Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:38
-
Mədəniyyət və Turizm Nazirliyinin turizm sahəsi üzrə «Ümumi Mədəni İrs Şəhərləri» adlı layihəsinin ekspertləri cari ilin 9-13 may tarixlərində ölkənin Ağsu, Qəbələ, Şamaxı, Şəmkir və Gəncə şəhərlərində mədəni turizm potensialının araşdırılması məqsədilə səfərdə olublar.

Mədəniyyət və Turizm Nazirliyinin yaydığı xəbərə görə, ekspertlər--tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli və turizm üzrə mütəxəssis Tərlan Quliyevdir.

Layihəyə uyğun olaraq, ekspertlər Bakı-Qəbələ-Şamaxı-Gəncə-Şəmkir-Ağsu-Bakı istiqamətində hərəkət edərək Azərbaycanın türk-islam mədəniyyətinin (Ərəb xilafəti, Şirvanşahlar, Şəddadilər, Səlcuqlu, Elxani, Cəlair, Teymuri, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi, Əfşar, Qacar və Osmanlı dövlətlərinə məxsus) izlərini daşıyan 5 şəhərində 50-yə qədər tarixi abidə ilə, eləcə də, bu bölgələrin islam mədəniyyəti və tarixi irsi ilə yerindəcə tanış olublar.

Türkiyədə olduğu kimi, bu şəhərlərdə də ekspertlər araşdırma və təhlillərlə yanaşı, arxeoloji abidələr və onların turizm baxımından əhəmiyyəti ilə bağlı sorğular da keçiriblər.

Səfər zamanı peşəkar fotoqraf tərəfindən fotolar çəkilib, geniş fotobank yaradılıb.

Ekspertlər tərəfindən daha əvvəl toplanmış və səfər zamanı əldə olunmuş araşdırma materialları birləşdirilərək ölkənin arxeoloji-mədəni turizm potensialına dair hesabat hazırlanacaq.

Birinci mərhələnin davamı olaraq, iyunda Qazaxıstan və Özbəkistan Respublikalarının arxeoloji turizm potensialı olan mədəni irs şəhərlərində də oxşar araşdırmalar aparılacaq.

Bu layihə İslam Əməkdaşlıq Təşkilatının Layihə Dövrünün İdarəedilməsi sistemi çərçivəsində həyata keçirilir və 4 ölkədə (Azərbaycan, Qazaxıstan, Özbəkistan və Türkiyə) turizm potensialının araşdırılmasını, bu ölkələri birləşdirən ortaq turizm məhsulunun yaradılmasını əhatə edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG