Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 12:02

Ölüləri bölüşmək


-

Bu hekayə "Ədəbi Azadlıq-2014" müsabiqəsinin münsiflərindən bal alsa da, bu, 20-liyə keçmək üçün yetərli olmayıb. Müsabiqəyə göndərildiyi kimi, nöqtə-vergülünə toxunulmadan çap edilir.


Sevinc Əzimova


Ölüləri bölüşmək


Uşaq vaxtı məni ən çox təəccübləndirən şey qəbirstanlığın yanında tikilmiş evlər idi.

Mən o evlərdə yaşayan adamların diri olduğuna şübhə ilə yanaşırdım. Əgər diri idilərsə, ölülərdən niyə qorxmadıqları balaca beynimi çox məşğul eləyirdi. Mən ömrümdə bircə dəfə də ölü adam görməmişdim.

Ölümdən və ölüdən qorxmağım anadangəlmə idi.

On bir yaşım olanda bizim evdə adam öldü. Bu mənim anamla ağız-ağıza verib deyişdiklərində ölməsini gizli-gizli arzuladığım nənəm idi. Nənəm öləcəyini xəbər verən kimi mən evdən baş götürüb qaçmışdım. Özü də ona görə yox ki, nənəmin necə öldüyünə baxa bilmirdim, ürəyim tab gətirmirdi, mən sadəcə qorxurdum. Mən evə qayıdanda nənəmi gəbənin arasında aparırdılar. Bilirdim onunla həmişəlik ayrılıram. Ağlayırdım, özü də istəyirdim ki, ağlamağımı başqaları da görsün. Ağlım kəsirdi ki, belə vəziyyətlərdə ağlamaq lazımdı.

Nənəmlə vidalaşmağım belə oldu. Mən yaxşı nəvə deyildim. Baxmayaraq ki, nənəmin bütün buyruq və tapşırıqlarını yerinə yetirirdim, istənilən sevimli oyunumu yarıda kəsib harayına qaçırdım. Etiraf edim ki, onun məni tez-tez çağırmağı və iş buyurmağı lap zəhləmi tökürdü.

Ürəyimdə nənəmə hirslənirdim, çünki o, məni həmişə qorxudurdu. Uzun qış gecələrində qorxulu nağılllar oxutdururdu. Cinlərdən, pərilərdən, cəhənnəmdən danışırdı. Sözündən çıxsam, cəhənnəmin qapısına yaxınlaşacağımla hədələyirdi məni. Fövqəladə həssaslıqla başa düşürdüm ki, nənəm özünə sərf eləyir deyə belə danışır, əslində qorxulu heç nə yoxdu. Dünya yaşamaq üçün ideal yerdi.

Nənəm məni utandırmaqdan zövq alırdı. Qız-gəlinin yanında da əlini paçamın arasına atar, “kişi balam” deyə oxşayardı. Mən o arzuyla yaşayırdım ki, daha da böyüyüm, nənəm bu axmaq vərdişindən əl çəksin. Böyüdüyümü, artıq çox utandığımı arvada necə başa salacağımı bilmirdim. Sünnət də olunmuşdum, daha nə istəyirdi, bilmirəm. Sünnətdən qabaq nənəm məni dəlləyin qarşısında özümü möhkəm saxlamağım, "qızbibi" kimi ağlayıb sıtqamamağım üçün psixoloji cəhətdən hazırlayırdı. O, hər iki əllərimi tutub qıçlarımın altından keçirir, əlimi-ayağımı bu yolla elə bağlayırdı ki, tərpənə bilmirdim. Sünnət vaxtı “ülgücü ver” kəlmələrini dəlləyə söyləməyi unutmayım deyə bu məşqi eləyirdik. Sünnət olunana qədər nənəmin başıma gətirmədiyi oyun qalmadı. Mən ağrıdan ölürdüm, nənəmin isə sünnətə hazırlıq prosesi bitib tükənmirdi. Bezmişdim lap. Hər şeyi nənəmin dediyi kimi eləsəydim, nəinki atam, əmilərim, həyatda bircə dəfə də üzünü görmədiyim, nənəmin otağında, yatdığı çarpayının başı üstündəki şəkildən baxan babam da mənimlə fəxr eləyəcəkdi.

Bədbəxtlikdən də qardaşlarımdan böyük idim, birinci məndən başlayacaqdılar. Atamın tapşırığına görə onlara da yaxşı nümunə olmalıydım. Özümü kişi kimi aparmalıydım ki, balacalar da qorxmasınlar.

Sünnət olunan vaxt qorxudan və ağrıdan qışqırmış, ağlamış, amma son anda özümü ələ alıb ülgücü dəlləyimdən istəmişdim. Bilirdim ki, hər şey nənəmin planındakı kimi getməyib. Amma boynumu-boğazımı öpüb, sevələmələrindən başa düşdüm ki, evdəkilər buna da razıdırlar.

Bəlkə də nənəmin ölümünü soyuqqanlı qarşılamağım çəkdiyim əziyyətlərlə bağlı idi. Uşaq ağlı.

Nənəm rəhmətə gedən günü əmilərimin, bibilərimin qızları evimizə axışdılar. Hərə əli çatan bir işin qulpundan yapışmağa başladı. Anam ələ-ayağa dolaşmayım deyə, balaca qardaşlarımla məni qızlara tapşırmışdı. Xiyar, pomidor doğrayan kim, soğan soyan, qarpız dilimləyən kim. Qızlar nə ölümdən, nə ölən adamdan danışmırdılar. Hərə öz menstruasiya tsiklindən danışırdı, gələcək toy gecəsi barədə narahatlıqlarını bölüşürdülər. Məni veclərinə almırdılar. Mətbəxin pəncərəsindən içəri düşən günün qabağında yayxanmış pişik qədər yox idim gözlərində. Ən böyük problemləri də menstruasiyalarının "qabağa, dala" atması idi. Hələ içlərində iki bacı vardı ki, biri o birini yalandan menstruasiya olduğunu deməkdə ittiham eləyirdi. "Sən özünü artistliyə qoymusan ki, əlini ağdan-qaraya vurmayasan! Guya murdarsan! İndi də əlini heç nəyə vurmursan ki, murdarlamayasan. Nə oldu, bütün ayı sən murdar oldun?!"
Elə bil təkcə mənim nənəm idi rəhmətə gedən, bunların nənəsi deyildi. Düzdü, o vaxtlar mən tam olaraq anlaya bilmirdim onlar nədən danışırlar. Amma həmin günlər mənim qulaqlarım da, gözlərim də heç vaxt olmayan kimi yaxşı işləyirdilər, dörd açılmışdılar. Sonralar mən qohumlarımın nə danışdıqlarının mənasını anlayacaqdım və qəlbimin dərinliklərində inciyəcəkdim onlardan. Əmin olacaqdım ki, bir gün mən özüm də bu dünyadan köçəndə yaxınlarım mətbəxdə soğan, kartof soyduqları, pomidor-xiyar doğradıqları yerdə belə əttökən söhbətlər edəcəklər. Bu mənim həssas qəlbimi indidən ağrıdacaqdı.

Qızlar arabir səslərini alçaldır, molla qadının böyük zalımızdan mətbəxə qədər gəlib çıxan səsini dinşəyirdilər. Molla nənəmin cəhənnəm barədə dediklərini və ölülərin əslində heç ölmədiklərini təsdiqləyirdi. Nənəm cümə axşamları yeməyi özü bişirər, yeməyin duzunu atanda babamın ruhunu çağırardı ki, xörəyin qoxusunu alıb getsin. Anam hər dəfə ruhları çağırmağı unudurdu deyə nənəm cümə axşamları yemək bişirməyi anama qadağan eləmişdi. Dəfələrlə qaynana-gəlin sözləşmişdilər buna görə. Nənəm tez-tez "məni ruh tutub" deyib türkəçarə yanına gedirdi ki, türkəçarə onu ruhdan azad eləsin. Dediyinə görə də həmişə onu "gorbagor" qaynanasının ruhu tuturdu. Nənəmi ruh tutanda üşüdür, qızdırır, xəstələnirdi, elə ki, türkəçarə yanına getdi-gəldi, olurdu sappasağlam, anadangəlmə.

Mən yeddi gün başa çatandan, hamı çıxıb gedəndən sonra neyləyəcəyim düşüncəsiylə az qala dəli olurdum.

Yeddi gün qurtardı. Gəlib-gedənlərin ayağı bizdən kəsildi. Anamdan xahiş elədim ki, ortancıl qardaşımı da mənimlə birgə nənəmin otağında yatmağa göndərsin. Çox çək-çevirdən sonra anam ortancıl qardaşımı mənimlə yatmağa göndərdi.

Gecələr özümdən bir yaş balaca qardaşımı qucaqlayıb yatırdım. Yayı yaxşı keçdi, atamla- anam işdən gələnədək vaxtımı həyətdə qardaşımla keçirirdim. Balaca isə həmişəki kimi bağçada olurdu. Evdən nəsə götürmək lazım gələndə bir bəhanə ilə özüm getmir, qardaşımı evə göndərirdim. Niyə, nədən qorxduğumu ona da desəydim, qorxacaqdı, mənə yanımda başqa bir qorxan adam lazım deyildi. Onun heç nədən qorxmamağı mənə ürək-dirək verirdi.

Bir dəfə balaca qardaşım anamın döşəməsini təzəcə yaş əsgi ilə silib çıxdığı evə girəndə sürüşüb yıxıldı. Yıxılanda qorxudan qışqırmışdı, onda mən bayırda tir-tir əsə-əsə fikirləşirdim ki, nənəmin ruhu uşağı tutub.

Məktəb vaxtı anam balaca qardaşımı bağçaya aparır, özü işə, mən məktəbə gedirdim. Hər gün günorta saat birə qədər evə qayıdırdım. Yolda biz ortancıl qardaşımla qarşılaşırdıq. Mən məktəbdən qayıdır, o, məktəbə yollanırdı. Dünyada günorta saat birdən axşam saat beşə qədər olan vaxt qədər pis heç nə ola bilməzdi. Mən həyət darvazasından girib elə axşamacan həyətdə qurdalanır, evə girmirdim. Axşamdan çörək qazanından gizlicə götürüb anamın əl-ayaq damının girəcəyində asdığı, içinə lobya, noxud tökdüyü, vaxtilə nənəmin öz əlləriylə tikdiyi boğazı büzülən parça torbada gizlətdiyim çörək tikəsini götürüb gəvələyər, anam işdən qayıdana qədər həyətdə oturardım. Mən saata baxmaq üçün evə girməli idim. Evə girməyəsə qorxurdum. Artıq evimizin qabağına düşən kölgənin vəziyyətindən əzbərləmişdim anamın nə vaxt gələcəyini. Bilirdim ki, kölgə su quyusunun yanına qədər əriyəndə günorta növbəsində oxuyan qardaşım gələcək, hamamın ətəklərinə çatanda anam da bağçadan götürdüyü kiçik qardaşımla qapıdan girəcək.

Yağışlar başlayanda, mən üşüsəm də, evimizin qabağındakı açıq artırmada oturur, yağışın yağmasına, quşların yağışdan qaçıb necə gizlənməklərinə, çəpərlərin üstündə gəzən pişiklərin büzüşə-büzüşə düşüb ağacların altında daldalanmaq üçün necə vurnuxduqlarına tamaşa eləyirdim.

Mənim qorxumun artmağına nənəm öləndən sonra atamla, əmimin gördüyü yuxular da səbəb oldu. Onlar məni nəzərə almadan harda gəldi bu yuxuları danışırdılar. Dəfələrlə, müxtəlif məclislərdə,müxtəlif adamların yanında. Utanmasaydım, qorxduğumu onlara deyərdim, mənim yanımda belə söhbətlər eləməzdilər bəlkə də. Bir müddət keçdi, yuxu danışmağı tərgitdilər, elə nənəmi xatırlamağı da.Sanki bir müddət təzə rəhmətə getmiş analarını yuxuda görmək onların borcu imiş.

Həmin yuxuların təsiri altına düşdüyümü, eyni yuxuları özümün də görməyə başladığımı heç kimə demədim, sirr kimi saxladım. Bu yuxulardan bəhs etməkdən belə qorxurdum. Əmim danışırdı: "Uzun, qaranlıq bir tunel idi. Dam-dar. Əllərimi geniş aça da bilmirdim. Ayağım dizimə qədər buz kimi suda idi. Xeyli getdim, qorxudan da ödüm ağzıma gəlirdi. Birdən işıq göründü. İşıq gözümü qamaşdırdı. Gözüm işığa alışanda gördüm ki, anamdı. Sənin burda nə işin var, ay bala? Qayıt get evinə-eşiyinə, balalarının yanına dedi mənə. Gözümü açanda qan-tər içindəydim".
Atamın yuxusu daha yaxşı idi: "Gördüm ki, yamyaşıl bir çəmənlikdi. Özü də axşam düşmək üzrədi. Günəş üfüqdə qıpqırmızı yanır. Anam süfrə salıb. Süfrədə hər cür naz-nemət. Hər şey var. Gəldim oturdum süfrənin başında. Anam təpindi üstümə. Dur, dur ayağa, get arvadın süfrə salıb, uşaqlar axşam yeməklərini yeməyiblər, səni gözləyirlər, bala. Süfrə elə gözəl idi ki, adam ayağa durmaq istəmirdi. Anam məni zorla itələyə-itələyə süfrənin başından qaldırdı "...

Bu yuxuları hər dəfə eşidəndən sonra adamların tükləri biz-biz olur, onlar qollarını açıb tüklərinin necə qabardığını hətta bir-birinə göstərir, bununla necə həssas, ürəyi yanan olduqlarını nümayiş elətdirirdilər. Hamısı da bir ağızdan deyirdi: "Allahın yazığı gəlib. Arvad səni ölümdən qaytarıb, bəladan qoruyub, ömür verib".... Nənəmin belə fövqəltəbii gücə sahibliyi məni üşəndirirdi. Qorxumu daha da şiddətləndirirdi. Artıq tualetə belə gedəndə son dərəcə ədəb-ərkanlı olmağa çalışırdım ki, nənəmin mənə acığı tutar, yuxularıma girəndə atam, əmim kimi məni ölümün pəncəsindən xilas eləməz.

Beləcə illərlə davam elədi. Mən böyüdüm. Böyüdükcə qorxumu unutdum, qəbirstanlıqların yanında tikilmiş evlərdəki adamların da bizim kimi diri adamlar olduğunu öyrəndim. Qəbirstanlıqların yanından keçəndə tir-tir əsmədim, gözümə kiminsə ruhunun görünəcəyindən qorxmadım. Amma hələ də qəbirstanlığın girəcəyindən tək girməmişdim.

Günlərin bir günü başıma qəribə əhvalat gəldi.

Tikinti şirkətində "prorab" köməkçisi işləyirdim. Kəndlərdən birinə təzə yol salırdıq. Yol köhnə qəbirstanlığın yanından keçirdi. Layihəyə görə qəbirstanlıq təzə əraziyə köçürülməli, kənd yolu genişlənməliydi. Kənd camaatı dədə-babalarının məzarlarının köçürülməyilə heç cür razı olmurdu.

Yaşlı qadınlar, kişilər cavan kənd sakinlərini də qızışdırıb, hərəsinin əlinə bel, oraq, dəryaz tutuzduraraq üstümüzə salmışdılar. Kənd ayağa qalxmışdı. Qorxumuzdan tək-tək gəzmirdik. Baş "prorab" belə göstəriş vermişdi. Kənd camaatıyla ehtiyatlı dolanmaq lazım idi.

Uzun çək-çevirdən sonra Bakıdan gələn nümayəndələrin köməyilə qəbirlərin təzə salınan qəbirstanlığın ərazisinə köçürülməyinə camaatı razı sala bildik. Hər qəbrin köçürülməsi üçün tikinti şirkəti babat məbləğ ayırırdı, üstəlik ölü sahiblərinə mənəvi təzminat ödəniləcəkdi. Hər bir rəhmətliyin üstündə dini ayinlər təzədən icra olunacaq, yas mərasimləri qurulacaqdı.

Kənd camaatı ilə aramız düzəlirdi. Hər şey yaxşılığa doğru gedirdi ki, kənd camaatı arasında ölülərə sahiblənmək məsələsində ayrı-seçkilik yarandı. Bəziləri bu kəndə sonradan köçüb gəlmişdilər, onların həmin qəbirstanlıqda heç kimi yox idi. Onlar da ölü davası aparırdılar. Yaxud, bir kişinin iki nəticəsi sağdısa, hər iki nəticə ulu babanın məzarı uğrunda mübarizə aparırdı. Ağsaqqal, qarasaqqal qalmadı məsələyə qarışmasın. Bu tərəfdən qəbirstanlıqda qəbirlərə baxış keçirmək və siyahıya almaq lazım gəldi ki, saxtakarlıq olmasın. "Prorab" məni də yanına alıb getmək istəyəndə, utandığımdan qorxduğumu dilimə gətirə bilmədim. Kəndin köhnə kişilərindən bir neçəsi şahid kimi yanımıza düşüb gəldilər. Öz-özümə təsəlli verdim ki,günün günorta vaxtı bu qədər adamın içində qorxmağın yeri yoxdu.

Təxminən qırxa yaxın məzar vardı. Az qala unudulmuş köhnə qəbirstanlıqda daha heç kim ölüsünü basdırmırdı, ərazisini dəfələrlə sel basmışdı. Çox qəbiri sel yuyub aparmışdı. Bəzi qəbirlərdə yatan adamların heç kötücələri də sağ deyildilər, qəbirstanlığı ot-ələf basmışdı. İlan-çiyan qorxusu da bizi bir yandan gicələk eləmişdi.
Qəbirstanlığın köçürülməsində mən də iştirak edirdim, bu işdə mənim də barmağım olurdu. Fikir məni götürmüşdü. Kənd sakinlərinin sözləri yadımdan çıxmırdı: “Məzarında sümüklərini yesir qoyduğunuz adamların ruhları nə bu dünyada, nə o dünyada yaxanızdan əl çəkməyəcək!”...

Qəbirstanlıqdan 4-5 metr uzaqlıqda, tozlu, kələ-kötür yoldan da bir qədər aralıda çadırımızı qurmuşduq. Çadırda dörd nəfər idik. Biz dörd nəfərin də işi qəbirstanlığı köçürməklə yekunlaşırdı deyə bu kənddə qalacaq yer-zad axtarmamışdıq. İki-üç günlük vaxt aparacaqdı qəbirstanlığın köçürülməyi. Yayın günü idi, əsl çadır qurub, açıq havada yatmalı vaxt idi. Bir yandan da kəndlə qəbirstanlığın arasında xeyli yol vardı. Açıq havada yatmağın dadını qaçırsa da, qəbirstanlığın yaxınlığında düşərgə salmaq sərf eləyirdi.

Həmin gecə yoldaşlarım tez yatdılar, mənimsə gözümə yuxu getmirdi, yerimdə o üz- bu üzə çevrilirdim. Durub çadırdan çıxdım, çadırdan aralanmadan siqaret çəkmək istəyirdim ki, başım qarışsın.

Əlimdəki siqaret qutusundan siqaret çıxardıb damağıma qoydum, alışqanı elə burnumun ucuna yaxınlaşdırmışdım ki, gözüm qəbirstanlığın içində o yan-bu yana uçuşan işıqlara sataşdı. Gördüyüm mənzərədən quruyub qaldım, udqundum, az qala çığıracaqdım ki, əlimi ağzıma basdım. Sonrasını mənə çadırda yatan digər üç yoldaşım danışıb, özüm xatırlaya bilmirəm. Qayıdıb çadıra girmişəm, yoldaşlarımı silkələyə-silkələyə oyatmışam. Dilim bir xeyli söz tutmayıb, amma handan-hana kəkələyə-kəkələyə demişəm ki: "kənd camaatı deyənlər düz çıxdı, ruhlar qəbirstanlığa yığışıblar. Bu işin axırı yoxdu".

Yoldaşlarım əvvəlcə mənə inanmayıblar. Amma maraq da onlara güc gəlib. Tez-tələsik şalvarlarını əyinlərinə keçirib çadırdan çıxıblar. Qəbirstanlıqda sayrışan işıqları görəndə və sərin yay mehinin uzaqdan gətirdiyi insan pıçıltılarını eşidəndə qorxsalar da, qorxularına güc gələrək, əyilə-əyilə qəbirstanlığa yaxınlaşıblar. Nə görsələr yaxşıdı... dörd-beş kişi əlində fanar qəbirstanlığın içində dolaşır. Sən demə, bu fərasətlilər ölülərinin qəbirlərinin yanında təzə qəbir qazıb, sümükləri yeni qəbirlə köhnənin arasında bölürlərmiş ki, iki ölüyə çatan pulu alsınlar.

Ölülərin üstündə əməlli-başlı dava gedirmiş. Yoldaşlarım özlərini yetirməsəymiş vəziyyət xarabmış.

Mən çadıra girib yoldaşlarıma kəkələyə-kəkələyə dediyim həmin o cümlədən sonra uzun müddət danışa bilmədim. Ta o vaxta qədər ki, sürdüyüm mersedes markalı maşınla qəzaya düşdüm.

Sürətlə bizi ötüb keçmək istəyən,əcəlinə susamış köhnə jiqulinin sürücüsü sol tərəfdən bizim maşına çırpılmışdı.

Yanımdakı oturacaqda başı paralanmış, üzü qanlar içində, nəfəs almadan uzanan, artıq öldüyünü düşündüyüm iş yoldaşım Tuqayın "xortlamasıyla" dilim açıldı. Dilim açılar-açılmaz mən bu əhvalatı hamıya danışmağa başladım.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG