Keçid linkləri

Təcili xəbərlər

Bakının 26 il dilə gətirmədiyi Qarabağ reallığı


Azerbaijan -- Karabakh map (Madrid principles)
Azerbaijan -- Karabakh map (Madrid principles)
.


EŞİTDİLƏR, AMMA İNANMADILAR...

Bəli, nə Bakıda fransız liseyinin açılması, nə də ki, Paris məhəlləsinin yaradılacağı haqdakı xəbərlər insanları Fransa prezidenti F.Hollande-nin (F.Olland) Bakıya səfərinin əsas səbəbinin bunların olmasına inandıra bilmədi, ən azı ona görə ki, ümumilikdə səfər regional xarakter daşıyırdı - fransalı qonaq Bakıdan savayı Tbilisiyə və Yerevana baş çəkəcəkdi.

Biz də güman edirik ki, səfər üçün Fransa prezidentinin “seçilməsi” heç də təsadüfi deyildi. Gürcüstanla Rusiya arasında müharibə yaşanarkən də Fransa prezidenti M.Sarkozy (M.Sarkozi) xüsusi fəallıq nümayiş etdirmiş, müəyyən mənada Rusiyanın ekspansiv planlarını cilovlaya bilmişdi.

Elə o səbəbdən də Fransa prezidentinin tək öz adından deyil, həm də aparıcı Qərb dövlətlərinin adından səfər etdiyini düşünmək daha məntiqli olardı. Məsələ ondadır ki, digər iki aparıcı Avropa ölkəsi - Böyük Britaniya və xüsusən də Almaniya regional məsələlərdə bir o qədər də fəal olmurlar. Bəzi hallarda onları Fransa əvəz edir və regional dövlət missiyasını öz üzərinə götürür...

MÜNAQİŞƏLƏR, MÜNAQİŞƏLƏR...

Regional məsələlər arasında isə indiki məqamda keçmiş SSRİ ərazisindəki münaqişələr və eləcə də bəzi keçmiş sovet ölkələrinin Rusiya ilə indiki münasibətləri xüsusi önəm kəsb edir. Elə bu səbəbdən də fərz etmək olar ki, Fransa prezidentinin Bakıya səfəri həm də Qarabağ problemi ilə bağlı idi.
...reallıq budur ki, MDB-dəki bütün münaqişələr kimi Qarabağ münaqişəsinin də arxasında Rusiya dayanır. Bu, 26 il ərzində nəzərə alınmayan ən böyük reallıqdır.


Məsələ bundadır ki, bu yaxınlarda ABŞ-ın Minsk Qrupundakı həmsədri J.Warlick (C.Uorlik) Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı altı əsas prinsip səsləndirmişdi. Prinsiplər rəsmi Bakının kəskin və davamlı tənqidinə səbəb oldu.

Əksər hallarda dövlət rəsmiləri bilavasitə özləri Qarabağ probleminin təfərrüatları ilə bağlı kəskin fikirlər səsləndirmirlər, bunu daha çox özlərinin “siyasi satellitlər”inin öhdəsinə buraxırlar. Amma bu dəfə kəskin tənqidi fikirlər bilavasitə Prezident Administrasiyasından və hakim Yeni Azərbaycan Partiyasından gəldi.

Həmsədr J.Warlick əslində münaqişənin nizamlanması ilə bağlı indi mövcud olan iki baxış arasında ortaq bir yol tapmağa cəhd etmişdi.

Bəs, Azərbaycanı qane etməyən və müəyyən mənada dövlət rəsmilərinin qəzəbinə səbəb olan nə idi?

Birincisi,
təkliflərdə Qarabağa müvəqqəti, aralıq statusunun verilməsi haqda fikir vardı. Bunu rəsmi Bakı özünün əsas mövqeyinə - münaqişənin mərhələli şəkildə həll edilməsinə zidd təklif kimi qəbul etdi və aralıq statusu veriləcəyi təqdirdə Dağlıq Qarabağın Azərbaycanın nəzarətindən tamamilə çıxacağını bildirdi.

Amma Bakının bu mövqeyinin özü ciddi təftişə və tənqidə davam gətirmir - zənn etmək olardı ki, guya Dağlıq Qarabağ indi Azərbaycanın nəzarətindədir?!

İkincisi,
daha bir ciddi irad “humanitar” dəhlizlə bağlı idi. J.Warlick təklif edir ki, Dağlıq Qarabağa geniş humanitar dəhliz verilsin, amma onu da qeyd etməyi unutmur ki, bu dəhliz bütün Laçın rayonunu əhatə edə bilməz.
Bakı bu məqamı da özü üçün məqbul hesab etmir, Laçının itiriləcəyini bildirir, hərçənd ki, təkliflərdə dəhlizin bütün rayonu əhatə etməyəcəyi xüsusi olaraq vurğulanır-bir qədər mücərrəd formada olsa da...

Təkliflərin məcmusuna gəldikdə isə rəsmi Bakı onu Madrid prinsiplərinin davamı hesab edir və özü üçün bir növ çevrilmiş səhifə sayır...

SON 26 İLİN ƏN BÖYÜK REALLIĞI...

Bizə gəldikdə isə düşünürük ki, burada ən böyük reallıq yenə də nəzərə alınmır. Bakı həmin reallığı dilə gətirməyə ehtiyat edir.
Erməni lobbisi amili imkan vermir ki, Qərb Qarabağ probleminin də arxasında Rusiyanın dayandığını etiraf etsin. Amma heç olmasa həmin lobbiyə Ermənistanın siyasi kursunu azacıq da olsa dəyişməyi, Qərbə istiqamət götürməyi tövsiyə etmək olardı...

Amma həmin reallıq budur ki, MDB ərazisindəki bütün münaqişələr kimi Qarabağ münaqişəsinin də arxasında Rusiya dayanır, bu münaqişə də Rusiyadan dəstək alır. Bu, 26 il ərzində nəzərə alınmayan ən böyük reallıqdır.

Digər münaqişələrdə bu, tam şəkildə olmasa da qismən nəzərə alınır.

Məsələn, bütün Qərb ölkələri Ukraynada baş verənlərin arxasında Rusiyanın dayandığını bəyan edir və düz də edir. Ona görə ki, bu, həqiqətən də belədir.

Erməni lobbisi amili imkan vermir ki, Qərb dövlətləri Qarabağ probleminin də arxasında Rusiyanın dayandığını etiraf etsin. Amma heç olmasa həmin lobbiyə Ermənistanın siyasi kursunu azacıq da olsa dəyişməyi, Qərbə istiqamət götürməyi tövsiyə etmək olardı!

Doğrudanmı bu, da çətindir? Bunun olmayacağı, həqiqətin dilə gətirilməyəcəyi təqdirdə ən yaxşı halda yalnız bir perspektiv görünür - nə sülh, nə də ki, müharibə...
Gözlə

No media source currently available

0:00 0:03:59 0:00
Direct-ə keçid

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir

Ən son yazılan

XS
SM
MD
LG