Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:46
-

Zarat «Qəm Pəncərəsi», «Atları yəhərləyin» («Qaçaq Nəbi», «Qanlı zəmi» adlarıyla da tanınır) və bir çox başqa bədii filmin çəkildiyi kəndin adıdır. Şamaxı rayonu ərazisinə daxil olan bu kənd rayon mərkəzindən təxminən 25-km uzaqda yerləşir. İlk baxışda elə də uzaqda deyil, amma yolsuzluq bu 25 km-i sanki 2 ayrı dünya arasındakı məsafəyə çevirir.

Zarat yolu son dəfə ötən əsrin 80-ci illərində – film çəkilişlərinə və gediş-gəliş nisbətən asanlaşsın deyə çəkilib. «Yol – mədəniyyətdir!» şüarını xatırlasaq, deməli, azı 30 ildir ki, bu kəndin mədəniyyətinə yatırım yoxdur. Çevrədəki və bütövlükdə Azərbaycandakı kəndlərə olduğu kimi.

«QAÇAQ NƏBİ»NİN TOYU...

Uzaqdan baxanda, Zaratın evləri sanki zəncir həlqələri kimi iç-içə bağlanaraq və ya əl-ələ tutaraq sıralanıb. Kəndə Pirsaat çayının içindən keçərək giririk. Bir anlıq «Atları yəhərləyin» filmindəki Qaçaq Nəbiyə bənzəyirik. O, toyuna çağırmağa adam axtardığına görə qapıları bir-bir döyürdü, bizsə, sadəcə, kəndliləri görmək, hal-əhval tutmaq üçün. Amma nə fayda? Kənd bomboş görünür.

Azərbaycan tatlarının yurd saldığı bu kənddə neçə-neçə illər öncə azı 300 ailənin yaşadığı deyilir, indi isə içində yaşanan ev sayı 20 ola-olmaya...

«OĞUL, KİMİ AXTARIRSINIZ?»

Xacil kişi və həyat yoldaşı

Xacil kişi və həyat yoldaşı

Bir neçə qapı döyəndən sonra, axır ki, bir səs eşidirik. Evinin pəncərəsindən kimsə soruşur: – Oğul, kimi axtarırsınız?

Cavab gözləmədən də «Gəlin, istidir, gün vurar» deyir. 68 yaşlı Xacil kişi Bakıda avtobus sürücüsüdür. Ailəsi ilə Bakıda yaşasa da, yaydan-yaya xanımı ilə ata evinə gəlir, evi təmizləyir, havasını dəyişir, buranın havasını dadır. Xacil kişinin dörd qardaş, üç bacı və üç oğlundan heç biri Zaratda yaşamır. Hamısı bir neçə ildir ki, Bakıya və Sumqayıta yerləşiblər:

- Kənd gördüyünüz kimidir. Hələ siz yaxşı vaxtda gəlmisiniz... İndi çayın suyu azalıb. Elə olur, yol 10-15 gün bağlanır, hər yerdən əlimiz üzülür. Hələ bunun qışı var. Qar yağır, şaxta olur, yanacaq yox, istilik yox. Ordan-burdan odun gətirsələr, alırıq... Gətirməsələr yox. Bu çətinlikləri uşaq da görür. Ha yalvarıram ki, a bala, bura dədə ocağıdır, gəlin, şamını yandırın, işıq gəlsin pəncərəsindən. Deyirlər ki, Allah ömrü bir dəfə verib, adam da belə şəraitdə yaşayar?».

KÜÇƏLƏRDƏ TƏK-TÜK QADIN...

Xacil kişinin xanımı əl çəkmir ki, nahar vaxtıdır, sizə yumurta-qayğanaq bişirim, – imtina edir və çayımızı içib, kəndi gəzməyə başlayırıq. Küçələrdə tək-tük qadın gözə dəyir. Birindən kəndin kişilərinin harda olduğunu soruşuruq. Əliylə bir yer göstərib deyir ki, orda bir yaşlı adamın evinin tavanı çöküb, oranı düzəldirlər. Qadının göstərdiyi səmtə gedirik. Bir evin üstündə 7-8 orta yaşlı kişi işləyir.

– «Qəm Pəncərəsi» filmindəki «Uşkol»a şagird toplamaq üçün nümayəndələr bu evin eyvanında çıxış edirdilər

– «Qəm Pəncərəsi» filmindəki «Uşkol»a şagird toplamaq üçün nümayəndələr bu evin eyvanında çıxış edirdilər

Bəziləri işi yarımçıq saxlayıb, bizimlə söhbətə başlayır, mehribanlıq göstərirlər. Üsaməddin kişi deyir ki, 91 yaşlı anası ağır xəstədir, ona görə Şamaxıdan gəlib evin tavanının düzəldilməsində qardaşlarına kömək edir. Onun sözlərinə görə, kənd gündən-günə boşalır:

– 5-10 qonşudan başqa kimsə yoxdur. Ona görə məcburuq bir-birimizə kömək edək. Kömək etməsən, sabah problemin olanda tək qalacasan.

Üsaməddin kişi boşalmış, tərk edilmiş evləri də bizə göstərir. Bu evlərdən biri ayrıca diqqətimizi çəkir – «Atları yəhərləyin» filmində Qaçaq Nəbinin toy məclisinin təşkil edildiyi ev... daha doğrusu o evin həyəti... İndi həmin hündür evdən, sadəcə, çay daşlarından gözəl-gözəl hörülmüş divar və o günlərin xatirəsi qalıb.

Üsaməddin kişi daha sonra bizə başqa bir evi də göstərir – hələ tərk edilməmiş bir evi:

- «Qəm Pəncərəsi» filmindəki «Uşkol»a şagird toplamaq üçün nümayəndələr bu evin eyvanında çıxış edirdilər...

QOYUNLARI QAYNAŞDIRAN GƏVƏN KOLU...

Kəndi addım-addım gəzirik. Bir çox ev ya dağılıb, ya da qapısı qıfıllıdır. Dağın ətəyində qoyun otaran bir oğlan görürük. Oğlan durmadan qoyunların yanındakı kolları yandırır. Adı Vüsaldır. Ukraynanın Xmelnitski vilayətində yaşayır. Bura babasıgilə gəlib. Bu gün babasının əvəzinə kəndin heyvanlarını otlağa çıxarıb. Vüsal yandırdığı kolları göstərib deyir:
- Gəvən və ardıc kollarıdır. Yağlı olduğundan tezcə alışıb yanır. Bu kolların tüstüsü dişi qoyunları ehtirasa gətirir, tüstüyə düşən qoyunlar cütləşmək istəyir. Ona görə kolları yandırırıq. Artım üçün bu üsul lazım olur.

Vüsal deyir ki, kənddə onun yaşıdı, demək olar, yoxdur. Ancaq yaşlılar qalıb kənddə. Ona görə onun üçün ən xoş vaxt keçirmə yeri elə dağın ətəyində qoyun otarmaqdır.

HEYDƏR ƏLİYEVİN YAŞIDI

Üsaməddin kişi və anası

Üsaməddin kişi və anası

Dağdan enərkən Üsaməddin kişi ilə yenidən görüşüb, 1923-cü ildə, mayın 10-da doğulmuş anasına baş çəkirik. Qadın artıq eşitmə və görmə qabiliyyətini itirib. Biz orda olanda tat dilində durmadan nəsə deyib, ağlayırdı. Üsaməddin kişi anasının nə dediyini tərcümə etdi: «Mən müharibə vaxtı – 17-18 yaşımda belimdə ağac tinglərini aparıb Pirqulu meşəsini salmışam. Amma indi o ağacın qurusundan bizə vermirlər ki, yandıraq, qızınaq...».
XS
SM
MD
LG