Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:52

İmişlinin Məzrəli kəndində Nikolaydan qalma uşaq bağçası yenilənib


-
Bu dəfə güllər, gülüşlər də təbii idi, bir-birilə görüşüb hal-əhval tutan insanlardakı səmimiyyət də. Balaca uşaqlar gənc, orta və ahıl yaşlılarla bir sırada dayanmışdı. Onların bəziləri ilk dəfə idi ki, evlərindən, məhəllələrindən bayıra- “adam içinə” ayaq açırdı. Bir neçə gündən sonra bu uşaqlar istifadəyə verilən uşaq bağçasında ictimai tərbiyəyə cəlb ediləcək...

QAMIŞ ÇƏPƏRLƏR ARXASINDA AVROPA TƏMİRLİ BİNA

İmişli rayonunun Məzrəli kəndində yenidən qurulan uşaq bağçasındayıq. Buradakı illər öncəki şərait görənləri vahimələndirirdi: tərbiyə müəssisəsi çar Rusiyası dövründən qalan “zastava”da, at tövləsinində fəaliyyət göstərirdi.

Ötən ilin iyulunda buradakı köhnə tikililər söküldü və bağça üçün yeni binanın inşasına, həyət-bacasının abadlaşdırılmasına başlanıldı. Mayın 14-də istifadəyə hazır olan obyektin təntənəli açılışı keçirildi. Tədbirə İmişli rayon İcra Hakmiyyətinin, yerli idarə və müəssisələrin, hüquq-mühafizə orqanlarının məsul vəzifəli şəxsləri də qatılmışdı.
yeni təmirdən çıxmış baxçanın azyaşlıları
yeni təmirdən çıxmış baxçanın azyaşlıları
Rəsmilərin bəlağətli çıxışlarını zəhmli edən səsgücləndirici, bir də polis uniformalı şəxslər azyaşlıları qorxuya salır, onlar nənə və babalarının əhatəsində belə ağlamsınırdı. Müasir üslubda tikilmiş, Avropa təmirli binanı sakinlərin ev təsərrüfatından qamış çəpərlər ayırırırdı. Bu, ölkənin iqtisadi potensialı ilə əhalinin yaşayış səviyyəsi arasındakı uyğunsuzluğun göstəricisi kimi də qəbul oluna bilər. Kim bilir, bəlkə uşaqları diksindirən elə fərqli mühitə düşmələri idi...

“RAYONUN ƏN BÖYÜK KAPİTALI ONUN QURUCU, YARADICI İNSANLARIDIR”

Yığıncada çıxış edən İmişi RİH başçısı Vilyam Hacıyev Məzrəli kəndinin sakinlərini təbrik edərək dedi: “İmişli Azərbaycanda yeganə kənd rayonudur ki, onun saxlanılması üçün mərkəzləşdirilmiş büdcədən dotasiya ayrılmır. Rayonun ən böyük kapitalı onun qurucu, yaradıcı insanlarıdır. Onlar - xüsusilə fidan balalarımız hər cür qayğı ilə əhatə olunmalıdır. Artıq rayon mərkəzində də 3 yeni bağça binasının tikintisinə başlanılıb”.
Vilyam Hajıyev uşaqlarla
Vilyam Hajıyev uşaqlarla
Həyəcanını gizlədə bilməyən bağça müdiri Mariya Lauşova yarı Azərbaycan, yarı rus dilində tərbiyə müəssiəsinin kollektivi adından bu işdə zəhməti keçən hər kəsə minnətdarlıq etdi.

Bağçadakı təmir-tikinti işləri büdcə vəaiti hesabına aparılsa da, həm rəsmilər, həm də sakinlər daha çox “Heydər Əliyev Fondu”nun prezidenti Mehriban Əliyevaya minnətdarlıq etdilər.

BÖYÜKLƏRİN UŞAQ OLMAQ İSTƏYİ
Baxçanın əvvəlki binası
Baxçanın əvvəlki binası
Yenilənən bağçada məşğələ, oyun, tibb və yataq otaqları, musiqi və gimnastika zalı, mətbəx, sanitar qovşağı var, bina istilik sistemi ilə təchiz olunub. Həyətdə oyun, əyləncə, idman qurğuları var.

Kənd sakini, təqaüdçü Sofiya Babayeva sevincini bizimlə bölüşür: “Mənim nəvələrimdən dördü bu bağçaya gələcək. Onlardan ikisi əkizdir. İndi bu şəraiti görəndə adam özü də uşaq olmaq istəyir.”

İmişli RİH başçısı Vilyam Hacıyev də azyaşlılarla birgə şeir dedi, onlarla zarafatlaşdı.
Bağça cəmi 40 yerlikdir. Amma Məzrəli inzibati ərazi dairəsi üzrə məktəbəqədər yaşda olan uşaqların sayı 500 nəfərdən çoxdur.
XS
SM
MD
LG