Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:39
-

"Ədəbi Azadlıq-2014" Milli Müsabiqəsinin 10-luğuna keçmiş yazarlarla müsahibələrə davam edirik. Həmsöhbətimiz şairə Esmira Məhiqızıdır (Onluqdakı şeirlərini oxu).


- Esmira xanım. Sizin imzanıza sıx-sıx rast gəlirəm. Nə vaxtdan yazmağa başlamısınız?

- Mən ixtisasca mühasibəm. Sonradan jurnalist sənətkarlığı kursunu oxudum, bir müddət Mingəçevirdə şəhər qəzetində işləmişəm. Ailə qurandan sonra Bakıya gəldim, heç yerdə işləmədim. İlk şeirimi on yaşımda yazmışam. 10 yaşım olanda qırmızı bir papağım vardı, o papağı çox sevirdim. Günlərin bir günü onu itirdim və ilk şeirimi də ona yazdım. Sonradan gördüm yavaş-yavaş yazıram. Gah gördüm sevimli tut ağacım kəsilib ona şeir yazdım, gah atamın vətəni Şuşanı itirdim, gah öz vətənim Ağdamı itirdim, gah Xocalını itirdim. Şeirlər ən çox itiklərdən yaranır. Hər dəfə itirirsən, onun yeri boş qalır, içini göynədir, oturub şeir yazırsan.


hər şey varkən
hər şey də yoxdu.
yoxdu həyat kimi,
var, ölüm kimi var.

həyatın yoxluğunda
ölüm daşıyırıq ölməyə.

hər yerdə ölmək olur... hər yerdə.

binanın başından atdı özünü Zərifə,
maşın çarpan kimi öldü Sitarə.
sular Əminəni qaytarmadı geri-
sular intihar yeri.
çoxdan intihar edib
torpağa həsrət su pəriləri.

indi binaların başı bir Zərifə,
maşınların sürəti bir Sitarə,
sulardakı əksimiz bir Əminədir.

və ölüm hər yerdə ölümdür...
hər yerdə ölmək olur-
mən hər yerdə ölürəm.



- Bəs necə oldu şeirləriniz mətbuata çıxmağa başladı, ilk şeirlər kitabınız nə zaman çıxıb.

- Deyim ki, Xocalı soyqırımında xeyli qohumumu, yaxınımı itirdim, ondan sonra illərlə yazmadım. O itkilərdən sonra mənim üçün hər şey öldü, şeir də həmçinin. On-on beş il şeirə ara verdim. Bir neçə il öncə “Ulduz” jurnalında çalışan rəfiqəm Fərqanə Mehdiyeva məndən xahiş etdi ki, jurnal üçün bir neçə şeir verim, mən də verdim. Şeirlərim Elçin Hüseynbəylinin çox xoşuna gəlmişdi, mənə zəng etdi. Xahiş etdi ki, “Ulduz”a yazım. Ondan sonra məni AYB-yə üzv etdilər,“Bir xışma xəyalam” adlı kitabımı çap etdilər. O kitab da daha çox heca vəznində olan şeirlərimdən ibarətdir. Çünki ədəbiyyat müəlliməsi olan anam mənə demişdi ki, sən daha çox sərbəst vəzndə şeirlər yazırsan, mənim xətrimə heca vəznində şeirləri sal kitabına, qoy bu kitab mənim kitabım olsun. Anamın xətrinə elə etdim, amma o kitab özümün xoşuma gəlmir, həmişə deyirəm bu anamın kitabıdır. Esmir Məhiqızı

Esmir Məhiqızı



- Bəs “Oxu Zalı”nın təşkil etdiyi şeir müsabiqəsində necə oldu ki, iştirak etdiniz?

- İnanırsan, mən əslində çox utancaq və itkiləri olan adamam, nə müsabiqələrdə iştirak etməyə həvəsim var, nə saytlara yazı göndərməyə. İnanırsan, heç AYB-yə üzv olandan bəri ora gedib-gəlməmişəm də. Vaxtımın çox hissəsini evdə keçirirəm. Şeirlərimi müsabiqəyə oğlum göndərdi, iyirmiliyə, onluğa düşdüyümü yenicə öyrənmişəm. Bütün şairə rəfiqələrim bilir ki, oğlanlarım mənim şeirlərimi çox sevirlər, çox maraqlanırlar. Mən özüm şeir göndərə bilmirəm, oğlanlarım şeir dəftərlərimdən seçib göndərirlər.

- Bizdə qadın şairələr cəmiyyətə qarışmır, qapalı olurlar, daha çox sevgidən yazırlar. Necə bilirsiniz, qadın yazar necə olmalıdır? O, ictimai baxımdan fəal olmalıdır, yoxsa evinə qapanmalıdır?

- Mənim düşüncəmə görə, qadın anadırsa və şairdirsə birinci qadınlıq vəzifəsini icra etməlidir, sonra şairliklə məşğul olmalıdır. Əvvəlcə ailə, uşaq sahibi, həyat yoldaşı olmaq lazımdır. Bunlar olmasa yaxşı şairə olmağın heç bir mənası yoxdur.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG