Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:09

Esmira Məhiqızı. Gedirəm


Esmira Məhiqzı

Esmira Məhiqzı

-

“Ədəbi Azadlıq-2014” Milli Müsabiqəsinin 10-luğuna keçmiş Esmira Məhiqızıdan şeirlər.

Qısa siyahıya keçən bütün yazarların əsərləri bundan sonra “Seçmə şeirlər” rubrikası üçün saxlanmadan, yəni “Oxu zalı”na göndərilən kimi çap ediləcək.



Esmira Məhiqızı


***


axşama bulud var gözlərimdə,
sabaha külək var saçlarımda.
içimdə ən böyük yerdi ürəyim -
bütün enişlərə.
və bütün enişlər ürəyimə düşür.
hansını deyim, qadam...?
qaranlıq bir düşür,
ayrılıq bir düşür,
bənövşələr də ki həmişə düşür.

irəlidə qaranlıq var ürəyimdə,
irəlidə ürəyim var qaranlıqda.

heç bilmirəm hansı fəsili sevirəm indi,
fəsil adında nə var dünyada?
gül var, isti var, soyuq var...

soyuq bir fəsildi elə-
torpağın soyuğudu bütün soyuqlar,
torpağın üzüdü bütün qəbirlər,
torpağın üzü kimi soyuyuram.

elə gün olur ki,
qəbir olduğumu düşünürəm.
elə gün olur ki,
həyata qəbirlərdən düşürəm.
ilin on iki ayında itirdiklərim var,
nə çoxdur itirdiklərim-
mən... sən... o... onlar.

heç yoxluğumu da fərq etmir anam,
elə bilir ki... varam.

axşama bulud var gözlərimdə,
sabaha külək var saçlarımda.
salamlar sıralanır əllərimdə,
vidalar boyun büküb ovuclarımda.
salamlarla vidaları qarışdırıram.
bir ovuc duadı ömür,
bir ovuc ömürdü dualar.

mən ən çox anama yanıram...
nə baharlarını soruşuram,
nə payızlarını...
bilmirəm nə söyləyim.
o biri oğlununun da tabutu üstünə gedəndə,
bircə söz söylədi güllə kimi:
vurun məni, öldürün!
bu önsözdü hələ-
küləklərə, buludlara, anama...
bir də itirdiklərimə,
bir də balalarıma.

üəryimə eniş elədikcə ayrılıqlar,
ürəyimi çaldıqca ağrılar,
öz-özümə deyirəm:
eyyy dəli qız, səndə də yaşayış var!


***


Mən belə gedirəm, belə yüyürür,
mən belə gəlirəm, gələ yüyürür,
elə ayaq açıb, elə yüyürür-
məni ötüb gedir dərdlərim belə.

Sözü də çürüdür, çürüdür söz-bez,
dərdin dumanında yolu sez ki sez,
əvvəl dalaşardım, küsərdim tez-tez-
indi barışmışam dərdlərim ilə.

Bir yola düşürəm, yol dərdə çıxır,
ol dərddən başlayır, öl dərdə çıxır,
üz tutub hayana getsəm də, axır -
mən gedib çıxıram dərdlərimgilə..

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG