Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:48

Kiprə müdaxiləsinə görə Türkiyəyə 90 milyon avro cərimə kəsilib


Kiprin tərk edilmiş sahilyanı Varoşa şəhəri

Kiprin tərk edilmiş sahilyanı Varoşa şəhəri

-

KİPRƏ 1974-CÜ İL MÜDAXİLƏSİNƏ GÖRƏ TÜRKİYƏYƏ 90 MİLYON AVRO CƏRİMƏ KƏSİLİB

«Associated Press» agentliyinin yaydığı xəbərə görə, 1974-cü ildə Kiprə hərbi müdaxiləsinin kompensasiyası kimi Türkiyədən 90 milyon avro tələb olunub.
Avropa İnsan Haqları Məhkəməsinin qərarında deyilir ki, hadisədən 40 il keçməsi Türkiyəni Kiprdə münaqişənin davam etməsinin və adanın bölünmüş vəziyyətdə qalmasının məsuliyyətindən azad etmir.

Qərarda bildirilir ki, Türkiyə hökuməti hərbi əməliyyatlar zamanı yoxa çıxmış ada sakinlərinin yaxınlarına 30 milyon, Karpas yarımadasında anklav vəziyyətinə düşmüş Kipr yunanlarına isə 60 milyon avro ödəməlidir.

Adanın türk hissəsinin şimal ucunda yerləşən Karpas yarımadasında hələ də yüzlərlə Kipr yunanı yaşayır.

Kiprdə Türkiyənin müdaxiləsindən sonra yaranmış Şimali Kipr Türk Respublikasını rəsmən yalnız Ankara tanıyıb.

TÜRKLƏRİ ETNİK TƏMİZLƏMƏDƏ İTTİHAM EDİRLƏR

Avropa İnsan Haqları Məhkəməsi

Avropa İnsan Haqları Məhkəməsi

AİHM-nin qərarında bildirilir ki, Türkiyə qüvvələri minlərlə yunanı yurdlarından didərgin salıb, yerlərinə Türkiyə türklərini yerləşdirməklə etnik təmizləmə aktı törədib.
Hər iki tərəfdən itki və qətliam iddiaları var və hərbi müdaxilə nəticəsində 100 min insan qaçqına çevrilib.

Mətbuat yazır ki, Türkiyənin hərbi müdaxiləsinə 1974-cü ilin iyulunda baş vermiş yunan hərbi çevrilişi səbəb olub.

Həmin ilin avqustunda – yunan xuntası çökdükdən sonra Türkiyə ikinci dəfə müdaxilə edərək adanın üçdə bir hissəsini nəzarətə alıb. Türkiyənin özündə bu müdaxilə «Kipr Sülh Əməliyyatı» adlandırılır.

ANKARA HÖKMÜ RƏDD EDİR

AP-nin xəbərində deyilir ki, məhkəmənin qərarı adanın türk və yunan icmalarının birləşmə təşəbbüsləriylə eyni vaxta təsadüf edib.

Bu qərardan az əvvəl Türkiyə xarici işlər naziri Ahmet Davutoğlu ölkəsi üçün bu hökmün çox həssas vaxta təsadüf etdiyi barədə xəbərdarlıq etmiş və bildirmişdi ki, Ankara hökmü məcburi saymayacaq.

Ahmet Davutoğlu

Ahmet Davutoğlu

Davutoğlu qərarın hüquqi baxımdan qüsurlu olduğunu vurğulamışdı.

Türkiyə daha öncələr də Kiprlə bağlı kompensasiyaları ödəməkdən boyun qaçırıb.

Məsələn, 1998-ci ildə Strasburq məhkəməsi Kireniya şəhərinin sakini Titina Loizidou-ya kompensasiya ödənməsi barədə qərar çıxarsa da, qərar tam icra olunmayıb. 2008-ci ildə şikayətçiyə kompensasiya ödənsə də, onun mülkiyyət hüququ bərpa edilməyib.
İndiki qərar bütövlükdə Kipr yunanlarının adından şikayətlə bağlı çıxarılmış ilk qərardır.

Məhz buna görə də bu qərarın adanın iki icması arasında barışıq və birləşməyə dair uğurlu danışıqlara ciddi zərbə vura biləcəyi ehtimal olunur.

Şərhləri göstər

XS
SM
MD
LG