Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:05
-

- Çox təhlükəli insanlara küllü miqdarda borclandım... Onların ikisinin adı, gərək biləsiz, sonralar akademik Ziya Bunyadovun qətlində hallanmışdı...


Həmid Herisçi


ZAHİRİN “ZERO”SU


Təzəcə qələmə aldığım “Solaxay” romanımın baş qəhrəmanı qəribə bir sirrin iştirakçısıdır. Müalicə aldığı Moskva xəstəxanalarının birində o, bəzi tam məxfi tibbi təcrübələrdən keçirilir. Bəlli olur ki, romanın bu baş qəhrəmanı, şərti adı “Qabriel” olan bir başqa xəstəylə birgə eyni yuxular görür, eyni fantaziyaları bölüşür. Şad xəbəri qəfil aşkarlayan çoxbilmiş Moskva həkimləri qərara gəlirlər ki, bu vahid yuxular vasitəsiylə qeyb aləminə, paralel dünyaya daxil olub ordan gizli məlumatlar, öncəgörmələr almaq mümkündür. Necə deyərlər dəyirman işə düşür, gizli əməliyyat başlayır...Roman düşür öz axarına.

Mövzunu burda bir qədər genişləndirməyə məcburam- “eyni yuxu görənlər fenomeni” Şərq mistikasının əsas aparıcı xəttlərindən biridir. Nağıllarımızın əsas süjet xəttində də bu əcaib fenomen həmişə ön plandadır-nağıl qəhrəmanlarımız, sevgililər əvvəlcə eyni yuxu görüb orda bir-birilərinə aşiq olurlar. Nağıl dünyasının bu vacib epizodu sirli-sehirli “buta” kəlməsiylə işarələnir adətən: “ - Rəsul, bu qız Tiflisli Sənanın qızı Şahsənəmdir, bunu sənə buta verirəm, çox çəkməz bir-birinizə çatarsınız”.

Milyonlarla, milyardlarla insanın hər gün bölüşdüyü eyni həyat mənzərələri “reallıq” adlandığı kimi, iki-üç nəfərin öz aralarında bölüşdüyü yuxu da artıq yuxu deyil, bir başqa, belə deyək, “mistik reallıq”dır. “Eyni yuxu” vasitəsiylə qeyb aləminə rahat daxil olub, orda bir çox gizlinlərin sirrini tapmaq mümkündür. Qədim dərvişlər görünür qeyb aləminə məhz bu yolla daxil olarmışlar.

Şəms Təbrizini Cəlaladdin Rumiyə bağlayan sirr də məncə məhz burda-“eyni yuxu” fenomeni ətrafında axtarılmalıdır. Məşhur ingilis kimyagəri Con Din də, Edvard Kelli adlı “yuxu yoldaşı”nın vasitəsiylə ruhlar, mələklər aləminə girər, Kraliça Yelizaveta üçün ordan məxfi xəbərlər gətirərmiş. Azərbaycan xalq mistikasını araşdırarkən mən bu cür eyni yuxu görənlər fenomenini Bakının Qobu kəndində, xalq həkimi Səriyyə xanımın ocağında aşkarladım. Sonra bu cür oxşar təcrübəyə Cəlilabadda, Bakı kəndlərində də rastladım. Əsil “sirlər xəzinə”sini tapmışdım elə bil. Yubanmadan qələmə əl atıb bu mövzunu “Solaxay” romanımın əsas süjet xətlərindən birinə çevirdim. Öz yuxu yoldaşıma “Qabriel” adını qoydum. Gecəni-gündüzə qataraq bir gün romanı bitirib “Zero” nəşriyyatının direktoru, tanınmış naşir, jurnalist, yazar Zahir Əzəmətə təqdim etdim. Romanı vərəqlədikcə o, xeylax həyəcanlanlansa da əvvəlcə bunun səbəbini mənə izah etmək istəmirdi. Sonralar, romanın ilk siqnal nüsxəsi əlimə keçən vaxt, Zahirin ağzındakı ağır kilid açıldı nəhayət ki.

MİSTİK PORTRET

-Romanda yazdıqların, bil, tam həqiqətdi. Mənim də anam öz rəfiqəsi ilə birgə eyni yuxu görmüşdü bir dəfə. Bu möcüzəli məqam olmasaydı, bəlkə mən heç bu dünyaya gəlməzdim.- Zahir, başını bulayıb sonra tam sükuta qapıldı. Nəşriyyatdakı kabinetinin meşin üzlüklü qapısını arxadan kip örtərək qayıtdı öz yumşaq kreslosuna. Səbrimi azca imtahana çəkərək nəhayət dilləndi.

- Günümüzə-zadımıza bir bax bizim. Romanı vərəqlədikcə, sanki öz həyatımın sirrinə də agah olurdum, inan. Qəribədir...Görünür bu kitabı çap etmək də elə mənim qismətimə yazılıbmış.

Zahir, küncdəki “Samsunq” televizoruna uzaqdan əmr göndərərək, səsini xeyli aşağı saldı. Ekrandakı axşam xəbərlərinin dinamik, dəyişkən kadrlarına fikir vermədən başladı öz həyatının bax bu əzəl mübtədası barədə danışmağa. Yerimdəcə quruyub qalmışdım. Qulaqlarıma inanmırdım. Naşirim, romanımdakı bu əsas süjet xəttini bir başqa cür, fərqli şəkildə mənə danışdıqca, üzümdəki təəccüb ifadələri artırdı.

Daha ayırd etmək mümkün deyildi roman hardadı, Zahirin öz həyat xatirələri harda...

Bu cəlbedici, yaddaqalan həyat epizoduna söykənib, rəssam kimi fırçaya əl ataraq, Zahirin ilk, belə deyək “mistik portret”ini kətan üzərinə köçürürəm. Həmin bədii tabloda Zahirin anası öz rəfiqəsinin qulağına nəsə pıçıldayır. Rəfiqəsi mətləbə agah olduqca gözləri hədəqədən çıxaraq böyüyür. Ana bətnində yatan yavru isə artıq bir gözünü açıb, qulağını şəkləyərək öz dünyasından bu dünyaya baxaraq gülümsəyir.

*** Zahir Əzəmət

Zahir Əzəmət



-Valideynlərim yaşlıydı. Doğulmağımı istəmirdilər. Anam o vaxt öz rəfiqəsiylə məsləhətləşir. Qərara gəlirlər səhərisi gün Lənkəran gedib poliklinikaya səfər etsinlər. Gecəykən rəfiqələr eyni yuxu görüb eyni anda çarpayılarından dik atılırlar.

Zahirin üz ifadələri nə qədər sakitdirsə, barmaqları bir o qədər əsəbi, hərəkətlidir. Bu təzadı seçib görməyim, Zahiri qəfil diksindirir. Qorxur ki, belə davam etsə, mən onun başqa “qüsur”larını tezliklə aşkarlaya bilərəm. Özünü sındırmadan, fikirlərini büruzə vermədən, o:

-Rəfiqələr həmin gecə eyni yuxunun şahidinə çevrilirlər. Görürlər ki, nurani bir şəxs bir tas suyu yerə qoyub qəzəbli halda buyurur-“Uşağa toxunmayın. Dəydiz, qanınız getdi, qan çanağında boğulcaqsınız hər ikiniz”-deyərək, bütün əsəbiliyini yenə də barmaqlarına ötürür.

Mövzunun davamını burda artıq mənim dilimdən eşidin-tasdakı su, sanki elə bayaqdan bu sözləri gözləyirmiş. Bir göz qırpımında rəngini dəyişir. Olur qıp-qırmızı.

Həmin an Zahirin yaşlı anası tifilini tələf etmək fikrindən bilmərrə daşınaraq, zəhmətkeş əllərirylə öz qarnını...yoxxxx, belə deyək, ilk dəfə Zahiri qucaqlayır. Hiss edir ki, qarnındakı tifilin ürək döyüntüləri artıb. Ananın ürəyi, anındaca bu döyüntüyə alışıb uyğunlaşır, başlayır eyni ahəngdə-Zahir ahəngində vurmağa.

Zahirin “mistik portret”i bu nadir anda tamamlanır. Növbə gəlib çatır Zahirin bir başqa-real, həyati portretinə. Onu çəkmək üçün gərək molbertimdəki həm kətanı, həm rəngləri, həm fırçalarımı dəyişim.

REALİSTİK PORTRET

Zahir Əzəmət səbirsiz adamdı. Səbirsizliyi hələ ana bətnindən başlayıb, indi də davam edir. Zahir, gərək biləsiz, ana bətnini tərk edərkən altı aylıq tifilmiş. O qədər cıqqılı, kiçikmiş ki, ailədəkilər onu “Qaşıq” adlandırır, yazığa insan adı verməyə tələsmirdilər.

Zahirin havadarı, qoruyucu mələyi-bayaq barəsində danışdığımız həmin nurani şəxs, bir gün yenə anasının yuxusuna girib:
-Demədimmi uşağa toxunmayın? Eşitmədiz əvvəlki xəbərdarlığımı?-deyərək, anasının üzünə bir sillə vurmağı da özünə borc bilir.

Zavallı ana, yuxudan ayılaraq, tez özünü küncdəki gəlinlik güzgüsünə çatdırır. Solmuş çöhrəsində sillə izini aşkarlayınca tez qonşu otağa, uşağın beşiyi başına sıçrayır. Görür beşik boşdu...

Ana, bir də gözünü açınca görür eşikdə, həyətdədir. Görür anası, əlində bir əski bükülüsü, aha, addımlarını sürətləndirib darvazaya tərəf tələsir, uşağı yol kənarındakı zibilliyə tullamaq istəyir... Hə...ana dönür dişi aslana, irəli cumaraq “Qaşığ”ı düşmən caynağından qurtarır. Hiss edir ki, belə olmaz, uşağa adam adı verməyin indi tam vaxtıdır. Hadisələrin dramatizmi kəlləçarxa qalxaraq öz kulminasiya nöqtəsinə çatır-körpəyə elə həmin gün indiki Zahir adını verirlər.
-Bilmirəm niyə, həmin günü-18 iyunu, doğum tarixim kimi pasportuma həkk ediblər. Bu tarixə həmişə kinayə ilə baxmışam. Həmişə fürsət gözləmişəm öz həqiqi doğum günümü-25 aprel tarixini, xüsusi təmtaraqla qeyd etməyə. Bu arzuma çox... çox sonralar, elə bu günlərdə qovuşdum. Sanki iki fərqli Zahir var daxilimdə-biri apreldə doğulub, digəri iyunda.

Zahir, kürəyini divara söykəyərək bir an gözlərini yumur. Daxilindəki iki fərqli insanla özünü növbəylə eyniləşdirsə də, axırda qəti seçimini bildirmir. Sakitcə davam edir:

15 yaşınadək kənddə qaldım. Məktəbdə elə ilk sinifdən öz savadım, mütaliə dairəmlə başqalarından seçilirdim. 14 yaşındaykən, belə deyək də, lap ağ etdim, cəhd göstərdim, yadımdadır, Kark Marksın “Kapital”ını oxumağa.

“Kapital”ı oxumaq cəhdiylə Zahirin həyatında yeni dövr başlayır. O, məktəbi fərqlənmə ilə bitirib, AZİ-nin, indiki dillə desək, ADNA-nın Mingəçevir filialına daxil olur. Hadisələr dramatik 90-cı illərin əvvəlində baş verdiyi səbəbdən Zahir, Mingəçevirdə “həyat universiteti” də keçmək məcburiyyətində qalır. Lənkaranlı, özünüz cavab verin sualıma, nə edəcək ən ağır, pulsuz vaxtlarında, hə? Cavab verirəm öz sualıma-götürüb Lənkəran limonu satacaq düşdüyü qərib yerlərdə. Zahirin çətin vaxtlarında da bu möcüzəli limonlar Zahirin köməyinə gəlir. Zahir atasının qəpik-quruşuna Lənkarandan limon və s.i. və ilaxır gətirərək şəhərdə xırıd edir. Ənənəvi Azərbaycan süjeti işə düşür bu zaman-şəriyi, əziz dostu Zahirə necə deyərlər, “atıb” qaçır Rusiyaya.
Sözü verək burda Zahirin özünə:

- Çox təhlükəli insanlara küllü miqdarda borclandım... Onların ikisinin adı, gərək biləsiz, sonralar akademik Ziya Bunyadovun qətlində hallanmışdı. Nə deyim...qəribədir, həmin xatakarlar təxminən eyni vaxtda həm mənə təzyiq edirdilər, həm də mərhum akademikə. Lakin tapancalarını mənə deyil, akademikin başına sıxdılar. Çaşmışdım. Çıxış yolu kimi intiharı seçdim. Bazardan kəndir aldım. Saldım boğazıma. Otağımda təkdim.

ZERO

Sonrakı dramatik hadisələrin başgicəlləndirici dolanbaclarını, kor dalanlarını indi qələmə almağa tələsmirəm. İstəyirəm sizi azca həyəcan içində saxlayım, yazımın lap axırında təsvir etdiyim bu hadisənin son aqibətini, nəticəsini, çözümünü diqqətinizə çatdırım. Zahir barədə yazımın ən həlledici bu dar məqamında istəyirəm bütün diqqətinizi bir başqa hadisəyə zilləyim indi.

Zahirə məxsus “ZERO” nəşriyyatının adı yox yerdən, elə belə yaranmayıb, məncə. Kazinolarda “ZERO” işarəsi ya oyunçuya qələbə gətirir, yaxud qumarxananın özünə. Burda, ya oyunçu var-yoxdan çıxıb sıfırlanmalıdır. Yaxud kazino özü.

Fəlsəfi mənada “ZERO”, hər insanın bir gün öz acı taleyi ilə təkbətək oyunu, dəqiq desək ən çətin vəziyyətdə belə, həmin oyunu davam etdirmək bacarığı, istedadıdır. Zahir ilk dəfə belə vəziyyətə, yuxarıda qeyd etdiyimiz kimi, hələ ana bətnindəykən düşüb. Mistik, paralel aləmdəki nurani havadarının köməyi ilə “ZERO”da öz taleyini lazımı istiqamətə çevirib. Sağ qalıb ən nəhayət. “ZERO” vəziyyətinə Zahir növbəti dəfə anası vəfat edərkən, 1993-cü ildə qayıdıb. Tale qarşısındakı həmin növbəti imtahanını Zahir belə təsvir edir indi:

-Çox ağlamışdım həmin axşam. Əynimdəki nimdaş yun köynəyimi soyunub bir kənara atdım, ağzımda siqaret kötüyü, köhnə divanımız üzərinə çökdüm. Özümdən biixtiyar göz qapaqlarım ağırlaşıb yumuldu. Yatdım. Yuxudan durunca gördüm ki, siqaretimin közü əvvəl yun köynəyimi alışdırıb, sonra bütün ətrafımı. Yanıb külə dönməyən bir məndim, bir də altımdakı köhnə divanımız, vəssəlam. Evdə nə varsa, odlanıb yanmışdı. Həm mən, həm o nimdaş divan, görünür öz missiyasını axıracan həyata keçirməyibmiş o vaxt. Hər ikimizin sağ qalmaq səbəbi də elə buydu, məncə.

Zahir bu an öz adətincə sağ əliylə arxadan saçlarını darayır. Azca düşünüb sonra yenə mövzunu davam etdirir:

-Həmin köhnə divanımız öz son sözünü əskərlikdən qayıtdıqdan sonra dedi mənə. Yuxudan ayılıb gördüm ki, başım üzərində iki qutu “Astra” siqareti dayanıb məni gözləyir. Atamla aramda pərdə vardı-yanında siqaret çəkməmişdim indiyəcən. Həmin gün atam, kasıbçılığımı, siqaretsizliyimi görüb ürəyi yanmışdı mənə. Siqaretləri alıb qoymuşdu başım üstünə. Siqareti götürsəydim, münasibətlərimiz dəyişməliydi. Atam bir növ yanında siqaret çəkməyə icazə verirdi mənə. Bunun bircə adı vardı-kasıbçılıq, vəssəlam. Bir an tərəddüd içində çırpındım. Tərs taleyimin bu gözlənilməz təklifi ilə qətiyyən barışmırdım. Siqaretlərə gah əl atdım, gah barmaqlarımın ucuyla geri itələdim. Atamla münasibətlərimdə bu cür dönüş yaranmağının tərafdarı deyildim. Siqaretlərdən imtina etdim. Qaldılar öz yerlərində. Həmin nimdaş divanın yuvarlaq yumşaq başı üstə. Divan, bu missiyasını həyata keçirtdiyindən həyatımızdan silinib itdi.

-Hara getdin sonra?- boğazım qurumuşdu deyə, sualım tam yad səslə dodaqlarımdan qopub həm məni, həm Zahiri təəccübləndirdi. Elə bildik aramızda kimsə var. Ora-bura eyni vaxtda zillənib şübhələrimizn yersiz olduğunu anladıq. Kabinetdə bizdən başqa kimsə yoxdu. Zahir, başını sağa-sola hərlədikdən sonra sualıma cavab verdi:

-Gəldim Bakıya. Üç gün dəmiryol vağzalında gecələdim. Cibimdə cəmi bir “məmməd” vardı. Üç gün sonra onu xərcləmək qərarını verəndə özümə, bir də gördüm ki, səyyar qəzet satıcısı gəlib oturdu düz böyrümdə. Bunu, tale işarəsi kimi qəbul etdim. Qoşuldum səyyar qəzet ticarətinə. İlk iki ay çətin oldu mənimçün. Vağzalda gecələyərkən özümü həyatın dibində hiss edirdim. Mənə metroda dilənən qaraçılar kömək etdilər-apardılar Razindəki evlərinə, qonşuluqda bir ucuz ev tapdılar. Sonra “Elin səsi” qəzetində Ədalət Əskəroğlu ilə tanış oldum. Qərara gəldim qəzetlərə “Ədəbi əlavə”lər hazırlayım.

-Demək öz siqaretini çəkmisən həmişə, eləmi? –sualım Zahirə xoş gəlir. Üzünə təbəssüm işartısı qonur.

-Bəli. Başqalarının siqaretini çəkmərəm adətən. Ən çətin anda belə...

-Yaxşı, Mingəçevirdəykən bazara gedib ip, sabın almışdın özünə. Kəndiri qarmağa keçirmişdin axı. De, axırı necə oldu bu əhvalatın, hə?

Zahir o mənzərəni xatırlayınca sifəti dəyişir.

-Hə... kəndiri keçirdim boğazıma. Kətili təpiklə ayaqlarım altından itələdim. Bədənim bir an kəndirdə qalıb silkələndi. Bu vaxt qapı açıldı qəfil. Otaq yoldaşım Vüqar içəri daxil oldu. Ardını day danışmaq istəmirəm.

Düzü, söhbətimizin bu incə məqamında mən də susmaq qərarına gəldim. Sözü verdim müqəddəs kitabların ixtiyarına.

Orda, görün, bu barədə nə deyilir. “ZERO” işarəsinə sahib olmaq ixtiyarı məncə Zahirə elə-belə verilməyib:

“Hər kim Allahın dünyada və axirətdə ona (Öz Peyğəmbərinə) kömək göstərməyəcəyini zənn edirsə, qoy göyə (evinin tavanına) bir ip uzatsın, sonra da (ipi boğazına salıb) kəssin (özünü ondan assın) və görsün ki, onun bu hiyləsi qəzəbinə səbəb olan şeyi (Allahın peyğəmbərə göstərəcəyi yardımı) aradan qaldıra bilərmi?”

مَنْ كَانَ يَظُنُّ أَنْ لَنْ يَنْصُرَهُ اللَّهُ فِي الدُّنْيَا وَالْآخِرَةِ فَلْيَمْدُدْ بِسَبَبٍ إِلَى السَّمَاءِ ثُمَّ لْيَقْطَعْ فَلْيَنْظُرْ هَلْ يُذْهِبَنَّ كَيْدُهُ مَا يَغِيظُ

(“Həcc” surəsi, 15-ci ayə).

“ZERO” dünyasına daxil olmanın, görünür, öz qəliz şərtləri var. Belə məqamlarda güman ki, kəndir də adamın boğazına keçməlidir. Qapı qəfil taybatay açılmalı, dostun səni aşkar ölümün pəncəsindən qurtarmalıdır.

İndi özünüz düşünün - Zahirin hansı portretini onun kabinetinin divarından asaq?

Mistik portretinimi layiq bilək buna? Yoxsa real şəklini?

Düşünün azca bu barədə. Seçim edin özünüzçün. Mistikanımı seçirsiz, yoxsamı reallığı?

Aktual.az

Günün bütün mövzuları

XS
SM
MD
LG