Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:40
-

Bu hekayə "Ədəbi Azadlıq-2014" müsabiqəsinin münsiflərindən bal alsa da, bu, 20-liyə keçmək üçün yetərli olmayıb. Müsabiqəyə göndərildiyi kimi, nöqtə-vergülünə toxunulmadan çap edilir.


Xaqani Səfərov


Qəhrəman Tarakan


... O odun toplayıb qazanın altına qoyurdu. Pırpızlı isə hiyləgərcəsinə gülür, qazanda qaynayan suyu qarışdırırdı.

Qazanın içində bişən isə Po idi. Po ona qışqırır və odun gətirməməyi xahiş edirdi. O isə əlində qalın odun parçaları uca səslə gülürdü: ha...ha... ha....

Elə öz səsi Zedi yuxudan oyatdı. Tarakan Zed oyananda tər içində idi. “Lənət şeytana” deyib ayağa qalxdı. Bu gün olan toplantıya gecikirdi. Bir təhər gözlərini ovuşdurub iclasa qaçdı. Artıq iclasın bitməsinə az qalmışdı. Zed qapının ağzında bir yerdə oturdu. İçəridən səs gəlirdi: “Və daraşıb onu yeyəcəyik” ― cümləsindən sonra hər kəs lideri alqışladı və iclas bitdi. Tarakan Zed bu günün tapşırığın nə olduğunu anlamamışdı.

Adətən belə olurdu. Kimsə iclasa gecikəndə yaxın bir dostundan iclasda hansı qərarların qəbul olduğunu öyrənirdi. Bu tarakanlar üçün çox vacib idi. Çünki günlük yeməkləri hər səhər keçirilən iclaslarda müəyyən edilirdi. Po Zedin ən yaxın dostu idi. Yumurtaları yanbayan düşmüşdü. Uşaqlıqdan bir yerdə böyümüşdülər. Bir necə dəfə insanların vurduğu tarakandərmanlarından və digər həşəratların hücumundan Po ilə Zed bir qurtulmuşdu. Xoş və pis günləri bir keçmişdi.

Zed Poya yaxınlaşdı. Salamlaşıb söhbətləşdilər. Po təəccüblə soruşdu:

― Harda idin, Zed?

― Yatıb qalmışam.

― Səndən çıxmayan iş! Heç sənin yatıb qaldığını eşitməmişdim.

― Hə, Po, dəhşətli yuxu görmüşəm. Hələ də onun təsirindəyəm.

―Nə olub ki?

― Po, yuxuda gördüm ki, o pırpızlı arvad səni bişirib yeyir.

Po gülə-gülə dedi:

― Zed, heç belə gülməli yuxu eşitməmişdim. Pırpızlı bu yaşadığımız evin xanımıdır. O insandır. İnsanların biz tarakanlardan zəhləsi gedir. Bizdən iyrənirlər. Onlar bizi yeməzlər. O ki qaldı bişirib heç yeməyə, onu heç etməzlər. ― Bunu deyib şaqqanaq çəkdi.― Yuxun lap lətifədir ki?! Yaxşı, bəs sən nə edirdin?

― Elə ən dəhşətlisi budur. Mən də sənin olduğun qazanın altına odun daşıyırdım.

― Beləsən dəə...!!! Dost dediyimə, bax, məni pırpızlı arvada satdı. ―bunu deyib yenə uğundu.

― Po, qurban sənə ehtiyatlı ol, çox qorxuram. ― Zedhəyacanlı və qorxu dolu səslə sanki Poya yalvarırdı.

― Zed, qorxma. Biz bir yerdə olduğumuz müddətdə bizə heç nə olmaz. Pırpızlı ilə birləşib məni bişirsən, ətim sənə halaldır. ― o zarafatla dedi.

Elə bu vaxt siqnal verildi. Hamı bu günkü yemək əməliyyatına hazırlıq üçün sıraya düzüldü. Zed hələ də tapşırığın nədən ibarət olduğunu bilmirdi. Hamı artıq öz yerini tutmuşdu. Yeməyə doğru hərəkət əmri verildi. Zed kəşfiyyat qrupundanyalnız indi öyrənə bildi ki, mətbəxdə soyuducunun altına bir alma parçası düşüb. İndi hamılıqla onu yeməyə gedirlər.

***

Az keçmədi onlar hamamın yanındakı dəlikdən evə çıxdılar. Dəhlizin küncü ilə mətbəxə doğru irəliləyirdilər. Birdən tarakanlar hərəsi bir tərəfə qaçırmağa başladı. Pırpızlı qadın tarakanları görmüşdü. Əlindəki tərliklə onlara hücum çəkmişdi. Po və Zed qaçıb qapının küncündəki dəliyə daxil oldular. Dəyəsən, Pırpızlı onları görmüşdü. Dəliyə işıq gələn tərəfdən tez-tez nəsəgirib-çıxırdı. Elə bir az keçmişdi ki, ara sakitləşdi. Po və Zed oradan çıxmadılar. Çox yorğun olduqlarından yatdılar.

***

Bir müddət sonra Zed oyandı. Oyananda dəlikdən işıq gəlmirdi. Fikirləşdi ki, artıq axşam düşüb. Hə, indi qərargaha qayıtmaq olar. Ona görə Ponu oyatdı.

― Po, dur! Dur, Po!

Po oyandı və yuxulu-yuxulu:

― Hə, hə, nə oldu?Pırpızlı gəldi? Hanı? ― soruşdu.

― Yox, Po, artıq qaranlıqdır. Ətraf təhlükəsizdir. Gedək qərargaha.

Onlar durubyola düzəlmək istəyəndə təəccüblü bir hadisənin şahidi oldular. Dəliyin çıxışı bağlı idi. Sən demə qaranlıq düşməyib. Sadəcə Pırpızlıqadın tarakanların girdiyi dəliyin ağzını bağlayıbmış.

Artıq onların çıxış yolu yox idi. Nə qədər etsələrdə çıxa bilmədilər. Elə oradacataqətləri kəsilmiş halda uzandılar.

***

Bir neçə gün keçmişdi. Heç kim köməyə gəlməmişdi.Po və Zed artıq aclıqdan heysizləşmişdilər. Danışa da bilmirdilər. Təkcə yemək haqqında düşünürdülər.
Qarınları quruldayırdı. Hərdən yerdən bir daş görür onu yeməli bir şey zənn edərək sümürürdülər. Ancaq “daş qarın doyurmaz”.

Bir neçə gün də beləcə keçdi. Onlar günün hesabını itirmişdilər. Günlərin aclığı onları şiddətli arıqlatmışdı. Nəfəs almağa belə gücləri qalmamışdı.

Birdən Zed birtəhər dişləri ilə Ponun ayağından tutdu və onu dişlədi. Ponun aclıqdanqışqırmağa və özünü müdafiə etməyə gücü qalmamışdı.Zed onu vəhşicəsinə yeməyə başladı.O Ponu yetdikcə cana gəlir, güclənir, Po isə yeyildikcə zəifləyir, can verirdi.

Zed ağlaya-ağlaya dostunun ölümü görür və gözləri ilə ona “bağışla” deyərək dərisini sorurdu. Dostu Po isə sakit uzanıb öləziyən gözləri ilə onu seyr edir,taqətsizlikdənheç nə deyə bilmirdi

***

Artıq bir neçə gün də keçmişdi. Zed artıq özünə gəlmişdi. Ancaq yenə də çıxış yolu yox idi. Çarəsiz ölümünü gözləyirdi ki, birdən bir səs eşitdi. Fikirləşdi ki, yəqin qərargahın əsgərləridir, onu axtarırlar. Hayqıraraq burada olduğunu bildirdi. Az keçmədi bir dəlik açıldı. Gələnlər doğurdan da, kəşfiyyat qrupu idi. Onlar Po və Zedi axtarırdılar. Zed dəlikdən bayıra çıxdı.

Əsgərlər tez Zedi qalın bir parçaya bürüdülər və ona qida verdilər.

― Səni sağ görməyimizə şad olduq, Zed! Artıq üç həftədir ki, sizi axtarırıq.

― Nə? Üç həftə? Yəni mən üç həftədir burdayam?

― Bəli, Zed. Tək sən yox, o günkü hücumda qırx yeddi tarakanı itirdik. Artıq səninlə
birlikdə 46 nəfəri tapmışıq. Tapdıqlarımızdan hamısı aclıqdan ölüb. Üç həfdədən sonra sağ çıxan tək sənsən. İgid adammışsan, vallah!

Bu danışan kəşfiyyat qrup komandiri idi. O Zedlə danışdıqdan sonra mərkəzə xəbər verdi:

― Məzkəz! Mərkəz! Şef, danışan kəşfiyyat TKK qrup komandiridir... Biz Zedi tapdıq. Möcüzə baş verib ― Zed sağdır.

O başdan səs gəldi:

― TKK, danışan mərkəzdir. Təbriklər, komandir! Buna görə sizin vəzifənizi qaldıracağıq. Bəs Podan bir xəbər var?

― Yox, şef! Hələ bir xəbər yoxdur. Zed özünə gəlsin, soruşarıq, bəlkə o yerini bilər.

Səs gəldi:

― Ponun anası hər gün mərkəzin qarşısına gəlir. Ağlayır ki, oğlumu mənə diri gətirin. Bir xəbər öyrənsəydik, yazıq arvada da deyərdik. Bilmək olmaz, bəlkə də o da Zed kimi sağdır.

― Bəlkə də şef. O Zedlə möhkəm dostdur. Bəlkə o da sağdır. ― Komandir dedi.
Mərkəzə məlumat verəndən sonra komandir Zedin yanına qayıtdı.

― Zed, bayaq sənə dedim. Axtardığımız bir nəfər qalıb. Bilirsən kimdir?

Zed bunun kim olduğunu çox yaxşı bilirdi. Ancaq Ponun başına gətirdiklərini deyə bilməzdi.

― Yox bilmirəm. ― dedi.

― Ponu tapa bilmirik, Zed!

― Ponu? ― Bunu deyib Zed başını aşağı salıb ağlamağa başladı. O hönkür-hönkür ağlayırdı. Hamı onun dostu üçün ağladığını zənn edirdi. Əslində isə Zedi ağladan onun vicdanı idi. Zedin yuxusu çin olmamışdı. O dostunun bişdiyi qazana odun daşımamışdı. Dostunu bişirməmişdi. Birişirib yeməmişdi. O dostunu çiy-çiy, gözü baxa-baxa nəfsinə satmışdı.

***

Onlar qərargaha qayıtdılar. Hamı sevindi. Zedə və TKK qruppasına yüksək rütbələr verdilər və təltif etdilər. Ancaq nəyə görəsə komandirbir ay sonra rütbəsindən və vəzifəsindən imtina etdi. Bunun səbəbini heç kim bilmədi.

Zedin sağ çıxması bir qəhramanlıq dastanına çevrildi. Hamı ondan danışırdı. Üç həftədən sonra sağ qalan tarakan Zed böyük şan-şöhrət sahibi oldu. Küçələrdə, divarlarda Zedin şəkilləri və sözləri vurulmuşdu. Zed bir şey haqqında danışanda hamı onu qeyd-şərtsiz qəbul edirdi. Camaat onun barəsində belə fikirləşirdi ki, Zed üç həftə həyat mübarizəsi aparıb sağ qalan tarakan olaraq yalan danışa bilməz, ədalətsiz ola bilməz, kimsəyə haqsızlıq edə bilməz. O nə desə, nə etsə düzdür.

Artıq bu hörmət və mənsəb Zedə öz utandırıcı keçmişini unutdurmuşdu. Elə unutdurmuşdu ki, bir neçə dəfə Ponun anasını belə qapıdan qovdumuşdu.
Çünki krallar hər kəsi qəbul etmirdilər. Artıq Zed Tarakan Krallığının kralı olmuşdu.

***

İllər keçdi. Bu qəhramanlıq hadisəsini nəvəsinə danışan bir qoca əhvalatı bitirdi və bir ah çəkdi. Nəvəsi soruşdu:

― Baba çox maraqlı hadisə olub. Zed çox güclü tarakan olub. Mən də böyüyəndə Zed olacağam.

― Hə, balam,həm çox maraqlı, həm də çox ibrətlidir.

― Baba, bəs o komandir nəyə görə rütbəsindən imtina etdi, heç onu demədin?

― Bilmirəm, balam, bilmirəm... ― Baba kədərlə cavab verdi.

― Bəs bununla heç kim maraqlanmadı? ― Nəvə nağılın təsirindən çıxa bilməyərək soruşdu.

― Yox. Zed o qədər məşurlaşmışdı ki, qalan hadisələr camaata maraqsız gəlirdi. Zed nə ilə maraqlansaydı, camaata da maraqlı gəlirdi.

― Bəs, görəsən, komandir niyə imtina etmişdi?! ― Nəvə üzünü babasından çevirib başını qaşıyaraq öz-özünə cavab axtarmağa çalışdı.

Baba cavab vermədi, cibindən nimdaş dəsmalını çıxarıb burununu sildi və dərin bir ah çəkərək: “bəlkə də o Zedin dəlikdən çıxandan sonra bir dəfə də olsun Po ilə maraqlanmadığındanşübhələnmiş, sonra gedib dəlikdə Ponun cəsədinin qalıqlarını görmüş, həqiqəti başa düşmüşdü”― dedi, rütbədən və vəzifədən imtina etmiş keçmiş TKK kəşfiyat komandiri öz ürəyində...

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG