Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:04

Əliş Ləmbəranski haqqında sənədli film çəkilir


Lalə Şövkət, Əliş Ləmbəranski və Heydər Əliyev
Lalə Şövkət, Əliş Ləmbəranski və Heydər Əliyev
-
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə «Salnamə» studiyası «Yüz il və əbədiyyət» adlı sənədli filmin çəkilişinə başlayır.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, film tanınmış dövlət xadimi, Əməkdar mühəndis, SSRİ Dövlət mükafatı laureatı Əliş Ləmbəranskinin 100 illik yubileyinə həsr olunur.

Əliş Ləmbəranski Sovetlər dönəmində bir sıra sənaye və mədəniyyət müəssisələrinin qurulmasında, Bakının infrastrukturunun təkmilləşdirilməsində böyük xidmətlər göstərib.

Filmin ssenari müəllifi Əməkdar jurnalist Nadejda İsmayılova, quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Cəmil Fərəcov, prodüseri Nazim Hüseynov, icraçı prodüseri Kamil Məmmədovdur.

30 dəqiqəlik sənədli filmdə Əliş Ləmbəranskinin həyat və fəaliyyətindən, onun rəhbərliyi ilə inşa edilən və Bakı şəhərinin simasını dəyişən binalardan bəhs olunacaq.

Çəkilişlər Bakı, Bərdə və Moskva şəhərlərində aparılacaq.

Filmdə Azərbaycan Dövlət Filim Fondunun, Rusiya arxivlərinin foto və video materiallarından istifadə olunacaq.

Əliş Cəmil oğlu Ləmbəranski 1914-cü il mayın 10-da Bərdə rayonunun Ləmbəran kəndində doğulub.

Müxtəlif sənaye müəssisələrində rəhbər vəzifələrdə çalışıb.

Neft sənayesi nazirinin müavini, Bakı Soveti İcraiyyə Komitəsinin sədri, respublika Nazirlər Soveti sədrinin müavini işləyib.

Heydər Əliyev Sarayı, Gülüstan sarayı, Funikulyor, Bakı Dövlət Sirki və Bakıya gözəllik bəxş edən digər binalar, sənaye və mədəniyyət müəssisələri onun rəhbərliyi ilə tikilib.

Əliş Ləmbəranski 1999-cu ildə dünyasını dəyişib, Fəxri Xiyabanda dəfn olunub.
Əliş Ləmbəranskinin 100 illik yubileyinin qeyd olunması barədə ölkə prezidenti 28 fevral 2014-cü il tarixində sərəncam verib.
XS
SM
MD
LG