Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:23
-

Ombudsman Aparatının İşgəncələrin qarşısının alınması şöbəsinin müdiri və Milli Preventiv Mexanizm Qrupunun rəhbəri Vüqar Məhərrəmov AzadlıqRadiosunun suallarına cavab verir.
- Vüqar müəllim, Amnesty İnternational beynəlxalq insan haqlarını müdafiə təşkilatının «İşgəncə 2014 – Pozulmuş Vədlərin 30 ili» adlı illik hesabatı açıqlanıb. Həmin hesabatda hökumətlər işgəncə təcrübəsinə son qoymaq vədlərinə xəyanətdə günahlandırılır. Azərbaycanda vəziyyət necədir?

- Əvvəlki illərə nisbətən həqiqətən dəyişikliklər çoxdur. Həm rəftar baxımından, həm də qanunvericilik baxımından çox müsbət addımlar atılır. Əvvəllər həmişə bizə olunan tövsiyələrdən, iradlardan biri o idi ki, (əsasən BMT-nin işgəncələrlə bağlı periodik hesabatlarında) qanunvericiliyimiz, Cinayət Məcəlləsi Konvensiyaya uyğun deyil. Bizdə əvvəl Cinayət Məcəlləsinin 133-cü maddəsi var idi, o Konvensiya ilə, işgəncələrlə bağlı BMT Konvensiyasının birinci maddəsinə uyğun deyildi. Hazırda bizim də xeyli sayda təkliflərimiz, tövsiyələrimiz sayəsində bu məsələ öz həllini tapdı. Cinayət Məcəlləsinə 293-cü maddə əlavə olundu, tam uyğunlaşdırıldı. Bundan başqa saxlanılan şəxslərin hüquqlarının müdafiəsi ilə bağlı yeni qanun qəbul olundu. Mən özüm də bu qanun üzrə milli ekspertəm. Bu məsələdə də işgəncənin qarşısının alınması, preventiv tədbirlərin görülməsi, həkimin dərhal məsələlərə müdaxiləsi, prokurorluğun məlumatlandırılması ilə bağlı xüsusi məsələlər var. Qanunvericilik sahəsində xeyli güclü tədbirlər görülür.

ƏN ÇOX ZORAKILIQ HALLARI ŞƏXSİN İLKİN TUTULMASI ZAMANI BAŞ VERİR

- Sizə şikayətlər haradan, kimlərdən gəlir. Bu şikayətləri necə araşdırırsınız?
- Beynəlxalq təcrübədə də deyilir ki, ən çox zorakılıq halları şəxsin ilkin tutulması zamanı baş verir. İlkin tutulma zamanı şəxslərə qarşı zorakılıq halları istər bizim ölkədə, istər digər ölkələrdə mövcud olur. Bizə olan müraciətlərlə bağlı özümüz gedib, şəxsin dediklərini sənədləşdirib aktlaşdırırıq. Bu məsələlərdə hüquqi qiymət verən orqan prokurorluq və məhkəmədir. Biz bunları mütləq şəkildə prokurorluğa göndəririk. Əgər polisdən şikayət varsa, biz şikayəti polisə göndərmirik. Çünki işgəncələrlə bağlı məsələlərin araşdırılması üçün Baş Prokurorluqda xüsusi bir qrup təyin olunub. Biz onlarla da əməkdaşlıq edirik. Həmin məsələləri o qrup araşdırır.

- Bəs nəticələr necə olur. Şikayətlər təsdiqini tapır?

- Bizdə olan statistikaya görə işgəncə və zorakılıqla bağlı konkret olaraq Cinayət Məcəlləsinin 293-cü maddəsi ilə hər hansı bir vəzifəli şəxs məsuliyyətə cəlb olunmayıb. Amma digər maddələrlə, məsələn Cinayət Məcəlləsinin 309-cu maddəsi ilə, bu vəzifə səlahiyyətlərini aşmaqdır, bununla bağlı məsuliyyətə cəlb olunma var.

ŞİKAYƏTLƏR İLKİN SAXLANMA ZAMANI POLİS ƏMƏKDAŞLARINDAN OLUR

- Sizə şikayət edənlər işgəncələrin kimlər tərəfindən törədildiyini bildirir?

- İşgəncə deyəndə söhbət yalnız fiziki zorakılıqdan getmir. Əvvəllər yalnız fiziki zorakılıq məsələləri idisə, şəraitinin pis olması, saxlanılan şəxsə minimal standart qaydalarına uyğun olaraq şəraitin təmin edilməməsi, yaxud pis şəraitdə saxlanmasının özü də işgəncəyə bərabər haldır. Amma bizə müraciətlərdə əsasən şikayətlər ilkin saxlanma zamanı polis əməkdaşlarından olur.
- Şikayətlərin çoxu haradan olur, bölgələrdən, yoxsa Bakıdan?

- Bakıdan da olur, bölgələrdən də. Ombudsmanın 4 regional mərkəzi var. Həmin regional mərkəzlər vasitəsilə də müvəkkilə şikayətlər daxil olur. Eyni zamanda biz özümüz də Milli Preventiv Mexanizm olaraq istər polisdə, istərsə penitensiar müəssisələrdə araşdırmalar aparırıq.

- Amnesty İnternational-ın hesabatında deyilir ki, ən demokratik ölkələrdə də adamlar işgəncəyə məruz qalmayacaqlarına 100 faiz əmin deyillər. Bu işin içində olan, işgəncə şikayətlərini dinləyib araşdıran şəxs kimi siz Azərbaycandakı vəziyyət haqda nə deyə bilərsiniz? Bizdə adamların bu əminliyi neçə faizdir?

- Təcrübə mübadiləsi ilə bağlı mən Avropanın çox ölkəsində olmuşam. Bütün ölkələrdə dövlət nümayəndələri işgəncə hallarının mövcud olmadığını deyir. Bu günlərdə Sloveniyada olanda daxili işlər nazirliyin də, penitensiar xidmətin də əməkdaşları deyirdi ki, bizdə işgəncə yoxdur. Ancaq hüquq müdafiəçiləri, şəxslərlə görüşəndə məlum oldu ki, şəxslərin işgəncəyə məruz qalmaları haqqında iddialar var. Bu hal hər yerdə mövcud olur. Sadəcə olaraq bizim indiki araşdırmalarımız deməyə əsas verir ki, əvvəlki dövrlərlə müqayisədə aparılan islahatlar, polis əməkdaşlarının təlimləndirilməsi, yeni ixtisaslı kadrların işə qəbul olunması, yeni hakim korpusunun seçilməsi ilə bağlı saylar əvvəlki illərə nisbətən dəfələrlə azalıb.

KƏMALƏ BƏNANYARLININ ŞIKAYƏTI ILƏ BAĞLI BAŞ PROKURORLUĞA MÜRACIƏT OLUNUB
- Bu günlərdə AXCP fəalı Kəmalə Bənanyarlı ona Nəsimi rayon polis idarəsində işgəncə verildiyini bildirib. Sizin şöbə onun bu iddiası ilə maraqlanıbmı?

- Biz Kəmalə xanımla görüşmüşük. Mən və bizim Milli Preventiv Mexanizm Qrupunun həkim terapevti görüşmüşük. Onunla fərdi qaydada söhbət etmişik. O bildirdi ki, bəli, ilkin saxlanma zamanı Nəsimi rayon polis idarəsində mülki geyimli əməkdaşlar tərəfindən zorakılığa məruz qalıb. Biz də bu məsələ ilə bağlı dərhal Baş Prokurorluğa müraciət etmişik.
- Bu işin sonrakı gedişi ilə ağlı maraqlanırsınız?
- Hələ biz yeni müraciət eləmişik. Müraciətə baxılmağın müddəti var. Məhkəmə tibb ekspertizası təyin olunarsa, bu haradasa bir ay çəkəcək. Çünki tibbi ekspertizanın qərarı bir ay müddətində bəlli olur. Amma biz hələ bilmirik ekspertiza təyin olunacaq, yoxsa, yox. Amma bütün hallarda Baş Prokurorluq bizim sorğumuza cavab verəcək.
- Amnesty İnternational-ın hesabatında deyilir ki, 2013-2014-cü illərdə Azərbaycanda da etirazçılara və müxalifət fəallarına qarşı ifrat zorakılıqlarla bağlı bir sıra hallar sənədləşdirib. Sizdə də belə hallar sənədləşdirilibmi?

- Ümumiyyətlə, hər bir saxlanılan şəxs müvəkkilin diqqət mərkəzindədir. Müvəkkilin tapşırığına əsasən biz o şəxslərlə görüşürük. İstər mitinq zamanı tutulan, istər digər fəallarla mütəmadi görüşürük. İstər NİDA-çılar olsun, istər son tutulanlar olsun. Belə məsələlər olanda biz araşdırılması üçün dərhal prokurorluğa göndəririk, özümüzdə bu barədə qeydlər aparırıq. Əgər belə hallar mövcuddursa, müvəkkilin illik məruzələrində bu məsələlər öz əksini tapır.
- 2013-cü ilin və 2014-cü ilin statistikası necədir, işgəncələrlə bağlı nə qədər şikayət təsdiqini tapıb?

- Təsdiq belədir ki, 293-cü maddə ilə təsdiqini tapsaydı, cinayət işi qaldırılardı. Bu gün bu maddə ilə hər hansı cinayət işi qaldırılmayıb.
- Ola bilər ki, ört-basdır olunsun?

- Hər hansı bir halda araşdırma aparan istintaq orqanı buna məsuliyyət daşıyır. Ali Məhkəmənin Kollegiyasının tövsiyələrində də, eyni zamanda Avropa İnsan Haqları Məhkəməsinin tövsiyələrində də məhkəmələrə bildirilib ki, əgər şəxs işgəncəyə məruz qalması ilə bağlı məhkəmədə iddia qaldırırsa, ilkin tutulma, ya da istintaq zamanı işgəncəyə məruz qalıbsa, prokurorluq bunu düzgün araşdırmayıbsa, hakim onu təkrar araşdırması üçün müvafiq orqana göndərir. Bu saat bu məsələlərdə yalnız prokurorluğa yox, eyni zamanda hakimlərə, məhkəmələrə də tövsiyələr var.

Günün bütün mövzuları

XS
SM
MD
LG