Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 09:54
-

Bu hekayə "Ədəbi Azadlıq-2014" müsabiqəsinin münsiflərindən bal alsa da, bu, 20-liyə keçmək üçün yetərli olmayıb. Müsabiqəyə göndərildiyi kimi, nöqtə-vergülünə toxunulmadan çap edilir.


Aslan Quliyev


ƏBƏDİ POLİS



O əbədi polis idi, əbədi və ölməz idi. Cinayətkarları yaxalayıb Baş idarəyə aparır, ədalətə təslim eləyirdi. Yenə də amansız bir qatili yaxalayıb qollarına qandal vuranda qatil ona dedi:

- Məni həbs eləyə bilməzsən?

- Niyə? - əbədi polis heyrətləndi.

- Çünki mən kommunistəm.

Qanun qarşısında hamı eynidir, əbədi polis dedi, sən ədalətin qarşısında dayanacaq və əməlin üçün cavab verəcəksən. Qatil isə razılaşmırdı, həyatda hamımz eyni olmadığımız halda, qanun qarşısında necə eyni ola bilərik?

Əbədi polis qatili qabağına qatıb Baş idarəyə aparırdı. Qürurla yeriyirdi, başını dik tutmuşdu. Yolun kənarında payız otları göyərirdi, otların arasında sərçələr şən-şən cikkildəşərək dən axtarırdılar. Sarışın saçlı qız başını pəncərədən çıxarıb aşağıda dayanmış oğlana nəsə qışqırırdı, bağdakı oturacaqda tələbə qız kitab oxuyurdu. Həyat sevinc və fərəh içində ilğımlanırdı.

Qatili Baş idarəyə gətirdi. Burda isə onun gözünün qarşısındaca qatilin qandallarını açıb buraxdılar. Möhkəm qəzəblənmişdilər, indi kommünistləri həbs eləməkmi olar? Hakimiyyətdə onlardılar. Hamımızı bir nəfər kimi güllələyər, ya da Sibirə sürgün elərlər, orda şaxtadan donub ölərik.

Əbədi polis pərt halda soruşdu: “Sibir çoxmu soyuq olur?” “Lap çox, -dedilər, -əyər orda qışda ölsək, bizim üçün qəbir qaza bilməyəcəklər. Yayın gəlməsini gözləyəcəklər, yay gəlib torpaq isinəndən sonra qəbir qazıb basdıracaqlar”. “Ona kimi vəhşi hevanlar meyitimizi didib parçalar”,- əbədi polis əməlli-başlı narahat olmuşdu. “Parçalaya bilməzlər. - Ona təsəlli verdilər. - Meyitimiz donub daş kimi olacaq. Vəhşi heyvanların dişləri batmaz”.

Əbədi polis geri qayıdanda ayaqlarını sürüyürdü, başını qaldırıb adamların üzünə baxmırdı. Amma ruhdan da düşməmişdi, mən əbədiyəm, öz-özünə deyirdi, kommunistlər isə əbədi deyillər. Onlar gedəcəklər, onda mən qatili yaxalar, ədalətə təhvil verərəm.

Külək xəzəlləri göyərən otların arasıyla qovurdu, saçlarına güllü bant bağlamış qızcığaz küçüyünü itirmişdi, ağlayırdı, pəncərənin qabağında dayanmış oğlan fikirli halda ordan uzaqlaşırdı. Həyat qüssə və kədər içində ilğımlanırdı.

Birbaşa evinə getdi, pəncərənin qabağında oturdu. Xidmətçisi moruq çayı gətirdi. Çay içir pəncərədən payıza baxır və qüssələnirdi. Çarpayısına uzandı, kommunistlərin getməsini gözləyirdi. Bir gözü ayıq idi, arada oyanır, amma kommunistlərin getmədiklərini görəndə təzədən gözünü yumurdu. Yay keçdi, payız gəldi. Havalar yağıntılı, rütubətli keçdiyindən əbədi polisin bədəni nəm çəkib şişir, oynaqları sızıldayırdı. Xidmətçisi araqda islatdığı acı bibər cövhəri ilə onun bədənini, oynaqlarını silir, bütün qışı ona moruq, itburnu çayı içirdirdi. Yeməyi də əsasən sobada bişirilmiş kartof olurdu, kartofu xırdaca doğranmış, üzərinə sumax, duz səpilmiş sarımsaqla yeyirdi. Nəyə görə mən ancaq kartof, sarımsaq yeməliyəm, xidmətçisinə iradını bildirdi, quşlar, qoyunlar, heyvanlar yoxamı çıxıblar? Sarımasaq yeyib, qatili necə yaxalaya bilərəm? Bəlkə elə bu gün kommunistlər çıxıb getdilər, qatili yaxalamağa gedərəmsə, sarımsağın iyini üç ağaclıqdan hiss eləyib, aradan çıxacaq. Ölkəmizin də adı pis səslənər, deyəcəklər, bu nə ölkədir, əbədi polisləri sarımsaq qoxuyur!
Əyər siz qoyunları, quşları yeməyə başlasanız, əbədi ola bilməzsiniz, xidmətçi dedi, ömrünüz qoyunların ömrü qədər olar. Qoyun iyini qatil lap on ağaclıqdan hiss eləyər. Ölkəmiz isə əməlli başlı rəzil olar, deyəcəklər, bu nə ölkədir, əbədi polisləri qoyun iyi verir! Əbədi olanlar canlıları yox, cansızları yeməlidir.

- Səncə kartof cansızdır?

- Məncə, hə.

- Böyüyür, nəfəs alır, amma cansızdır? Yadında saxla, yer üzündə cansız heç nə
yoxdur. Aydın oldumu?

- Aydın oldu, - xidmətçi təsdiq elədi.

Beləcə baharlar keçir, qışlar gəlirdi. Küləklər əsir, sular axır, günəş dəfələrlə doğub batırdı. Çöllər göyərir, ağaclar tumurcuqlayır, zəmilər qızarırdı. Yarpaqlar saralır, cığırlar, izlər qarla örtülür, çaylar, göllər donurdu. Kommunistlərin getməsindən isə bir soraq yox idi.

Əbədi polis şübhəyə düşdü, bəlkə elə onlar da mənim kimi əbədidilər? Belə düşünüb öz əbədi yuxusuna getdi. Onu yalnız kommunistlərin getməsi xəbəri yuxudan oyada bilərdi. Belə də oldu, nəhəng ölkə çökdü, dağıldı, kommunistlər yoxa çıxdılar. Əbədi polis də yuxudan oyandı. Ayağa qalxdı, gözləri işıldayırdı. Geyindi, silahlandı və qandallarını da götürüb getdi qatili həbs eləməyə. Qatili tapdı, lakin qatil ona dedi:

- Məni həbs eləyə bilməzsən.

- Niyə?

- Çünki mən cəbhəçiyəm.

- Axı kommunist idin?

- İdim, indisə deyiləm.

Əbədi polis qatilin qollarını qandalladı, qabağına qatdı, bu dəfə onun yalan dediyini əlinin içi kimi bilirdi. Amma özünə elə də inamlı deyildi Kommunistlərin gedişini eşitmişdi, cəbhəçilərin gəlişindən isə xəbərsizdi.

Amma qatil düz deyirmiş, Baş idarədə yenə də onu azad elədilər. Adamların rəngi ağappaq ağarmışdı. Neylədiyindir, o cəbhəçidir, hakimiyyətdə də cəbhəçilərdir. “Bizi Sibirəmi göndərəcəklər?” - əbədi polis narahat halda soruşdu. “Yox, - dedilər, - onların Sibirləri yoxdu. Amma idarəmizə qumbaratanlardan atəş aça, vertalyotlarla, təyyarələrlə bomba yağdıra bilərlər”.

Kor-peşiman halda geri qayıdırdı, bir istədi əbədi polislikdən istefa versin. Əyər bir qatili həbs eləyə bilmirdisə əbədi polis olmağa dəyərdimi? Belə düşünsə də, acizliyinə görə özünü məzəmmətlədi. Yox, nə olursa olsun, bu qatili həbs eləyəcəkdi! Həm də bu yeni gələnlərin adicə Sibirləri də yox idisə, gedişləri çox çəkməyəcəkdi.

İndi də cəbhəçilərin nə vaxt getmələrini gözləyirdi. Arada ayağa qalxır, moruq, itburnu çayı içir təzədən çarpayısına uzanırdı. Daha quşları, qoyunları yeməyə təkid eləmirdi, böyüyən, kök atan, nəfəs alan kartofu yemək ona çətin gəlirdisə, onun özü kimi ürəyi olan, damarları ilə qan axan, duyan, başa düşən canlını necə yeyə bilərdi? Fikrini xidmətçisinə də dedi:

- Mən daha qoyun yeməyəcəyəm.

- Lap yaxşı, - xidmətçi onunla razılaşdı.

- Amma quşları, balıqları yemək olar.

- Olar, amma əbədilər yeyə bilməzlər.

Yeyə bilməzlərsə, yemərik, könülsüz halda dilləndi. Qoy mavi səmalarında uçsunlar, mavi sularında üzsünlər. Onları yeməyə başlasaq, göy üzü, dənizlər və çaylar boşalacaq. Göy olacaq, amma quşu olmayacaq, dəniz olacaq, amma balığı olmayacaq.

Çox gözləyəsi olmadı, cəbhəçilər səs-küylü gəldikləri halda, səs-küysüz çıxıb getdilər. Əbədi polis ayağa sıçrayıb geyindi və gedib qatili tapdı. Həbs elədi, qatil isə ona baxır, gülürdü:

- Məni həbs eləyə bilməzsən.

- İndi niyə?

- Çünki yapçıyam.

- Axı cəbhəçi idin.

- İdim, artıq deyiləm.

Ol, əbədi polis qışqırırdı, nəçi olursan ol! Mən səni ədalətə təslim eləyəcəyəm. Sən ədalətin qarşısında dayanacaqsan! Qatilsə gülür, başını yırğalayırdı, özünü nahaq yorursan. Əlində hakimiyyət olanlar ədalət qarşısında dayanmırlar, ədalət əlində hakimiyyət olmayanlar üçündür.

Əbədi polis qatili Baş idarəyə gətirəndə bütün idarə çaxnaşmaya düşdü. Qatili dərhal azad elədilər, onun üstünə düşmüşdülər. Sən neyləyirsən? İndi hakimiyyətdə yapçılardılar, onu həbs eləməkmi olar? Hamımızın evindən, iş yerindən tank, top tapıb işimizi bitirərlər.

Evinə gəldi, bu günə qədər əbədi, ölməz olması onu nə qədər sevindirirdisə, bu gün aciz, gücsüz olması bir o qədər ağrıdırdı. Yorulmuşdu, bir təhər polis paltarını soyunub çarpayısına uzandı. Bədəni sızıldayırdı. Xidmətçisindən soruşdu:

- Mən onu niyə həbs eləyə bilmirəm?

- Buqələmundur, ona görə.

-Aha! - əbədi polis dirçəldi. - Mən bu dəfə ona rəngini dəyişməyə imkan verməyəcəyəm!

İndi də əbədi polis öz əbədi yatağında uzanıb, amma yuxuya gedə bilmir, bir gözü açıqdır. Arada ayağa qalxır, moruq, itburnu çayı içir, kartof yeyir, təzədən yatağına uzanır. Buqələmun rəngini dəyişməyə macal tapmamış, onu nə vaxt həbs eləyəcəyi günü səbirsizliklə gözləyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG