Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 12:04
“Qarşımızı kəsib bizi soyan, ailəmizi şantaj, təhqir edən o, döyülən, cəzalanan biz olduq”.

AzadlıqRadiosunun “Qaynar xətt”inə üz tutan Süleyman Bədəlovun şikayəti polisdəndir. Deyir, Zamin Fərhadov adlı birisi tərəfindən ailəsinin narahat edilməsi ilə bağlı tədbir görülməsi üçün polisə şikayət edib. Nəticədə özünü cəzalandırıblar:

“Bu adam tez-tez qızımın qarşısını kəsib əxlaqsız təkliflər edirmiş, telefonuna açıq-saçıq şəkillər göndərirmiş. Qızım ailəlidir, əvvəl qorxusundan bunları bizdən və yoldaşından gizlədirdi, sonra anasına, anası isə mənə açıb danışdı. Mən o adamdan dəfələrlə tələb etdim ki, ailəmizdən əl çəksin. Ancaq xeyri olmadı. İş o yerə çatdı ki, qızımın qarşısını blokun qarşısında kəsib çantasını, pulunu, qızılını əlindən aldı. Biz polisə şikayət etdik”.

"HARA YAZIRAM, GÖNDƏRİRLƏR SABUNÇU POLİSİNƏ"

Süleyman Bədəlov deyir, polisə şikayətindən sonra həmin şəxs ailəyə təhdidləri, hədələri daha da artırıb:

“Gizli-aşkar nömrələrdən zəng vurur, əxlaqsız təkliflər edir, nəvələrimiz qarşısını kəsib hədələyir və sair... Mən vəziyyəti belə görüb DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə, Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğa, Ombudsman Aparatına yazdım. Bütün yazdıqlarım qayıdıb Sabunçu rayon polis idarəsinə gəlir və orada ört-basdır edilirdi”.

Şikayətçinin sözlərinə görə, keçən il ailə üzvləri ilə Lənkəranda olarkən həmin şəxs orada da ailəni rahat buraxmayıb. Nəticədə aralarında münaqişə baş verib:

“Üstümə ülgüclə gəlmişdi, hətta yoldaşım aramıza girəndə ülgüc yoldaşımın əllərini kəsmişdi. Lənkəran polisinə ərizə verdim, onu tutub saxladılar. İki gün saxlayıb gizlicə buraxmışdılar. Bir də xəbər tutdum ki, özümə qarşı cinayət işi qaldırıblar. Məni bədənə ağır xəsarət yetirməkdə təqsirləndirib 300 manat cərimələdilər. Adam açıq-aşkar deyir, arxam möhkəmdir, hara gedirsən, şikayət edirsən et”.

Süleyman Bədəlovun sözlərinə görə, keçən ilin oktyabr ayında Sabunçu rayon 13 saylı polis bölməsində döyülüb:

“Görəndə ki, həmin adamın həyasızlığı aşıb-daşır, getdim 13-cü bölməyə, dedim, indiyə qədər sizə dörd ərizə yazmışam, niyə araşdırılmır? Gərək qan tökülə, ondan sonra tutub kimisə damlayasız? Polis işçiləri ilə aramızda mübahisə yarandı. Dəhlizdə üstümə tökülüşüb məni yerə yıxdılar. Rəis otağından çıxıb gəldi, yerdə yıxılıb qalmışdım, dedi, nə var, hələ bir şikayətə də gəlmisən? Qızın o oğlanla gəzir, sən də gəlib burda bizim baş-beynimizi aparırsan. Vəziyyətim ağırlaşmışdı, qızım dalımca gəldi. Mən hələ də yerdə qalmışdım. Qızımı otaqlardan birinə saldılar, zəng vurub ailəmizi narahat edən Zamin Fərhadovu da çağırdılar. Rəis ona dedi ki, bu kişinin qızıyla necə gəzmisən, danış. Məni məsxərəyə qoyub gülməyə başladılar, təhqir etdilər. Hələ ona şərait yaratdı ki, mənə bir-iki təpik də ilişdirsin”.

"ONU ÖZ QIZI İLƏ HƏMİN ADAM DÖYÜB, BİZ ARALAŞDIRMIŞIQ"

Sabunçu rayon polis idarəsinin 13-cü bölməsinin rəisi Tərxan Əhmədov deyilənləri təkzib edir:

“O adam şər-xatadır. Polislə baölı dediklərinə görə belə cavab verə bilərəm ki, bölməyə ərizə ilə müraciət edib, biz də ərizəni araşdırmaq üçün çağırıb izahatını almaq istəmişik. Əgər istintaq onu qane etmirsə, o demək deyil ki, bizə böhtan atsın. Mən onun dediklərinin heç birini qəbul etmirəm və böhtan adlandırıram. O ki qaldı bölmədə döyülməsinə, onu öz qızı ilə həmin adam döyüb. Biz isə hadisənin qarşısını almağa çalışmışıq, onları aralaşdırmışıq".

Süleyman Bədəlovsa arxayın deyil ki, nə vaxtsa özünü şərləməyəcəklər:

“Bilirəm ki, şikayətlərim onları daha da qəzəbləndirəcək, bir dəfə şərləyib cərimələyiblərsə, ikinci dəfə də bunu edə biləprlər. Hətta ondan da ağır cəzalandırarlar. Artıq polisimizdən hər şey gözləyirəm”.

Süleyman Bədəlov ərizə ilə müraciət etdiyi Baş Prokurorluqdan, DİN-dən, Ombudsman Aparatından kömək istəyir.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG