Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:51

Yazıçının arvadı


-

Bu hekayə "Ədəbi Azadlıq-2014" müsabiqəsinin münsiflərindən bal alsa da, bu, 20-liyə keçmək üçün yetərli olmayıb. Müsabiqəyə göndərildiyi kimi, nöqtə-vergülünə toxunulmadan çap edilir.


Ünal Məmmədov


YAZIÇININ ARVADI


Dörd-beş əyri-üyrü, ensiz küçəni necə ötüb keçdiyim yadıma gəlmədi.

Poçt qutusunun yanında dayanıb, keçən yaz qəzetdən verdikləri qonorarla, özümə doğum günü hədiyyəsi kimi aldığım köhnə, qızılı rəngli cib saatımı çıxarıb, azyaşlı uşaqlar novruz papaqlarından çıxan şorqoğalına baxan kimi vaxta baxdım.

Düz vaxtında gəlib çatmışam. Hələ üstəlik bir iki dəqiqə də üst-başımı səliqəyə salmağa vaxtım qalıb. Otuz altı yaşım olmasına rəğmən 45-50 yaşlarında bir kişinin ağardacağı qədər dən saldığım saçlarımı, dostlarımın 3 il əvvəl yığışaraq hədiyyə etdikləri və artıq tiftiylənməyə macal tapmış boz pencəyimin sol döş cibində, gözlənilməz görüşlər üçün özümlə gəzdirdiyim, dişlərinin yarısından çoxu tökülmüş, balaca əl darağıyla hər zamankı kimi sola tərəf daradım.

Hava o qədər hərəkətsiz, ətraf o qədər səssiz idi ki, bir-iki məhəllə o tərəfdə hürən köpəyin səsi az qala ürəyimi ağzıma gətirirdi. Yoxsa həyəcanlanmışam? Yox! Həyəcana heç bir gərək yoxdur, artıq yaşım kifayət qədər irəliləyib. Belə vəziyyətdə həyəcanlanaraq bir kisə əncili bərbad edə bilmərəm! Yox, bu həyəcan deyil, çox güman ki, məsuliyyət hissidir.

Sağ əlimi ağzıma doğru yaxınlaşdırıb var gücümlə üfləyirəm. Şükür Allaha, dünən axşam yeməyində acgözlüyümdən dözə bilməyib yediyim soğanın iyindən əsər də qalmayıb.

Hə, görünür hər şey hazırdır. Saatımı növbəti dəfə yoxlamaq istəyirdim ki, iri, bəyaz boya ilə rənglənmiş, köhnə ancaq əzəmətli qəsr qapıları üzümə taybatay açıldı. Səliqəli əyin-başları ilə fikrimi üzərlərinə çəkən iki xidmətçi nəzakətlə məni içəri dəvət etdi. Onların nəzakətinə qarşılarında alicənab formada əyilərək qarşılıq verdim. Mən onların ardınca içəri, böyük həyətə keçər-keçməz, iki qapıçı qapıları arxamca bağlayıb önündə dayandılar.

Həyət ilk baxışdan adamı ovsunlayırdı, hər tərəf gül-çiçəklə dolu idi, əsl cənnət bağçası idi. Məndən olsaydı bir iki saat buralarda gəzişib, arı kimi bu tanrı möcüzəsi güllərin gözəl ətrlərini ciyərlərimə çəkərək hər birinə bir şeir ithaf edərdim, ancaq xidmətçilər yenidən böyük nəzakətlə məni qarşımda bütün əzəməti ilə üfüqə sarı dayanan, qəsrə dəvət etdilər.

Yox, görünür bu işin yaşla filan heç bir əlaqəsi yoxdur, yaşıllıqların içi ilə qəsrin mərmər pilləkənlərinə doğru addımladıqca, tüklərimi ürpəşdirən, ürəyimi sinəmə doğru sıxan, ayaqlarımı bir-birinə sarı qısan içimdəki bu qəribə hissin adının həyəcan olduğuna qərar verdim. Qırmızı xalı sərilmiş iri pilləkənləri qalxanda iri və sola tərəf əyilmiş burnumun üstündə gombul bir birənin qanımı əmdiyini hiss elədim. Zırramanın biri zırrama! Onun payını vermək istədim, amma belə bir gündə əlimi bu nanəcibin qanına bulamaq çox da içimə yatmadı, birdəki zırramanın qarnındakı da elə öz qanım idi. Nəisə rədd ol çıx get, qurban olasan bu günə.

Budur, artıq qarşımdakı xidmətçilərin dizlərindən olan, qara rəngli ətəklərinin arasından möhtəşəm qəsrin içi görünür. Bir neçə dəqiqə daha keçəcək və mən artıq içəridə olacağam. Dırnaqlarım, dırnaqlarımı tutmaq yadımdan çıxıb. Zəhrimar! Neçə vaxtdır bu günə hazırlaşıram, axı necə oldu ki, dırnaqlarımı tutmağı unutdum. Üstəlik ən zəhləm gedən şey də uzanmış dırnaqlarımın içinə qara çirkin yığılmağıdır. Tpü, budur e! Burada işarət barmağımda bir balaca kir var imiş. Ən yaxşısı bunu kətan şalvarımın, sağ cibinin küt yerinə sürtüb təmizləyim. Dayan, dayan, alınır axı deyəsən. Hə, əla! Təmizləndi. Yaxşıki o biri dırnaqlarımda heç nə yoxdur, yoxsa bu qədər adamın içində biyabır olacaqdım.

Artıq qəsr qapılarının qarşısındayıq. Elə bu dəm ürəyimin düz arxasında, kürəyimin sol tərəfindən boynuma doğru bir istilik qalxdığını hiss elədim. Geriyə çevrilib səmanın şərq sahilinin artıq qaraldığına şahid oldum. Günəş birazdan batıb, oradan buludların arasından çıxaraq, məscid minarəsinin arxasından qəsəbəyə boylanacaq, mənə nədənsə utancaq uşaqlıq illərimi xatırladan bəyaz ay ilə növbə dəyişəcəkdi.

-Buyurun cənab, Yazıçı, deyə gözəl əlbisəli, orta yaşlı bir qadın məni nəzakətlə qapıdan içəri dəvət etdi. Əlbət ki, eyni nəzakətlə ona qarşılıq verib içəri keçdim. İçəridə bir neçə səliqəli geyinmiş cavan oğlan, bir neçə də cütlük vardı. Cütlüklər sevgili, ya da çox güman ki, ər-arvad idilər, ancaq yaşları bir elə çox olmazdı. Hər nəisə, amma əyin-başlarına baxıb bahalı və dəbdəbəli həyat sürən insanlar olduqlarını da, təxmin etmək mükün idi. Onlara baxıb öz geyimimdən necə utanmışamsa, paltomu çıxarmayaraq cəld özümü verib yaxınlıqdakı yumşaq divanda əyləşmişəm. Boğazımın qurduğunu hiss eləyirəm. Nədir nə olub? Niyə bu zadəgan sinfi gözlərini belə təəccüblə mənə zilləyib axı? Budur, artıq öz aralarında nəisə pıçıldaşdıqlarını da eşidirəm. Nəisə, baxmayacam onlar tərəfə! Ah, bu kimdir? Biriləri çiynimdən paltomu dartışdırır?

-Bu nə ədəbsizlikdir, deyib qəzəblə geri çevrilirəm, aman Allah bu ki, məni içəriyə kimi müşayiət edən o xidmətçi qadındır.

–Bağışlayın, fikrim gedib, deyib ayağa qalxıram. Paltomu çıxarıb, xidmətçiyə uzadıram, və budur gülüşmə səsləri artıq əmməllicə eşidilir. Özlərini bəyənmişlərin səsi lap eləbil zəhlətökən ağcaqanad vızıltısısıdır. Hər nəisə mən bura ayrı səbəbə gəlmişəm, bunlarla çox işim olmaz. Uzaqbaşı haqqlarında bir-iki məqalə yazaram qəzetdə. Kinayəli, və sətraltı atmacalarla dolu tənqidi bir yazı.
Nəisə, gərək çox gülümsəməyim, özümü bir az ciddi göstərməliyəm ki, insanlar məni ağırbaşlı biri kimi qəbul edib, hörmətlə yanaşsınlar. Dayan, bir balaca da sifətimi turşudum.

Keçən dəfə generalın eşşək çənəli oğlunun qəsəbədəki hoqqalarından yazanda az qala məni işdən atırdılar. Hə, bu dəfə daha ehtiyatlı olmalıyam, hər şeyi ölçüb-biçməliyəm. Bəlkə bir təmsil yazım, hə? Ona don geydirmək daha asan olardı.
Bu nədir? Bu nəcib qadın görünür mənə səslənir:

-Cənab, yazıçı?

-Bəli, bəli, xanım?

-Buyurun, ardımca gəlin.

Bu nədir? Deyəsən narahtlıqdan və həyəcandan alnımda xırda-xırda tər damlaları əmələ gəlir? Burnumun üstünə kimi axıblar, Of! Qoy cib dəsmalımı çıxarıb silim, bu cür vacib bir məqamda tərli görünüb özümü rüsvay edə bilmərəm. Hə, xöşbəxtlikdən cib dəsmalım yanımdadır. Qoy bunları silim. Yaxşı...

Qadın bir neçə addım daha atıb taxta qapını aralayır, görünür böyük bir zala daxil olacayıq.

Kaş bura olsun! Düzü bir mərtəbə daha qalxmağa nə fiziki, nə də mənəvi gücüm qalıb, tezliklə artıq o anın gəlməsindən savayı bir şey istəmirəm. Yoxsa elə buradaca yıxılıb qalacam.

-Buyurun, cənab yazıçı, deyə qadın əli ilə məni zala dəvət etdi.

İçəri girirəm. Bəm-bəyaz bir otaqdır. İşıqlar sübh günəşi tək par-par parlayır, üstəlik tavan və divarlar da bəyaz rəngə boyandığından işığın təsiri birə beş artır. Gözlərim o qədər qamaşdı ki, bir ara hətta eynəyimi çıxarıb geymək belə istədim, amma yox! Sarsaqlama, sonra elə biləcəklər kor zadam. Əslinə baxanda sol gözüm bir az uzağı pis görür. Hə! Nə olsun ki, sağ da yaxını hərdən dumanlı görür! Bu ki, kor olduğum anlamına gəlmir. Əşi! Lazım deyil, eynəksiz də keçinərəm.

Bu nədir, görünür qadın yenə nəisə deyir, aman Allah, nə olub axı mənə, bu gün yaman içimə qapanmışam! Özümlə çoxdandır bu qədər danışmamışam. Nəisə, qoy görüm nə deyir:

-Cənab, yazıçı, məni eşidirsiniz?

-Bəli, bəli, sizdən üzr diləyirəm, xanım, görünür bir balaca fikrim yayınıb. Doğrusu bu qəsr o qədər gözəl və dəbdəbəlidir ki, adamın lap ağlını başından alır.
Qadın nəzakətlə üzümə güldü. Ah! Mən sarsağam! Bunu niyə dedim axı! Heç yerimi bilmirəm! İndi məni başıboş, gəvəzə biri kimi tanıyacaq! Hər şeyi bərbad etdim. Zəhrimara qalsın bu çənəm !

-Sizin görüşünüz burada olacaq, cənab. Gördüyünüz kimi zalda 10 otaq var, siz istədiyiniz şəkildə, onların birini seçib içəri keçəcəksiniz.

Şükür! Nəhayət o an! Evlənmək üçün məni gözləyən on bağlı qapı arxasında, on qadın. Xəyallarımın qadını görəsən hansındadır?

-Mən hazıram, dedim.

Of! Yenə ağzımdan qaçdı! Nəyə hazıram? Elə bil yarışa gəlmişəm! Elə biləcək şorgöz zadam, qadın düşkünü deyə düşünəcək haqqımda, vay–vay, söz qəsəbəyə yayılsa millətin üzünə necə baxaram! Özümü lap rüsvay etdim!

-Xanımlar sizi gözləyir.

Başımla razılıq bildirirəm. Yaxşısı budur susum. Danışdıqca yerə girirəm.

-Sizi tək buraxıram.

-Minnətdaram, xanım. Çox nəzakətli və lüfkarsınız.

-Bir balaca həyəcanlı görünürsünüz, cənab Yazıçı. Yaşınızı öyrənməyimdə bir sıxıntı olmaz, ümid edirəm?

- 36 yaşım var.

-O. Onda sizin həyəcanınız mənə aydındır. Seçəcəyiniz qadınla qəsrin qonaq böyük zalında, nikahınızı bağlayacayıq. Tələsməyə və təlaşlanmağa heç bir lüzum yoxdur. Ancaq bir şərt var ki, onu bilməlisiniz.

-Nə şərtdir o elə?

-Girdiyiniz otaqların sırasını pozsanız ondan öncəki otaqlara girə bilməyəcəksiniz.

-Necə yəni?

Yəni, 1-ci otaqdan sonra 5-ə baxmaq istəsəniz, arada qalan nömrələrə girmək hüququnu itirəcəksiniz. Hə, bir də başqa otağa girmək üçün otaqdan çıxdığınız an, oranın qapısı sizin üçün birdəfəlik bağlanacaq. Yəni geriyə qayıtmaq kimi bir şansınız olmayacaq.

-Aydındır. İnanmıram ki, bu baxımdan bir çətinliyim olsun. Seçəcəyim xanımın necə biri olaçağına hələ bura gəlməmişdən qərar vermişəm.

-Bu yaxşı oldu. İşiniz bir xeyli asanlaşmış olacaq. Artıq vaxtdır. Mən gedirəm. Siz isə istədiyiniz otaqdan başlayın. Unutmayın hər otağa sadəcə bir dəfə girə bilərsiniz.
Hər otağa ancaq bir dəfə, yox bir on beş dəfə. Bu məni nə hesab edir? Deyirəm də, gərək çox gəvəzəlik etməzdim. İndi Allah bilir mənim haqqımda nə fikirləşir. Birdəki axtardığımın necə biri olduğunu təxmini, hətta demək olar ki, dəqiqliyi ilə bilirəm, və onu tapacağım təqdirdə niyə başqa otağa keçim ki? Məgər mən şorgöz zadam? Tək istədiyim, gözəl və adamı başa düşən bir qadındır.

Çıxdı nəhayət zaldan. Artıq başlamaq lazımdır.

Hmm. Birinci qapını buraxıb, ikidən başlayacam.

Görəsən qapını döyüm? Hə, yaxşısı budur döyüm, birdən onu görməyimi istəməyəcəyi bir vəziyyətdə çıxar qarşıma.

Hə, ən yaxşısı qapını döyməkdir.

-Kimdir?

Necə yəni kimdir? Məgər bilmir ki, mən gələcəm, bu nə axmaq vəziyyətdir? İndi mən buna nə cavab verim, hə? Bəlkə ilk olaraq, birinci otaqdan başlamaq lazım imiş?

-Kimdir?

Əşi, mənəm də, indi necə deyim buna ki, mən gəlmişəm sizə baxın, xoşum gəlsə evlənəcəyəm sizinlə? Ən yaxşısı qapını açıb içəri keçim. Hə, ən yaxşısı!

-Salam.

-Salam, cənab.

Aman Tanrım, bu nə gözəllikdir! İri gözləri, qırmızı dodaqları, uzun sarı saçları, bəm-bəyaz uşaq dərisi kimi parlaq dərisi! Əsrarəngiz bir qızdır. Yaşı təxminən 20 olar, və bu gözəl afət, bəm-bəyaz bir ziyafət əlbisəsində, mənim qarşımdakı masada əyləşib.

-Buyurun cənab, əyləşin.

-Təşəkkür edirəm. İcazə verin deyim ki, siz mənim bu günədək gördüyüm ən gözəl qızsınız.

-Təşəkkür edirəm, çox nəzakətlisiniz.

-Gözəlliyiniz məni ovsunladı,

İzn versəydiniz, əlinizi öpmək şərəfinə

Nail olardım,

Həm də öyrənərdim,

Nədir bu sarışın, gözəlin adı?

-Ooo, təşəkkür edirəm, cənab! Adım Dilbərdir. Siz nəzakətli olduğunuz qədər, həm də şair imişsiniz.

-Əslində yazıçıyam, ancaq necə deyərlər, yerigələndə şairliyim də tutur. Hər halda bu cür gözəllik qarşısında susmaq fərasətsizlikdən və istedadsızlıqdan savayı bir şey olmazdı.

-Mən yazıçıları çox sevirəm, kitab oxumaqdan ötrü də lap ürəyim gedir. Görünür sizinlə ortaq cəhətlərimiz çoxdur.

-Elə görünür. Doğrusunu söyləməliyəm ki, mən də sizdən çox xoşlandım. Gözəlliyiniz məni ovsunladı, Dilbər xanım.

Hə! Bax bu qədər. Bu qız lap ürəyimcə oldu, həm gözəl, həm cazibədar, bədəni də çox cəlbedicidir, tezliklə onunla evlənmək istəyirəm. Sən bir onun çiyinlərinə bax. Dişləri necə də incədir, lap muncuq kimi düzülüb elə bil. Özü də yazıçıları sevirmiş, qoy bir görüm kimləri xoşlayır. Zövqlərimizin üst-üstə düşməsi heç mühüm deyil, ancaq yenə də maraqlıdır.

-Dilbər xanım, icazə verim soruşum. Siz hansı yazıçıları daha çox oxuyursunuz?

-Mən? Yazıçılardan ən çox, Yuliy, Yuliy Sezarı.

-Kimi?

-Yuliy Sezarı tanımırsınız?

-Tanıyıram.

-Çox gözəl. Bir də ki, Napoleon Ponapartı sevirəm. Onların əsərlərini çox bəyənirəm.

-Deməli Ponapartı sevirsiniz?

-Bəli cənab.

Bu nə deməkdir? Bu qız ya məni dolayır, ya da ki...

-Bəs siz kimi oxuyursunuz, cənab Yazıçı?

Hə, anladım! Çox güman ki, mənim yumor hissimi yoxlayır. Gərək gərginləşməyim.
-Mən, mən daha çox rus ədəbiyyatını, sevirəm! Güman ki, əsərləri ilə yaxından tanışsınız: Mixayil Kutuzov, ondan sonra İvan Qroznı və bir də Birinci Pyotrın əsərlərini, xüsusən də kiçik hekəyələrini çox sevirəm.

-O, cənab, siz lap sözü mənim dodaqlarımdan oğurladınız. Mən özüm də rus ədəbiyyatına və saydığınız müəlliflərin əsərlərinə yaxşı bələdəm. Bilsəniz könlümü necə oxşadınız.

-Nə?

-Bəli, bəli. Yoxsa siz də başqaları kimi elə düşünürsünüz ki, gözəl və zərif qızlar başıboş və avam olur, kitab oxumur?

-Mən?!

-Sizə deyim ki, mən heç də ağılsız deyiləm, Birinci Pyotrun kiçik qardaşı Üçüncü Pyotrun şeirlərini oxumamış yatmıram.

-Kifayətdir ! Bu nə cəfəngiyyatdır?

-Cənab, hirslənməyin. Hmm. Ola bilsin ki, çaşdırdım. Bu Üçüncü yox, İkinci Pyotr idi. Təbii ki, Üçüncü Pyotr qardaşı Birinci Pyotr kimi şair yox, yazıçı olub.

-Bəsdir! Qurtarın cəfəngiyyatı! Yaxşı olardı ki, siz ümumiyyətlə susardınız! Danışdıqca gözümdən düşürsünüz, Dilbər xanım. Sizin gözəlliyiniz, gözlərimi bağlayaraq az qala məni yalnış bir qərar verməyə məcbur edəcəkdi. Çox yaxşı ki, savadınızı və dünyagörüşünüzü ortaya qoydunuz.

-Siz məni səhv anladınız. Bəs indi mənimlə evlənməyəcəksiniz, cənab Yazıçı?

-Bilmirəm, düşünməliyəm! İndi isə mən gedirəm!

Qapını vurub çölə çıxdım. Heç vecimə də deyildi ki, o arxamca hönkür-hönkür ağlayırdı. Qoy bir əsr ağlasın! Axı necə Birinci Pyotra yazıçı deməyə dili gəldi! Yox! Gözəllik dünyanı xilas edən deyil! Gərək ki, mən yanılmışam! Mənə gözəl yox, ağıllı və dərdləşəcək, söhbətləşəcək, dünyagörüşmə bab bir xanım lazımdır.

Çox gözəl olmasa da olar. Onsuzda yaşlananda üzü qırışlanacaq, gözlərinin altı isə torba kimi sallancaq! Ancaq ağıl daimidir.

Bu 4-cü otağa girim indi də, 3-lə heç aram yoxdur. Heç yadımdan çıxmaz, ayın 3-ü, ayın 3-ü?! Vay, unutdum! Axı nə olmuşdu, ayın üçündə ki, mən o rəqəmə belə nifrət edirəm? Yadıma düşmür! Hər nəisə, elə də vacib deyil. İndi 4-cü otağa girməliyəm.
Amma yox! Bəlkə? Gəlsənə 5-ə girim. Nəisə istilik hiss edirəm buradan. Hə, qoy elə anidən qapını açıb girim içəri, 5 nömrəli otağa. Sorğusuz sualsız!

-Kimsiniz?

-Bağışlayın ki, belə anidən girdim! Üzr istəyirəm!

-Yox, yox, narahat olmayın, cənab! Sadəcə bir az gözlənilməz oldu.

-Üzr istəyirəm bir daha, bu hərəkətimə görə çox utandım.

-Üzünüzün qızarmasından aydın oldu. Narahat olmayın.

-Bağışlayın. Sadəcə kimdir sualınıza nə cavab verəcəyimi bilmədiyim üçün, qapını açıb, içəri soxuldum.

Ah, sarsağam mən! Bunu niyə dedim ona! Çox safam, çox! Çətin mənimlə evlənmək istəyə! Haradasa eşitmişdim ki, qadınlar özünə inanan kişiləri sevirlər. Mənimsə ağzımdan cəsarətsizlik və zavallılıq seli axır.

-Ha ha ha! Çox alicənab birinə bənzəyirsiniz. Düzü bəlkə də, məni çox uyğunsuz bir vəziyyətdə yaxalaya bilərdiniz, ancaq xöşbəxtlikdən bu baş vermədi.

Hə, şükür. Görünür elə də pis təəsürat oyatmamışam onda. Deyim ki, kifayət qədər xoş bir qadındır. Yaşı haradasa 24-25 civarında olar yəqin. Təmkinli və üz cizgiləri oturuşmuş birinə bənzəyir. Əsmərdir. Kürən qırvım saçlarını arxadan səliqə ilə toplayıb. Düzdür ilk gördüyüm qız qədər gözəl deyil, bu baxımdan onun əlinə heç su da tökə bilməz, ancaq təmkini və soyuqqanlılığı ilə insanın içinə bir fərahlıq gətirdiyi də danılmazdır. Görünür gözəllik o qədər də mühüm bir şey deyilmiş. Hə, ürəyim rahatladı bir az.

-Duruşunuzdakı özünə inam, məni ovsunladı, izn versəydiniz əlinizi öpmək şərəfinə,
nail olardım, həm də öyrənərdim, nədir bu təmkinli, bayanın adı?

-Adım Elmiradır. Çox nəzakətlisiniz!

-Əlinizi öpmək və sizin kimi bir bayanla tanış olmaq mənim üçün şərəfdir.

Görünür bu mənim tam axtardığım qadındır. Hə, düzdür, çox da gözəl biri deyil ancaq xoş siması, qüssəli lakin həzin gülümsəməsi və mülayim təbiəti məni özünə çəkir. Görünür məsələ həm də otaq boyu düzülmüş və içi cild-cild kitablarla dolu rəflərdədir. Aydın məsələdir ki, dünyagörüşü və həyata baxışı çox fərqli olacaqdır.

-İzn verin soruşum, cənab, siz hansı işin mütəxəssisiniz?

-Deyilənə görə, mən söz ustasıyam, yəni yazı adamıyam.

-Yazıçısınız deməli?

-Yeri gələndə yazıçı, yeri gələndə şair, hərdən də adi bir xəyalpərəst.

-Ədəbiyyatla bu cür bağlı olmağınız doğrusu məni sevindirdi, cənab. Mən özüm də çox yaxşı bir oxucuyam.

-Məncə yazmağı da mütləq sınamalısınız. Sizin rəflərinizi müşahidə edərkən elə adlara rastladım ki, məncə bu cür müəllifləri oxuyaraq xəmiri ədəbiyyatla yoğrulan, sizin kimi ağıllı biri mütləq özünə aid bir şeylər yaratmağa cəhd göstərməlidir.

-Çox nəzakətlisiniz, cənab Yazıçı.

-Nədənsə sizi bir qədər hüznlü gördüm, Elmira xanım. Gözlərinizdən az qala kədər dalğası yayılır ətrafa.

-Çox diqqətlisiniz, cənab yazıçı. Elədir fikirliyəm bir qədər. Siz otağa gəlməmişdən öncə yaradılışım və varolma səbəblərim barədə düşüncələrə dalmışdım. Sonda Şekspirin nə qədər haqqlı olduğunu anladım. O deyirdi: “Bütün dünya bir oyun səhnəsidir və bütün kişilər və qadınlar sadəcə bir oyunçudurlar: Çıxışları və girişləri var hamısının; və bir insan, həyatı boyunca bir neçə rol oynayır, bu rollar onun həyatının yeddi çağıdır.”

Aman tanrım, bu qadın Şekspiri əzbər oxuyur! Bu arzuların çin çıxmasından başqa bir şey deyil ! Məgər belə bir şey mümkündürmü?!

-Çox gözəl söylədiniz, Elmira xanım! Şekspirin ekzistensial düşüncələri məni də xeyli zamanında çox düşündürüb, ancaq nədənsə vaxt keçdikcə, hər şey bəsitləşərək rutinə çevrilib. Düşüncələr də, ortaya atdığım suallar da, onlara uydurduğum cavablar da. Görünür Hamletin bəhs etdiyi “susmaq” elə bu imiş.

-O! Deyəsən yağış yağır.

Yağış damlaları, boğazını qəssab baltasından sıyırıb qaçan quzu tək, buludlardan qoparaq otağın pəncərələrinə qonurdu. Elmira, xəyallarımdakı qadın, indi o pəncərənin qarşısında durub islanmış otları və yarpaqları yağış damlaları ilə dolub əyilmiş ağacları seyrə dalmışdı. Mənsə ona evlilik təklif etmək barəsində düşünürdüm, ancaq bunu necə edəcəyimi bilmirdim.

...və birdən o geri çevrildi:

-Əgər istəyirsinizsə sizə yazdığım şeirdən bir parça oxuyaram.

-Əlbətdə, dedim.

-O yağış haqqındadır, ona görə belə qərara gəldim ki...

-Doğru qərarə gəldiniz.

...və o şeiri deməyə, mən isə onu izləməyə başladım.

O başladığı an isə mənim bütüm xəyallarım suya düşdü. Dünyam dağıldı! O, nədir elə? Niyə mən bu ana kimi onun üst dişlərindən birinin çölə doğru çıxıntılı və əyri olduğunu görməmişəm? Yox ! Ola bilməz! Buna fikir verməli idim. Necə də çirkin görünür. Mən artıq onun dediyi şeiri də dinləyə bilmirəm. İndi başa düşürəm niyə gülümsəyərkən əlini ağzına doğru apararaq üzünü qapayırdı. Vəziyyətim görünür hiss olunacaq dərəcədə pisləşdi ki, o da nəyinsə doğru getmədiyini anlayıb:

-Nə oldu, sizə? Yoxsa şeiri bəyənmədiniz? Bilirdim ki, bəyənməyəcəksiniz! Gərək heç deməzdim!

-Yox, bunun şeirlə heç bir əlaqəsi yoxdur. Sadəcə birdən özümü pis hiss elədim! Elmira xanım, məni doğru başa düşün amma, sizinlə nikaha hazır olmadığımı hiss etdim birdən. Sizin, sizin üst, yox. Mən getməliyəm, bağışlayın!

Cəld otaqdan çıxıb qapını örtdüm. Bir balaca nəfəsimi dərmək üçün qapıya söykəndim. Necə ola bilərdi bu! Axı hər şey ideal idi. Niyə axı onun dişi elə əyri idi?! Yox, bu cür bir çirkinliyə necə dözə bilərəm axı? Ağzından dür tökülsə belə gərək ki, bir qədər gözəlliyi də olsun, seçib evlənəcəyim qadının! Gözəllik əsas iki şərtdən biridir!

Əslində çox bir şey istəmirəm, birinci qadın kimi gözəl gözləri, dodaqları, qaşları, ağzı, burnu, qaməti, bədəni və xöşbəxt siması, ikinci qadın kimi isə təmkini, soyuqqanlılığı, duruşunda özünəinamı, qüruru, dünyagörüşü, savadı, düşüncəsi, şeirsəlliyi və hüznlü ruhu olsun bəsimdir! Bu saydığım bütün cəhətləri gördüyüm ilk qadınla evlənəcəyimə söz verirəm! Düz 36 il bu cür bir qadının xəyalını qurmuşam.
Vaxtın necə keçdiyini bilmədən gəzə-gəzə gəlib, 7-ci qapıya çatdım. Qapını döyürəm. İçəridən həzin bir səs gəlir.

-Kimdir?

-Mmm. Yazıçıdır. Sizinlə tanış olmaq üçün gəlmişəm.

-İçəri keçin.

Qapını açıb otağa girdim.

Sizə bir şey etiraf edim: bu an qarşımdakı bu qızıl güldən, min il axtarsanız nə bu dünyada, nə də o birində tapa bilməzsiniz. Veneranın kəməri kimi qızaran bu yanaqlar, qopub düşər deyə toxunmaqdan saqınacağınız fındıq burun, çiyələk rəngində şişman dodaqlar, zərgər işi kimi, dəqiq düzülmüş inci kimi parlayan dişlər, günəş tək şən və nurlu, ay kimi sirli və hüznlü, üçbucaq formasında bəyaz bir üz.
-Səmimi, sözümdür, gözlərim qamaşdı sizi görəndə. Bu günədək izlədiyim ən gözəl mənzərəsiniz. İzn verin əlinizi öpmək şərəfinə nail olum.

-Siz, çox lütfkarsınız, cənab. Cənab?

-Rəsul. Adım Rəsuldur, yazıçıyam.

-Nə gözəl.

Susub onun gözlərini seyrə daldım.

-Mən kitab oxumağı çox sevirəm, cənab. Ən çox da, Rus Ədəbiyyatını. Anton Çexovun hekayələri mənim meditasiyasımdır.

Aman Alah, bu ola bilməz. O Çexovu sevir. Mənim sevimli Çexovumu. Bu bir təsadüf ola bilməz!

-Çexov? Bu ki, möcüzədir. Mən kitabı, yazını Çexovun əsərləri ilə sevmişəm, onun hekayələri ilə insan ruhunun ən qaranlıq yerlərinə səyahətlər etmişəm. Məni çox sevindirdiniz, sevimli... A? Adınızı öyrənməyi unutmuşam.

-Düz buyurursunuz, Çexov böyük yazar olub. Əsərlərində tacirləri, həkimləri, müəllimləri, polisləri, toplumun bütün üzvlərini elə gözlənilməz məqamlarda toqquşdurub ki, onların təbiətlərinin bütün gizlinlərini, bəlkə də özlərinin belə xəbərsiz olduqları bütün duyğuları üzə çıxara bilib. Amma inancı zəif olub, bəlkə də, bu da onun skeptikliyindən ya da üstün intellektindən irəli gəlib. Hər halda öz gəlişi ilə rus ədəbiyyatına yeni bir dünyagörüşü və nəfəs gətirib. Bunu danmaq olmaz.

-Siz, siz necə də gözəl danışırsınız. Elə bil siz yox, sizin dilinizlə mən danışıram. Sanki ürəyimi oxuyursunuz. Ancaq, nədənsə adınızı artıq ikinci dəfədir ki, deməkdən boyun qaçırırsınız. Halbuki, mən sizə qarşı çox saf və təmiz hisslər bəsləyirəm.

-Nə? Hansı hisslər?

-Deyəsən, deyəsən mən sizi...

-İstəyirsiniz sizə bir sirr açım?

-Sirr? Əlbətdə.

-Mən, cənab yazıçı, atalarımızın düşmən olmasına baxmyaraq, mən generalın oğlunu sevirəm. O da məni. Biz tezliklə buradan qaçacıyıq.

Bütün dünya sanki dağılıb üzərimə töküldü. Ona illərlə dil tökməyə, qürurumu ayaqlar altına atıb yalvarmağa hazır idim, ancaq öyrənəndəki generalın, çənəsi eşşək çənəsinə bənzəyən, qudurğan oğlunu sevir, qapını vurub çıxdım. Ürəyimdən böyük bir hissə sanki orada qaldı.

Qəzəbim və kədərim yerə göyə sığmırdı. Odur ki, 8 və 9 nömrəli qapıları buraxıb özümü taleyin qolların atmağa qərar verdim.

Əgər qismətim o olmadısa, qoy nə olur olsun. Heç bir fərq etməz artıq deyib 10-cu, yəni sonuncu qapını acıqla açıb, içəri soxuldum.

Köhnə, uçub-tökülən bir otaq idi. Çarpayıda yaşlı bir qadın siqaret çəkirdi. Bu vaxt dumanlar içində daha bir qadın selüeti gördüm. Budur, görünür taleyin mənim üçün seçdiyi o gözəl və ağıllı qadın, ən parlaq günəş şüaları tək dumanlar içindən çıxaraq gəlir.

-Bəsdir mürgülədin! Dur, rəddol get, un al! Çörək bişirməliyəm, uşaqlar acından ölür.
Evdə yeməyə heç nə yoxdur.

Ola bilməz, yoxsa? Yox! Görünür yenə də yazı masamın arxasında yatıb qalmışam. Bu bağıran da kök, yöndəmsiz, saçlarına pintilik və baxımsızlıqdan gənə düşmüş, ağzıəyri, dişləri çürümüş, üzünə baxanda həyat eşqimin öldüyü, mənim 10 illik arvadımdır. Çarpayıda yatan isə onun həyasız və başbəlası anası.

Məyus halda qalxıb gödəkcəmi əynimə keçirdim. Arvad hər səhər olduğu kimi, soyuq bir çay gətirdi və mən hər səhər olduğu kimi çayı götürüb, “qurduğum bütün xəyallara rəğmən, dəyişməyən dünyanın şərəfinə” deyib, başıma çəkdim.

İçimdən: kaş elə ən birincisini seçərdim, deyə keçirib, un almaq üçün evdən çıxdım.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG