Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:44

Masallıda bir çox uşaqların adını yaza bilmədiyi Ərəb kəndi...


Ərəb kəndində tibb məntəqəsi
Ərəb kəndində tibb məntəqəsi
-

Masallının Ərəb kəndi Bakı-Astara yolunun 16 kilometrliyində, Xəzər dənizinin yaxınlığında yerləşir. Kəndə qədər yol asfaltlanıb. Sonradan öyrəndik ki, bu yolu kəndin imkanlı adamları çəkib. Kəndin 400 hektara yaxın torpağı var. Əkin yerləri şorandır. Sakinlər əsasən kənd təsərrüfatı məhsullarının əkini ilə məşğuldur. Maldarlıq da var. Kənd sakini Vaqif Fətullayev deyir ki, əsas problemlərdən biri də torpaq islahatının düzgün aparılmaması olub:

«Mənim əlimdə olan dövlət aktıma görə, yerimə qeyrisi yerləşdirilib. O cümlədən mən də başqasının yerində yerləşdirilmişəm. Bu da kəndçilərin narazılığına gətirib çıxarıb. Bu gərək dövlət səviyyəsində öz həllini tapsın, indi də gec deyil. İslahat dövlət aktı əsasında aparılsın».

Vaqif Fətullayev deyir ki, kəndin ikinci ən böyük problemi içməli suyun olmamasıdır. O deyir ki, içməli suyu pul ilə alırlar. Bu da kəndlinin kasıb ailə büdcəsinə ağırlıq edir:

SUYUN MAŞINI 15 MANATA...

«Hər iki ayda bir dəfə su gətirdirik. Hovuz haradasa 3 tona yaxın su tutur. Əvvəllər suyun maşınını 12 manata gətirirdilər, indi isə 15 manata gətirirlər. Ərkivan suyu gətirəndə 25-30 manata satırlar. İçməli su problemimiz var. Qazımız var, işığımız var. Yolumuzu gəlib gördüz, amma dövlət hesabına çəkilməyib. Bunu bizim kəndimizin iş adamları, hacılar, şəhərdə işləyən soydaşlarımız çəkib».

İŞIQSIZ, QAZSIZ, QAPISIZ TİBB MƏNTƏQƏSİ


Vaqif Fətullayev
Vaqif Fətullayev
Vaqif Fətullayev yaxınlıqda olan uçuq-sökük komanı göstərib deyir ki, kəndin tibb məntəqəsidir. Onun deməsinə görə, kitabxana da dağılmış bir yerdə fəaliyyət göstərir. Kənd məktəbi də dağılmaq üzrə idi. Bu il məktəb üçün yeni bina inşa edilib. Onun sözlərinə görə, kənddə savadsızlıq baş alıb gedir.

ADINI YAZA BİLMƏYƏNLƏR...


«İndi Ərəbdə istənilən adamı götürək, öz adını yaza bilmir. Ola bilər müəllimlərdən 3-5-i ola bilər... Şagirdlərdən söhbət gedir. İstənilən yeniyetmə uşağı çağır de ki, adını yaz, əgər yaza bilsə... Lap müəllim oğludur, müəllim qızıdır».

Vaqif Fətullayev deyir ki, kənd təsərrüfatı texnikası yoxdur. İnsanlar işsizlikdən, kasıbçılıqdan kənddən köçüb gedirlər:

«Texnika qonşu kənddən gəlir, istərsə əkin vaxtı, istərsə biçin vaxtı. Taxıl biçinində öz ətraflarını biçib qurtarırlar, ondan sonra gəlirlər. Başqa kəndlərdə taxılın 1 hektarını 30 manata biçirlərsə, burda 40 manata biçirlər. O cümlədən şumu da belə. Mənim iki oğlum gedir Bakıda fəhləçilik edir. Bir gün iş tapır, 3 gün iş tapmır».

Tibb məntəqəsinin qapısı yoxdur. Pəncərələri sınıb. Palçıqdan hörülmüş divar sökülməkdədir. Vaqif Fətullayev deyir ki, feldşer müalicəni evlərdə aparır. Kənd sakinlərin deməsinə görə, rayon icra hakimiyyəti başçısı yeni tibb məntəqəsinin inşa olunacağına söz verib.

Sakinlərdən Əlizadə İbadullayev də deyir ki, kənddə səhiyyənin vəziyyəti pisdir. Aylarla xəstə yatanlar var, onlara həkim baş çəkmir. Bunun üçün böyük məbləğdə pul tələb olunur.

«Gözəl feldşerimiz var. Həkimliyə layiqdir. Onun oturmağa yeri yoxdur. İt qalmaz orda, yaşamaz orda. Dolanırıq pis deyil».

«QAZIN TƏZYİQİ AZDIR»

Ərəb kəndinin girişi
Ərəb kəndinin girişi
Əlizadə İbadullayevin sözlərinə görə, qışda təbii qazın zəif gəlməsindən də əziyyət çəkirlər. Deməsinə görə, kəndin yarısı bu səbəbdən evini odunla qızdırır.

«İndi qaz var, normaldır. Mən keçən ilki problemdən danışıram. Başçı gəldi, görüşdü».

Kənd sakini Qabil Şammədovla əkin sahəsinə baş çəkirik. O deyir ki, əlindəki bütün pulları və bankdan aldığı krediti torpağa xərcləyib. Sahələr yanır. Səbəbi isə məlum deyil. Əli ilə yanmaqda olan badımcan sahəsini göstərir, deyir ki, məhsula çəkilmiş xərc batıb:

«Bir az əkin əkmişəm, əkin məhv olub, yanıb. Mühərrik işləyir, suyumuz var. Hamısı yerindədir, yandı. Allahın işidir. Heç kimə deməmişəm. Kimə deyəcəkdim dərdimi? Gündə 5 litr benzin gedirdi. Benzin də qalxdı 80 qəpiyə. Hamısı pulladır. 3 top polietilen alıb vurmuşam bura, şlanq almışam, mühərrik almışam. Hamısını da nisyə almışam, demişəm ki, əkin qurtarandan sonra gətirib haqqınızı verəcəyəm. O da belə, biabırçılıq. Bir anam pensiya alır, 6 ailə ona baxır».

İCRA NÜMAYƏNDƏSİ NƏ DEYİR?

Ərazi icra nümayəndəsi Məhərrəm İbrahimov deyir ki, Ərəb kəndində yeni məktəb binası tikilib. Digər sosial obyektlərin inşası və içməli suyun çəkilişi də nəzərdə tutulub:

«İçməli suyun çəkilişi 2014-2015-ci il üçün nəzərdə tutulub. Tibb məntəqəsi nəzərdə tutulub. Ayın 17-də təməlqoyma mərasimi olacaq -tibb işçiləri günü. Daxili imkanlar hesabına körpü nəzərdə tutmuşuq. Biri istifadəyə verilib, biri də başlanılıb. Məktəbi var. Bir də elektron ATS nəzərdə tuturuq».
XS
SM
MD
LG