Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 05:04

Rasim Qaraca. Yeni şeirlər


Rasim Qaraca
Rasim Qaraca
-

Rasim Qaraca


APREL ŞEİRLƏRİ


*
Benzin dolduran maşının içində oturub
siqaret çəkən bir insan anlayar məni...
Saatını bilərəkdən 10 dəqiqə irəli quran,
ancaq bunu heç vaxt yadından çıxartmayan,
sadəcə belə edərkən
zaman adlı hakimə boyun əyməyən bir insan...
Aradabir dönüb öz kölgəsinə baxan,
ən böyük əyləncəsi şütüyən maşınları arasından keçmək olan biri...
Siqaretini səbətin düz ortasına fırladan adam, bax o,
yalnız o, anlayar məni...

*
Bir sevgi olayında silinən bu qadın
indi yenidən çəkir özünü
pənbə dodaq boyasıyla

*
Qadınlar gözəldir,
yeni qadınlar daha gözəl

*
Boşunadır hər şey boşuna
yaşamaq da bir iş idi
gəldi başına

*
Eyy,
yeri-göyü yaradan
rəssam ..!

*
Sadəcə pıçıldadım,
dalğalandı pambıq tarlası,
yenicə çərtilmiş qozalarda bəyaz bir gülümsəmə...
Dua kimidir sənin adın

*
Dəmirin qoxusu var,
insan bunun fərqinə varır
yalnızlıq onu saranda
və zaman gəlib-gəlib durğunlaşanda.
Ölümün də rəngi olur
ay soyuq-soyuq parıldayanda,
maşınların səsi eşidilməz olanda...
Boşluq anlam qazanır
ilbə-il təkrarlananda...

*
Maşınlara sıçar şəhərli quşlar
baxıb dodaq büzər səhradakılar...

*
Ona pul verənlərə
yavaşca “ş” deyən
beləcə təşəkkür edən
bu uşaq

*
Xəstəxanadan yazıram bu məktubu dostlar,
sizin dünyanızda nələr var?
Mənim dünyamdasa
pəncərədən süzülən damlalar,
yağmursuz günlərdə belə...

*
Dünyanı təsvir et mənə,
dənizi, göyüzünü, quşları,
bilmək istəyirəm, eynidirmi onlar,
mənim öz dünyamdakılarla...

*
Bu, qəlb deyil artıq,
qəlbin müsvəddəsidir,
bir halda ki adın yazılmış oraya
və sonra da pozulmuş...
XS
SM
MD
LG