Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:38

-

"OxuZalı"nda ən çox oxunan



"Bu toplumu bağışlamaq olmaz. Onu bağışlamaq mümkün deyil..."


Günel Mövlud


VALİDEYNLƏRİMİZ


5-ci sinifdə oxuyurdum. Yaz ayları idi. Bir gün anam inkubatordan 150-200 cücə alıb, həyətə buraxdı.

Tərs kimi, həndəvərdə hardansa bir axmaq pişik peyda olmuşdu. Cücələrə dadanmışdı, gündə birin tutub-yeyirdi.

Anam çox düşünmədən, məni cücələrə qarovulçu təyin elədi. Həyətin arxa tərəfində, cücələr üçün çəpərlənmiş yerdə səhərdən axşama qədər oturub, onlara göz olmalıydım ki, pişik gəlib yeməsin.

O günlərdə əlimə Cəfər Cabbarlının seçilmiş əsərləri düşmüşdü. Kitabı tez oxuyub, qaytarmalı idim. Cəfər Cabbarlının hekayələrini, pyeslərini ilk dəfə o vaxt, uşaq yaşımda oxumuşam.

Dəhşətli dərəcədə maraqlı gəlirdi mənə. Hər gün kitabı qoltuğuma vurub, cücələrin yanına keçir, onların şən cikkilti sədaları altında böyük dramaturqun yaradıcılığını su kimi içirdim.

Anam bir neçə dəfə xəbərdarlıq elədi ki, kitaba çox baş qoşmayım, başım qarışacaq, pişik gəlib, cücələrdən aparacaq.

Günlərin bir günü elə də oldu. Başım kitaba qarışdı, pişik gəlib cücənin ikisini apardı. Anam cücələri sayanda ikisinin kəm gəldiyini gördü, sonra qan izlərini tapıb, başa düşdü ki, pişik yeyib.

Həmin gün anam su şlanqını dörd qatlayıb, o şlanqla məni bədənim qançır olana qədər döydü. Başıma, boynuma, belimə, qarnıma – harama gəldi, şlanqla elə amansızcasına vururdu ki, indi də yadıma düşəndə qorxudan gözümü qırpıram.

Atam məsələni biləndə heç vecinə də almadı. Reaksiyası bu oldu ki... mənə kitab oxumağı qadağan elədi.

O gündən sonra kitabları oğru kimi xəlvətdə, tualetdə, hində, ot tayasında, ağacın başında oxumağa başladım. Hər dəfə də kitab oxuyan yerdə tutulanda döyülürdüm.

Valideynlərim məni səbəbli-səbəbsiz çox döyüblər. Özü də uşaq döyürmüş kimi, yüngülcə yox, canlı-cəsədli düşməni döyürmüş kimi, amansızcasına, qəddarcasına. Ən müxtəlif səbəblərə görə: evi süpürmədin, qabı yumadın, qardaşına baxmadın əlini yandırdı, toyuğa baxmadın qonşunun çəpərinə keçdi, nə bilim, hər şeyə görə…

"Bu rusun saqqalı qırmızı olsaydı, ağıllı-başlı adamdı ha". "Molla Nəsrəddin" jurnalı

"Bu rusun saqqalı qırmızı olsaydı, ağıllı-başlı adamdı ha". "Molla Nəsrəddin" jurnalı



O döyülmələrin çoxunu, bəlkə də hamısını unuda, onlara haqq qazandıra bilərəm. Gənc adamlar idilər. Düşünmədən üç uşaq doğmuşdular. Kasıbçılıq, ağır zəhmət onları vaxtından əvvəl qocaltmışdı. Bilmirdilər neyləsinlər ki, birtəhər uşaqlarını dolandıra bilsinlər. Gəncliklərini uşaqlarına, zəhmətə, kasıbçılığa, qayğıya xərcləmişdilər. Bunları düşünəndə, birtəhər onları başa düşməyə çalışıram.

Amma məhz həmin gün döyülməyimi onlara bağışlamayacam. Təsəvvür edin ki, uşağınız var. Orta məktəbdə oxuyur. Yaxşı oxuyur. İki dildə kitab oxuya bilir. Heç bir təzyiqsiz, məcburiyyətsiz-zadsız, öz həvəsi ilə kitaba meyl salıb. Beşinci sinif şagirdidi və Cəfər Cabbarlının əsərlərini oxuyur. Sənsə iki cücəni pişik aparıb deyə, kitabı əlindən alıb, onu döyürsən.

Uşağın 12 yaşında «Od gəlini»ni oxuyur, sənsə onu kitabdan ayırıb, ev işi gördürürsən. Kitab oxumağı qadağan edirsən. Bunu heç bir əzabkeş anaya bağışlamaq olmaz. Hansısa valideynə bunu bağışlamaq bəşəriyyətə qarşı cinayət işlətməkdir. Buna görə də, mən o günkü döyülməyimi onlara heç vaxt bağışlamayacam.

Bu şəxsi söhbətləri boş yerə yazmıram. Mənim yaşadıqlarım orta statistik əyalət uşağının yaşadığı həyat idi. Düzdü, aranızda elələri ola bilər ki, başqa cür münasibət görsün, valideynləri fərqli davransın. Amma mən gözümü açandan, öz evimizdə, qonum-qonşuda, qohum-əqrabada oxuyan uşağa, xüsusilə də qızlara qarşı belə münasibət görmüşəm.

Azərbaycanlıların övladlarının təhsilinə münasibətinin nəticəsidir ki, bizdə üzə çıxarmalı beş-altı adam var, onlar da özlərini yetişdirmiş adamlardı. Amma bu da pisdir axı. Ailənin, valideynlərin sənin təhsilində, insan kimi tərbiyə olunmağında, prinsiplərini, dəyərlərini müəyyən etməyində iştiraksız qalmaqları çox pisdir.

Zamanla onlardan uzaqlaşmağa, ögeyləşməyə məcbursan. Etirazlar, mübahisələr, bəzən lap dava-dalaşlar qaçılmazdır. Ən pisi isə budur ki, sən özün özünü yetişdirəsən, kitablar sənə gözəl şeylər, ali dəyərlər, gözəl münasibətlər öyrədə, ailədə isə nadanlıq, cəhalət, kobudluq görəsən. Bir insan üçün bu, əsl faciədir.

Bizim valideynlərin isə aşağı-yuxarı, hamısı belədi. Tək-tük, olduqca nadir hallarda ata-analar tapılır ki, məhhumiyyətlərə qatlanır, uşağının oxumağını dəyərləndirir, əlindən gələni edir ki, uşağı təhsil alsın. Bəzən bunu elmin, təhsilin dəyərini anladıqları üçün deyil, nəsə umduqları üçün edirlər. Uşağı ona görə oxudurlar ki, prokuror olub, adam tutsun, rüşvət alsın, oğluna hörmət eləsinlər, ondan qorxsunlar. Kim olur-olsun, təki pul qazansın, bahalı maşın sürsün, vəzifəsi, nüfuzu olsun. Oxudanda da, belə şeylərə görə oxudurlar.

Əgər sən evdə desən ki, yazıçı olmaq istəyirsən, kino çəkmək, tamaşa qoymaq istəyirsən, ya da sırf elmlə məşğul olmaq istəyirsən, bunlar da ki, çox vaxt pul gətirmir, onda valideynlərin sənətə, mədəniyyətə, elmə əsl münasibətini görə bilərsən. Sənə pul qazandırmayacaq, bahalı maşın sürdürməyəcək elm onlara lazım deyil.

Bizim insanlar öz xislətləri etibarilə elmə, mədəniyyətə ögey, yad varlıqlardır. Onların canında, qanında, mahiyyətində o zəhrimar nədirsə, o yoxdur ki, elmin, təhsilin dəyərini bilsin. Bu xalq kitablardan gələn işığı heç vaxt görə bilməyib. Görə bilməyəcək də. Tarix bunu təsdiq edir. Axundov kimi dahini dəfn etməkdən imtina edən xalqa yüz, yüz əlli il sonra baxın. Çoxmu şey dəyişib?

O vaxtın azərbaycanlısını birtəhər başa düşmək olar. O vaxt kitab, elm, təhsil bəy balalarının, imkanlı adamların uşaqlarının əli çatan bir şey idi. Xalqın böyük əksəriyyəti savadsız idi. Buna görə də, Axündov kimi mütəfəkkirin kim olduğunu anlamadıqlarını başa düşmək olur.

Bəs indi? Axı indiki azərbaycanlıların çoxu Sovetlərin zorla da olsa, oxutduqları, oxuyub-yazmaq öyrətdikləri insanlardır. İndiki azərbaycanlıların öz fikir adamlarına, yazıçılarına, elm, incəsənət adamlarına münasibəti bəyəm fərqlidir? Hansı daha pisdir: savadsız olduğuna görə mütəfəkkirini tanımayan, yazıçıya deyil, mollaya inanan çar rəiyyəti, yoxsa oxuyub-yazmaq bildiyi, müstəqil ölkənin vətəndaşı olduğu halda, kitaba, teatr biletinə 5 manat qıymayıb, 10 min manatı bir müğənninin yarım saatına xərcləyən azərbaycanlı? Bu mənada, azərbaycanlılar özlərinin yüz, yüz əlli il qabaq yaşamış babalarına çox uduzurlar.

Bu toplumu bağışlamaq olmaz. Onu bağışlamaq mümkün deyil. Bu toplum başına gələn bütün bəlalara, hakimiyyətdən, məmurlardan, özlərindən bircə addım yuxarıda dayananlardan gördükləri bütün təhqirlərə layiqdir. Gələcəyin bir həkiminin, əczaçısının təhsil haqqını müğənniyə xərcləyən azərbaycanlı aptekdən saxta dərman alırsa, savadsız həkim ona səhv diaqnoz qoyub, yanlış iynəni vurub, öldürürsə, o buna layiqdir.Gələcəyin vəkilinin təhsil haqqını tamadaya, toyda 45 növ salata xərcləyirsə, sabah məhkəməyə işi düşəndə, fırıldaqçı vəkilin onu aldatmağına layiqdir.

Kitablardan gələn işığı görməyi bacarmayan xalq zülmətə, qaranlığa məhkumdur. Və layiqdir.


Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG