Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:07

Əli Kərimlinin izlənməsi videolentə alınıb


Əli Kərimli
Əli Kərimli
-
Mayın 15-də Azərbaycan mediası nədən yazır? AzadlıqRadiosu qəzetlərdə və internet resurslarında dərc olunan ən maraqlı yazıarın qısa xülasəsini təqdim edir

ƏLİ KƏRİMLİNİN İZLƏNMƏSİ ANBAAN

Meydan TV AXCP sədri Əli Kərimlinin izlənməsinə dair video yayıb. Meydan TV-nin əməkdaşı onu evindən çıxıb RATİ-nin ofisinə qədər çəkib və bir avtomobilin Əli Kərimlini izlədiyini lentə alıb. AXCP sədri izlənilməsi ilə bağlı məlumatlı olduğunu deyib və 10 gündür açıq-aşkar izlənildiyini vurğulayıb.

“BELƏ BİR DÖVRDƏ SƏDRLİK HEÇ DƏ ASAN DEYİL”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov “Media forum” saytının suallarını cavablandırıb.
“Avropa bu gün çox çətin, gərgin və böhranlı bir dövrünü yaşayır. Azərbaycan Avropa Şurasının Nazirlər Komitəsinə - 47 ölkəni birləşdirən bir təşkilata məhz belə bir dövrdə sədrlik etməyə başlayır. Bu o qədər asan olmayan, amma çox şərəfli, əhəmiyyətli bir məsələdir. Bu gün Avropada müxtəlif tendensiyalar müşahidə olunur. Həm iqtisadi böhran, həm də Rusiya-Ukrayna məsələsi ilə bağlı siyasi böhran mövcuddur. Digər tərəfdən Avropanın dünyada gedən prosesləri nə qədər obyektiv qiymətləndirib-qiymətləndirmədiyi göz qabağındadır. Avropa təşkilatlarında ikili standartlar baş alıb gedir. Azərbaycanın belə bir çətin və mürəkkəb dövrdə Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etməsi heç də adi, asan iş deyil. Azərbaycan həmişə çox ciddi, məsuliyyətli və düşünülmüş addımlar atıb, bundan sonra da atacaq”.

“HUMAN RIGHTS WATCH”UN BƏYANATINA RƏSMİ REAKSİYA
Human Rights Watch
Human Rights Watch
Milli Məclisin vitse-spikeri Bahar Muradova Teleqraf.com-a “Human Rights Watch” hüquq-müdafiə təşkilatının Azərbaycanla bağlı hazırladığı hesabatda ölkədə demokratiya və insan haqlarının durumunu tənqid etməsi barədə sualı cavablandırıb:
““Human Rights Watch” təşkilatı bu və ya digər məsələlərlə bağlı hər zaman Azərbaycana qarşı münasibətdə qərəzli və ədalətsiz mövqe tutub. Bu təşkilat o zaman bəyanat verir ki, Azərbaycanda hansısa mühüm siyasi hadisə baş verir, siyasi aləmdə canlanma müşahidə edilir və s. Hansısa siyasi və ya qeyri-siyasi hadisə olanda “Human Rights Watch” kimi beynəlxalq təşkilatlar Azərbaycana qarşı qaralama kampaniyasına start verirlər. Təəssüf ki, belə bir qurum hansısa siyasi hadisədə özünün bir vasitə kimi istifadə olunmasına imkan verir və məmnuniyyətlə bu prosesdə iştirak edir. Nəzərə alsaq ki, Azərbaycanın Avropa Şurasının Nazirlər Kabinetinə sədrlik dövrü başlayır, bu cür hesabatların məqsədi və məramı da aydın olur.


“BİZ İSTƏSƏK, AZADLIQ MÜMKÜNDÜR...”

Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) lideri Mahmudəli Çöhrəqanlı “Yeni Müsavat” qəzetinə müsahibəsində Azərbaycanın İranla münasibətlərin mülayimləşməsi fonunda Bakıya səfərinə əngəl yaradılmasının mümkünlüyü barədə sualı cavablandırıb:

“Bu gün Güneyimiz və vətənimizin başqa bölgələri azad olmasa da, mərkəzi Bakı olan quzey bölgəsi Birləşmiş Millətlər Təşkilatının rəsmi üzvüdür. Sizlər də yaxşı bilirsiniz ki, hər bir dövlət başqa bir dövlətdən çəkinmədən və ya icazə almadan eləyə bilər ki, insanları qonaq qəbul etsin. Şəxsim və başqanlığını etdiyim təşkilatım tarixi boyunca uluslararası hüquq prinsiplərinə əsasən heç bir illeqal əmələ baş vurmayıb, barışcıl və Qandi metodlarından başqa yollara əl uzatmamışıq. Bütün bunları göz önünə aldığımızda Bakıya girişimizin əngəllənməsinin məntiqi şəkildə açıqlaması ola bilməz. Vətənə gəlmək istəyirik və ümidliyik, qısa da olsa gəlib gözəl Bakımızı görmək və xalqımızı yaxından hiss etmək inanıram ki, mənə böyük ruh verəcək”.

“KRIMDA XALQ ÜSYANI BAŞLAYA BİLƏR”

Krım tatarlarının lideri Mustafa Cəmilov “Bizim Yol”a müsahibəsində deyib ki, bir neçə min Krım tatarı ailələri ilə birlikdə Krımı tərk ediblər. “Saymazlıq davam edəcəksə, xalqın qarşısında durmaq mümkün olmayacaq – mən situasiyanın nəzarətdən çıxacağından ehtiyat edirəm”.

BÜDCƏNİN YARISI TİKİNTİYƏ XƏRCLƏNİB
Bakı
Bakı
“Azadlıq” qəzeti 2013-cü il dövlət büdcəsinin icrasına dair Maliyyə Nazirliyinin açıqladığı hesabatdan yazır. Büdcə xərclərinin təxminən yarısını investisiya xərclərinin təşkil etməsi rəsmilərin səsləndirdikləri fikirlərlə üst-üstə düşmür, yazır qəzet. Belə ki, rəsmilər son illər investisiya xərclərinin azaldığını iddia edir. İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, bu layihələr həm korrupsiya mexanizmi, həm də sosial gərginliyin azaldılması layihəsidir.

PREZİDENT “THE BUSİNESS YEAR” NƏŞRİNƏ MÜSAHİBƏ VERİB


AzerTAc: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “The Business Year” nəşrinə müsahibəsində növbəti 5 il üçün prioritetlərini açıqlayıb:
“Hazırda dünyada sosial gərginliyin, işsizliyin və yoxsulluğun artması fonunda Azərbaycanda tam əks proseslərin müşahidə olunması - sürətli inkişaf, tərəqqi, əhalinin rifahının yüksəlməsi, ictimai-siyasi sabitlik, milli həmrəyliyin möhkəmlənməsi və s. düşünürəm ki, 2013-cü il prezident seçkilərinin taleyini həll edən başlıca amillər olub... Azərbaycan xalqı öz seçimi ilə həm bu günədək həyata keçirilən siyasətə, həm də gələcək fəaliyyətimizə öz dəstəyini ifadə edib.
Gələcək planlarımız böyükdür, qarşıda həlli vacib olan mühüm məsələlər vardır. Azərbaycanın mövcud potensialının daha da gücləndirilməsi, rəqabətədavamlı iqtisadiyyatın formalaşdırılması, müasir cəmiyyət quruculuğu, əhalinin sosial rifahının yüksəldilməsi, xarici siyasət prioritetlərinə uyğun olaraq beynəlxalq aləmdə mövqelərimizin möhkəmlənməsi, ölkə daxilində korrupsiyaya, rüşvətxorluğa və digər mənfi hallara qarşı sistemli mübarizənin gücləndirilməsi, vətəndaş cəmiyyətinin inkişafı və digər sahələr üzrə tədbirlər bundan sonra da ardıcıl şəkildə davam etdiriləcəkdir”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG