Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:38

"Onluğa düşdüyümə görə özümü artıq qalib kimi hiss edirəm"


Elşən Əzim
Elşən Əzim
-

"Ədəbi Azadlıq-2014" Milli Müsabiqəsinin 10-luğuna keçmiş yazarlarla müsahibələrə başlayırıq. İlk həmsöhbətimiz "Başı kəsilən adam" şeirinin müəllifi, Mingəçevirdə yaşayan şair Elşən Əzimdir.


- Elşən bəy, lütfən bizə bir qədər özünüz haqqında məlumat verin? Nə qədər müddətdir şeir yazırsınız?

- Mən 1975-ci ildə Kəlbəcər rayonunda müəllim ailəsində dünyaya gəlmişəm. Atam da, anam da ədəbiyyat müəllimi olublar. Özüm də ədəbiyyat müəllimiyəm. Hazırda Mingəçevirdə yaşayıram və işləyirəm. Uşaqlıqdan şeir yazıram. İlk şeir kitabım “Könlümə yağan yağış” 2000-ci ildə çap olunub. Onda hələ Gəncə Dövlət Univerisitetində filologiya fakültəsində tələbə idim. 2006-cı ildə Adil Cəmilin redaktəsi və ön sözü ilə “Yuxu danışıram” şeirlər kitabım çap olunub, sonuncu dəfə bu il Əkbər Qoşalının redaktəsində “İllərin o tayı” şeirlər kitabım çıxıb. Azərbaycan mətbuatında çoxlu sayda şeirlərim çap olunub. 2003-cü ildən bəri Azərbaycan Yazıçılar Birliyinin üzvüyəm.

- Bildiyimə görə, siz həm də bir ədəbiyyat qəzetinin redaktorusunuz. Əyalətdə qəzet buraxmaq çətin deyil ki?


- Bəli, 2011-2013-cü illər arası “Söz odası” ədəbiyyat qəzetini buraxmışam. Redaksiyamızın Mingəçevirdə yerləşməsinə baxmayaraq, qəzetimiz qısa müddətdə ölkənin hər yerinə yayıldı. Azərbaycanda belə təcrübə yoxdur ki, əyalət qəzeti ölkənin hər yerinə yayılsın. Qəzetimizin məqsədi bölgələrdə yaşayan ədəbi istedadlı gənclərin əsərlərini təbliğ etmək, yaymaq idi.
Elşən Əzim
Elşən Əzim


- Daha çox qoşma, gəraylı formasında şeirlər yazırsınız. Aşıq şeirinin gələcəyinə inanırsınız?

- Bilirsiniz XX əsrin 50-ci illərində qəzəl öz ömrünü başa vurdu. İndi Abşeronda tək-tük qəzəl yazanlar var. Ruh düşkünlüyü var ki, artıq qoşma da, aşıq şeiri də öz ömrünü başa çatdırmaq üzrədir. Amma modernist şeirlə yanaşı qoşmanın da yaşamaq haqqı var. Bu bizim ruhumuzun şeiridir.

- Bundan öncə də ədəbi müsabiqələrdə iştirak edibsinizmi? AzadlıqRadiosunun şeir onluğuna düşəndə nələr hiss etdiniz?

- Müsabiqələrdə çox az iştirak etmişəm. Bundan öncə AYB-nin “Bir bənd şeir” müsabiqəsində iştirak etmişdim, şeirim yer tutmamışdı. Bizim əyalətdə yaşayan çoxlu şairlərimiz var ki, istedadlıdır, ancaq intellekt yoxdur, bu günün şeir zövqünü tuta bilmir. Bu baxımdan müsabiqələr yazarların öz şeir zövqünü cilalaması üçün çox önəmlidir. “Oxu zalı”nın müsabiqəsində ilk dəfə özümü 20-likdə görəndə çox sevindim, onluğa düşərkən isə keçirdiyim hissləri ifadə edə bilmirəm. Onluğa düşdüyümə görə özümü artıq qalib kimi hiss edirəm. Əslində sənətə verilən qiymət bu onluqda verilir. Yenə də ümüdvaram ki, şeirim onluqdan daha yüksək sıralamaya da düşəcək. Düzdür, müsabiqədəki şeirimdən müəyyən qədər iddialıydım da, amma bir qayda olaraq Bakıda keçirilən müsabiqələrdə, əyalət yazarlarına yer verilmir, Bakıdakı yazarlara yer verilir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG