Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 18:48
-

Mayın 16-da Milli Azərbaycan Tarixi Muzeyində «Dost ellərin hədiyyələri» sərgisinin açılışı olacaq.

BELƏ SƏRGİ İLK DƏFƏDİR AÇILIR

Muzeyin əməkdaşı Səbuhi Əhmədovun AzadlıqRadiosuna bildirdiyinə görə, sərgidə Azərbaycanın dövlət müəssisələri və görkəmli şəxsiyyətlərinə edilən hədiyyələr nümayiş olunacaq.

Muzey əməkdaşı belə bir sərginin ilk dəfədir təşkil edildiyini bildirir.

600-DƏN ÇOX NADİR EKSPONAT GÖSTƏRİLƏCƏK

Səbuhi Əhmədov əlavə edir ki, hazırda Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasında xarici ölkələrin 800-dən artıq eksponatı qorunmaqdadır.


Onların arasından sərgidə 74 ölkə və bölgəni təmsil edən 600-dən artıq nadir eksponat seçilib nümayiş etdiriləcək.

1944-CÜ İLDƏ TƏBRİZ AZƏRBAYCANLILARININ HƏDİYYƏSİ…

Ən birinci hədiyyə 1944-cü ilə aiddir və Təbriz azərbaycanlılarının o vaxtkı Azərbaycan SSR-yə hədiyyəsidir.

Ən çox hədiyyə (105 ədəd) Rusiya Federasiyası tərəfindən təqdim edilib.

BÜTÜN QİTƏLƏRDƏN HƏDİYYƏLƏR VAR


Eksponatlar sırasında bütün qitələrdən – Avropa, Asiya, Afrika, Cənubi və Şimali Amerika, Avstraliyadan olan hədiyyələr yer alıb.

Sərgidə ən şimal ölkədən - Norveçdən, ən cənub ölkəyə - Argentina və Braziliyaya qədər, ən soyuq bölgə Rusiyanın Tümen vilayətindən, ən isti ölkə Seneqala qədər, ən yaxın ölkə Gürcüstandan, ən uzaq Yaponiya və Kanadaya qədər olan xalqların hədiyyələrini görmək mümkün olacaq.

Burada siyasi xarakterli hədiyyələrlə bərabər, idman, mədəniyyət, sənaye yönümlü hədiyyələr də yer alacaq.

GEYİMLƏR DƏ, XALÇALAR DA, MUSİQİ ALƏTLƏRİ DƏ SƏRGİLƏNƏCƏK


Ekspozisiyada alban, bolqar, Çex, Qana, monqol, özbək, rumın, türkmən milli geyimləri sərgilənəcək.

Eyni zamanda, sərgidə əfqan, Belarus, rumın, İran, Mali, Misir, Moldova, kabardin-balkar, tacik, türkmən xalçaları nümayiş etdiriləcək.

Nadir hədiyyələr arasında rus, qazax, Kuba, Hindistan, Çin, Seneqal, özbək musiqi alətləri də təqdim olunur.

PREZİDENT HƏDİYYƏLƏRİ...

Ekspozisiyada, eləcə də, Rusiya Federasiyanın Prezidenti Vladimir Putinin, Meksika Prezidenti X. Lopez-in, Misir Ərəb Respublikasının Prezidenti Gamal Abdel Nasser-in, İran şahı Məhəmməd Rza Pəhləvinin, İndoneziyanın Baş naziri Sukarno-nun, İndoneziya parlamentinin spikeri Marzuki Alienin, Albaniyanın Baş naziri Ənvər Xocanın, Əfqanıstan şahı Məhəmməd Zahirin, Türkiyə Prezidenti Turqut Özalın xanımı Səmra Özalın hədiyyələri nümayiş etdiriləcək.

ÇÖRƏKDƏN DÜZƏLDİLƏN GÜL ÇƏLƏNGİ, DİVAR PARÇASINDAN KÜLQABI...

Sərgidə unikal hədiyyələr də sərgilənəcək: Tamaşaçılar italyan siyasi dustaqlarının (partizanlarının) həbsxanada çörəkdən düzəltdikləri suvenir gül çələngini, Almaniyanı iki hissəyə ayıran divar parçasından külqabını, ABŞ-ın ilk kosmonavtı Staffordun imzası ilə fotoşəkli, Qazaxıstandan qədim türk oyunu «9 kumalak»ı, Yaponiyadan samuray dəbilqəsini, Seneqaldan yay-ox və maskaları, Rusiyanın ilk sökülüb- yığılan velosipedini, Özbəkistanın nadir keramikasını, Çexiyanın nadir büllur qablarını, Tbilisinin fəxri vətəndaşının medalını, 1887-ci ildə buraxılmış ABŞ dollarını, İran sədəflərini, Hindistan musiqi alətlərini, Belarusun Brest qalasının müqəddəs torpağını, Baltikyanı ölkələrin rəssamlarının rəsm əsərlərini, 1924-cü il Braziliya pulunu, Çin keramika fiqurlarını, Əfqanıstandan mərmər masanı, fin bıçağını, İraq gümüş suvenirlərini, Kuba konyak dəstini, monqol ağac oyuncaqlarını, Myanma fiqurlarını, Ukrayna tikmələrini və s. də görə biləcəklər.

Sərgi sentyabrın 1-dək davam edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG