Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 07:59
“Divarları dağıdıblar, pəncərələri, qapını çıxarıblar. Heç “sökməyə gəlirik” deyə xəbərdarlıq da etməyiblər”.

Bakı sakini Mahir Əzizov AzadlıqRadiosunun “Qaynar xətt”inə zəng vuraraq şikayət edib ki, yerli icra hakimiyyəti keçmiş Malakan bağının yaxınlığında – Üzeyir hacıbəyov küçəsi 7 saylı ünvanda yerləşən obyektini sökür:

"ƏMLAKIMI SÖKDÜRƏN HƏMİN BİNADA YAŞAYAN MƏMURDUR"

“Obyekt binanın girişində yerləşir. Sahəsi 20 kvadratmetrdir, ikiotaqlıdır, ofis kimi istifadə edirəm. Əvvəllər yerində yaşayış evi olub və bir erməni ailəsi yaşayıb. 1988-ci ildə ailə köçüb gedəndən sonra ev sökülüb, boş torpaq qalıb. Atam həmin yeri icra hakimiyyətinin sərəncamı ilə alıb və otaq tikib. 1995-ci ildə otaq yaratdığımız MMC-nin tərkibinə verilib. Sərəncamı təzələnib. Otağın texniki pasportu da var”.

Mahir Əzizov deyir, obyekti sökdürən həmin binada yaşayan bir vəzifəlidir:

“Yuxarı mərtəbədə Hacıbala Abutalıbovun köməkçisi yaşayır. Əvvəldən mənimlə yola getmir. Tez-tez qulağıma çatırdı ki, ofisimi sökdürəcək. Ancaq inanmırdım. 20 gün əvvəl 5 saylı Mis-in işçiləri mənə deyəndə ki, qonşulardan şikayət var, ofisi sökəcəklər, yenə inanmadım. Ən azı o vaxt inanardım ki, mənə bu barədə yazılı xəbərdarlıq edəydilər. Rəsmi xəbərdarlıq olmadığına görə, bu söhbətə qeyri-ciddi yanaşdım”.

"OFİSDƏ NƏ VARDISA YİYƏSİZ ƏŞYA KİMİ KAMAZA YÜKLƏDİLƏR"

Mayın 13-də səhər qapının qarşısını yerli icra hakimiyyətinin işçilərinin kəsdirdiyini görəndə isə ofis sahibi başa düşüb ki, söhbət ciddidən də ciddidir:

“Özləri ilə bir KAMAZ gətiriblər. əşyaları necə gəldi daşıyıb atırlar yük yerinə. Kondisioner, kompüter, stol-stullar... Heç akt da tərtib etmirlər. Yiyəsiz malı kimi daşıyıb atırlar maşına”.

Səbail rayonu, 5 saylı MİS-in rəisi Xamis Əliyev “Qaynar xətt”ə bunları dedi:

“Harda sökülür? Kim sökür?

- Üzeyir Hacıbəyov küçəsi, 7 ünvanda...

- Məlumatsızam...

- Ora sizin ərazidir?

- Bəli.

- Bəs necə məlumatsız ola bilərsiniz? İcra hakimiyyətinin işçiləri sökür. Texnika gətirilib...

- Məlumatsızam...”

Obyekt sahibi Mahir Əzizov isə deyir, icra hakimiyyətinin işçilərini əraziyə MİS rəisi özü gətirib. Söküntü işi də onun nəzarəti altında aparılır:

“Bütün günü söküntüyə nəzarət edir. Deyirəm, bu söküntü qanunsuzdur. Deyir, mən kiməm ki... Yuxarıdan göstəriş gəlib”.

Hüquqşünas Namizəd Səfərov deyir, hər hansı tikilinin sökülməsi yalnız məhkəmə qətnaməsi ilə mümkündür:

“Hətta özbaşına tikilini də məhkəmə qətnaməsi olmadan sökmək qanunsuz hərəkətdir”.

Mahir Əzizov əmlak hüquqlarının pozulması ilə əlaqədar məhkəməyə müraciət edəcəyini deyir.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG