu
-

Mayın 19-da Azərbaycan mediası nədən yazır? AzadlıqRadiosu qəzetlərdə və internet resurslarında dərc olunan ən maraqlı yazıarın qısa xülasəsini təqdim edir

HESABLAMA PALATASINDAN ƏBÜLFƏS QARAYEVƏ ZƏRBƏ

«Azadlıq» qəzeti Hesablama Palatası muzeylərdə apardığı auditdən yazır. Hesablama Palatasının 2013-cü ildə fəaliyyəti haqqında hesabata görə, xərclər smetasında nəzərdə tutulmadığı halda Azərbaycan Milli İncəsənət Muzeyi tərəfindən vakansiyalar hesabına işçilərə əlavə əmək haqqı ödənilib, gəlir vergisi az hesablanıb, eksponatların alışı zamanı fiziki şəxslərdən gəlir vergisi tutulmayıb, inşaat materialları mədaxil edilməyərək dəyəri birbaşa xərcə silinib... XX əsrin əvvəllərində alınan çoxsaylı eksponatların dəyərinin mövcud bazar qiymətlərinə uyğun qiymətləndirilməsi təmin olunmayıb, eksponatların inventarizasiyası tamamlanmayıb, bəzi hallarda muzeyin fondun sərvətləri Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmrinə əsasən müxtəlif dövlət orqanlarına müvəqqəti istifadə üçün verilib, lakin uzun müddət keçməsinə baxmayaraq sərvətlərin Muzeyə qaytarılması təmin edilməyib və ya onların faktiki mövcudluğu və saxlanma vəziyyəti barədə üzləşmə aktları tərtib edilməyib».

AZƏRBAYCAN MUZEYLƏRİ MİLLİ ÖZÜNƏMƏXSUSLUĞUMUZU DÜNYAYA TƏCƏSSÜM ETDİRİR

«Azərbaycan» qəzetində 18 may Beynəlxalq Muzeylər Gününə həsr olunmuş yazıda oxuyuruq:

«Erməni işğalı zamanı Şuşada 8 muzey talan edilib. Ümumilikdə, işğalda qalan ərazilərdə 500-dək tarixi-memarlıq, 100-dək arxeoloji abidə, 22 muzey, 4 rəsm qalereyası düşmən tərəfindən dağıdılıb... Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin Şuşa filialından 1000-dən çox, Dövlət Qarabağ Tarixi Muzeyinin 1000-dək, Üzeyir Hacıbəylinin Xatirə Muzeyindən 300-dən çox, Bülbülün Xatirə Muzeyindən 400-dək, Mir Möhsün Nəvvabın Xatirə Muzeyindən 100-dən çox əşya və materiallar düşmən tərəfindən mənimsənilib. Şuşa, Laçın və Qubadlı rəsm qalereyaları dağıdılıb, respublikamızın tanınmış rəssam və heykəltəraşlarının nadir əsərləri qarət edilib».

LEYLƏYİN «YARI YOLDA QOYDUQLARI...»

«Yeni Müsavat» qəzeti ölkədə ana ölümlərinin artdığını yazır. Ancaq rəsmilər ildən-ilə ana və uşaq ölümü hallarının azaldığını vurğulayır.

«Azərbaycanda bu problemi aradan qaldırmaq üçün ilk növbədə həkim, daha sonra isə ana namizədlərinin maarifləndirilməsi çıxış yolu kimi göstərilir. Məsələn, hamilə qadınların qadın məsləhətxanalarına və ya aidiyyəti qurumlara məcburi şəkildə cəlb olunması lazımdır... Bir çox hallarda qadınlar məsləhətxanalara aybaay müraciət etmir. Buna görə də hamilə qadının orqanizmində yaranan problemlərdən vaxtında xəbər tutub, müdaxilə etmək mümkün olmur. Bundan başqa, mütəxəssislər hesab edir ki, ana və uşaq ölümlərini azaltmağın yollarından biri evlənmək istəyən cütlüklərin məcburi şəkildə talassemiyadan tutmuş, cinsi yolla keçən xəstəliklərə qədər müayinədən keçməsini təmin etməkdir».

HEYDƏR ƏLİYEV FONDU HAMININDIR

«ANSPRESS» bu həftə on yaşını qeyd edən Heydər Əliyev Fondunu vəsf edir:

«Xeyriyyəçi əli kimi başlayan sonra kiminsə, cibində tutulan şəriyyəçi əlləri hələ dünənədək görə bilərdik. Heydər Əliyev Fondu alabaş mərhəmət əllərini, adda-budda açılıb yumulan səxavət ovuclarını kooperativ mürvət budkaları kimi yollardan, palatkalardan, minarə diblərindən yığışdırdı və Mərkəzləşdirdi. Məncə Heydər Əliyev Fondu «Hacı Zeynalabdin Tağıyev kişi adamdır» klassik təfəkküründə ciddi islahatlar apardı. Bu gün Azərbaycanın Xeyriyyəçilik modeli, necə deyərlər beynəlxalq sertifikata sahibdir. Bu insafın sərhədləri Luvr muzeyindən tutmuş Hindistanın ucqar stadionuna qədər böyük bir ərazini əhatə edir».

VURULAN ŞİLLƏLƏRİN SAYI QƏDƏR

«Media Forum» saytı Oqtay Qorçunun yazısını dərc edib:

«Əsl kişilərin günü-gündən azaldığı bir dövrdə, yanağından qan daman, çalıb-oynamaqda mahir, qazandığını nuşcanlıqla xərcləyib yeməyi bacaran gözəl Ukraynanın üzünə elə bir şillə vurdular ki... Bununla da çarxı çevrildi yazıqların, o boyda ölkəni süpürləyib atdılar cəhənnəmin dibinə. Elə ki Putin Rusiyası caynağını ilişdirdi bu məmləkətin gülzarı Krıma, bununla da qarışdı aləm, qan su yerinə axdı Ukraynada. Gözgörəti özgə ərazisinə soxulan ruslar məğlubedilməz işğalçı mifini yenidən diriltdilər. «Mənəm» deyib döşünə döyən, ordusu, bombasıyla öyünən rus imperiyası nə Allah, nə bəndə tanıdığından dini-dili bir qardaşların arasına ikitirəlik saldı...».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG