Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:06

Nehrəm sakini: «Cənab sədr, bizə su verin!»


«Cənab sədr, bizə su verin!».

«Cənab sədr, bizə su verin!».

-
Naxçıvanın sakini Vəfadar Eyvazov yaşadığı Nehrəm kəndindəki su problemini diqqətə çatdırmaq üçün orijinal üsul seçib. O, yaxasına asdığı lövhədə Naxçıvan Ali Məclisi sədri Vasif Talıbova ünvanlanmış bir şüar yazıb: «Cənab sədr, bizə su verin!».

«XALQA ÇÖRƏK VERMƏK İSTƏYİRİK, QOYMURLAR»


Vəfadar Eyvazov deyir ki, qardaşı ilə birlikdə 20 hektara yaxın ərazidə taxıl əkib. O bildirir ki, kənddəki əkin suyu ilə bağlı problem onlardan da yan keçməyib:

«Su var, qəsdən vermirlər. Ayın axırı arpa biçiləcək, indiyə qədər bir dəfə də olsun suvara bilməmişik. Bircə dəfə payızda əkin suyu vermişəm. Halbuki, yaz açılandan bəri 3-4 dəfə suvarmalı idik. Şərait yaratmaqdan ki, öz taxılımız olsun, əksinə, maneə yaradırlar. Buğda əkib, xalqa çörək vermək istəyirik, qoymurlar. Hər yerə şikayətə getmişəm, xeyri olmayıb. Məqsədləri Naxçıvanı boşaltmaqdır. Konkret gəlib demirlər ki, tərk edin Naxçıvanı. Bu yolla məcbur edirlər ki, çıxıb gedək».
«KƏNDİN ÇOXUNU TALIBOVLARIN QOHUMLARI ƏKİB»

Vəfadar Eyvazov deyir ki, sadə kənd camaatı su qıtlığı yaşasa da, məmurlar öz sahələrini rahat suvara bilirlər:

«Bizim kəndin çoxunu Talıbovların qohumları əkib. Bir hissəsini də yerli məmurlar əkib. Onların yerinə su rahat gedir. Yazıq camaat da batır. Yeganə dolanışığımız kənd təsərrüfatıdır, buna da imkan vermirlər. Su verməyəcəklərsə, taxıl üçün subsidiya niyə ayrılır? O vaxt Heydər Əliyev Nehrəmdə su probleminin həlli üçün milyonlarla pul ayırdı. Hanı? Hamısını yedilər, indi susuz qalmışıq. Mən də məcbur qalıb etiraz səsimi bu cür çatdırıram».

Nehrəm kənd icra nümayəndəsi Təvəkkül Ələkbərov Vəfadar Eyvazovun etirazına münasibət bildirmək istəmədi. Ancaq o, bir neçə gün öncə AzadlıqRadiosuna bildirmişdi ki, Nehrəm kəndində əkin suyu ilə bağlı heç bir problem yoxdur.

Babək rayon Su Təsərrüfatı İdarəsinin rəhbəri Yəhya Quliyev də Nehrəmdə əkin suyu ilə bağlı heç bir problemin olmadığını bildirdi. O, suyun yalnız məmurların əkin sahəsinə verilməsi ilə bağlı deyilənləri təkzib etdi.
XS
SM
MD
LG