Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:34
-
Mayın 19-dan etibarən qorunan əmanətlər üzrə faiz dərəcəsinin maksimum həddi 10%-dən 9%-ə endirilir.

Bu barədə Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb.

Fondun direktoru Azad Cavadov AzadlıqRadiosuna müsahibəsində yeni qərarın səbəblərindən danışıb:

- Faiz dərəcəsinin enməsi hədəflərindən biri odur ki, banklar yüksək riskə getməsin, yüksək faizlə vəsaitlər cəlb etməsin. Çünki Azərbaycanda inflyasiya 2.4 faizdir. Belə inflyasiya olan yerdə əmanətlər yüksək faizlə qəbul edilə bilməz. Bu, doğru deyil.

- Adətən əmanət üzrə 8-9 faiz 6-9 aylıq olur, bir il və ya daha artıq müddətə qoyanda isə faiz dərəcəsi artıq, əmanətçilər də buna həvəs göstərirlər.

- Aydındır, amma bu, riskdir. Bank yüksək faiz də verə bilər, bu, bankın imicindən asılıdır.
- Qərar mayın 19-dan sonra qoyulacaq əmanətlərə aiddir? Bəs bu tarixdən əvvəl bağlanan müqavilələrin müddəti bitəndə necə olacaq?

- Bəli, qərar mayın 19-a qədər bağlanan müqavilələrə şamil edilməyəcək. Amma mayın 19-dan sonra vaxtı bitib uzadılacaq müqavilələrə aid olmayacaq. Yəni, kimsə əmanətini bir illiyinə 10 faizlə qoyubsa, müqavilə vaxt bitəndən sonra onun uzadılması məsələsi olacaqsa, həmin əmanət qorunmayacaq. Amma kimsə, məsələn, əmanətini 10 faizlə 10 illiyinə qoyubsa, bu müddət ərzində həmin vəsait sığortalı olacaq.

- Fond yarandığı 2007-ci ildən bəri sığorta ödədiyi hallar olubmu?

- İki il əvvəl «RoyalBank»la bağlı belə hal baş verib. O zaman 14 milyon manata yaxın vəsait ödədik. Orda da, dediyim kimi, problemlər vardı. Əmanətini yüksək faizlə qoyan adamlar ala bilmədi. O vaxt qorunan əmanətlər üzrə faiz dərəcəsi, səhv etmirəmsə, 15 faiz idi.

- Sizcə, bu qərar bankları əmanətçiləri yüksək faizlə vəsait qoymağa çağırmaqdan çəkindirəcək? Bazara necə təsir edəcək?

- Onsuz da imici yüksək olan banklar əmanətləri aşağı faizlə qəbul eləyirlər. Bu gün biznes kreditləri 12-15 faizlə verilir. Bu, göstərir ki, faizlər aşağı düşməyə gedir. Bank hər halda 10 faizlə əmanət qəbul edib 12 faizlə kredit verə bilməz.
- Amma yenə də ekspertlər bank kreditlərinin faizini yüksək sayırlar...

- Pərakəndə kreditlər yüksəkdir. Pərakəndə kreditlər 1000, 2000 manatdır. Mən biznes kreditlərini nəzərdə tuturam ki, kredit faizi aşağıdır. Biri də var istehlak kreditləri. Bu kreditlərin maya dəyəri bahadır. Biri var bank 1 milyon manat kredit verə və onun 0.1 faizini götürə - bir milyonda bu, 1000 manatdır, bir də var 1000 manatda 0.1 faiz, bu isə 1 manat deməkdir. 1 manatla bank neçə işçi saxlasın?
- Bəs əmanətin faiz dərəcəsinin düşməsi kommersiya ipoteka bazarına necə təsir edəcək?

- Onlar da yavaş-yavaş enəcək. Maya dəyəri ucuzlaşarsa, satış qiyməti də ucuzlaşacaq. Amma bunu da bazar tənzimləyəcək.
- Azad müəllim, hazırda banka qoyulan əmanətlər 30 minə qədər 100 faiz sığortalı sayılır. Bu, sığorta limitinin artması gözlənirmi?

- Bank 2007-ci ildə fəaliyyətə başlayanda 4 min manata qədər əmanətlər sığortalı sayıldı. 2010-cu ildə 8 min olmalı idi. Amma 2009-cu ildə biz antiböhran tədbirlərindən biri olaraq 6 mindən 30 min manata qaldırdıq. İqtisadi böhran olmasaydı, bu gün heç 30 min manata qalxmayacaqdı da. Qorunan əmanətlərin məbləği ÜDM-a uyğun hesablanır. İndi Azərbaycanda adambaşına düşən ÜDM 7 min yarım dollardı. Bunun da təxminən iki-üç qatı həcmində əmanət sığortalanır. Avropada 100 min dollara qədər məbləğ sığortalanır. Orda ölkədən asılı olaraq adambaşına düşən məhsul 20-60 mindir. Bundan başqa, inflyasiya faktoru da qorunan əmanətlərin məbləğinə təsir edir.

Şərhləri göstər

XS
SM
MD
LG