Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:17
-
Məmurlardan, vəzifəli şəxslərdən şikayətlənib Ombudsmana üz tutan insanların sayı minlərlədir. Ötən il Azərbaycanın İnsan Haqları üzrə Ombudsmanı azı 12 min 500 şikayət qəbul edib - bundan əvvəlki illərdən nisbətən az olub. Bu institutun səlahiyyətlərinin artırılması məqsədilə əlavə tədbirlərə ehtiyac duyulur. Ümumilikdə, cəmiyyətin Ombudsman institutundan gözləntiləri hədsiz yüksəkdir və belə hesab edilir ki, hətta onun mandatı və fəaliyyət qabiliyyəti çərçivəsində olmasa da, Ombudsman bütün problemləri aradan qaldıracaq.

«Şəffaflıq Azərbaycan» təşkilatının «Milli Şəffaflıq Sisteminin qiymətləndirilməsi» layihəsi çərçivəsində hazırladığı hesabatda belə deyilir. «Şəffaflıq Azərbaycan» son illərdə Ombudsmanın fəaliyyətini araşdırıb və bir sıra məqamları qeyd edib.

268 POLİS CƏZALANDIRILIB, 15 NƏFƏR XARİC EDİLİB

İnsan Haqları üzrə Müvəkkilə şikayətlərin 20%-i mülkiyyət hüququnun pozulmasından, 10%-dən çoxu hüquq mühafizə orqanlarının işindəndir. Şikayətlərin əksəriyyəti hüquq-mühafizə orqanlarına və icra hakimiyyətinə yönəldilib. 268 polis işçisi cəzalandırılıb –onların 231 nəfərinə qarşı inzibati tədbirlər görülüb, 15 nəfəri isə polis orqanlarından xaric edilib.

Bəzən insanlar məhkəmələrdən, deputatlardan gileyli olunca, yenə Ombudsmana üz tuturlar. Amma qanunvericiliyə əsasən, Ombudsman Azərbaycan Respublikası Prezidentinin, deputatların və hakimlərin fəaliyyətini araşdıra bilməz. Ombudsman icra hakimiyyətinə daxil olan digər strukturların fəaliyyəti ilə bağlı daxil olan şikayətləri araşdırmaq səlahiyyətindədir.

Ombudsman Konstitusiyada və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş insan hüquq və azadlıqlarının pozulmasının qarşısını almaq üçün geniş mandata sahibdir. Ombudsman dəfələrlə, ən azından insan hüquqlarının kəskin pozulduğu hallarda və əhəmiyyətli işlər zamanı tənqidi bəyanatlar səsləndirməyə və müraciətlər etməyə hazır olduğunu nümayiş etdirib. Mütəmadi olaraq siyasi məhbuslar, həbsdəki jurnalistlər və bloqqerlərlə də görüşür.

2 MİN MANATLIQ MAAŞ

Hazırkı müvəkkil Elmira Süleymanova 12 ildir fəaliyyət göstərir. Qanunvericiliyə görə, Ombudsman yeddi il müddətinə seçilir və bu vəzifəyə iki dəfədən artıq seçilə bilməz.

Hesabatda deyilir ki, Ombudsmanın aylıq vəzifə maaşı 2 min 25 manatdır:

«Müqayisə etsək, bu rəqəm kifayət qədər yuxarıdır. Məsələn, prezidentin 9 iyul 2008-ci il tarixli sərəncamına əsasən nazirlərin aylıq vəzifə maaşı min 500 manatdır».

Qurumun büdcəsi əsas vəzifələrini yerinə yetirməyə kifayət etsə də, 2011-ci ildən bu instituta həvalə edilmiş yeni vəzifələrin icrası üçün yetərli deyil. Qanunvericiliyə edilən son dəyişikliyə əsasən, informasiya əldə etmək haqqında qanunda göstərilən tələblərin icrasına nəzarət məqsədilə ombudsman institutuna əlavə səlahiyyətlər verilib.

OMBUDSMANSIZ İNFORMASİYA MƏKANI

«Şəffaflıq Azərbaycan» təşkilatı qeyd edir ki, informasiya əldəetmə hüququnun təminatı sahəsində ombudsman institutunun fəaliyyətinin nəticələri bu gün üçün də məhdud olaraq qalır.

«Buna əsas səbəb yeni səlahiyyətlərin icrası üçün maliyyə vəsaitinin kifayət etməməsidir. Buna görə də, informasiyaya çıxışın təminatı sahəsində institutun nailiyyətləri daha az diqqət çəkir. İnformasiya əldə edilməsi ilə əlaqədar informasiya axtaranlara hüquqi yardım mexanizmi yaradılmayıb. İnformasiya sahiblərinə informasiya xidmətlərinin təkmilləşdirilməsi yönündə təkliflərin verilməsi istiqamətində atılan addımlar barədə isə məlumat yoxdur».

Sonda «Şəffaflıq Azərbaycan» İB tövsiyələrini edib.
1. İnformasiya əldəetmə hüququnun təminatı sahəsində yeni səlahiyyətlərlə əlaqədar ombudsman institutunun büdcəsini və insan resurslarını artırmaq;
2. İnformasiya əldə edilməsi ilə əlaqədar informasiya axtaranlara hüquqi yardım mexanizmlərinin yaradılması.
3. Ombudsman institutuna çıxışı artırmaq və əhali arasında əhatə dairəsinin genişlənməsinə nail olmaq (məsələn, bölgələrdə şikayətçilərlə səyyar görüşlər keçirmək, televiziya və radio proqramlarında sosial çarxlar yayımlamaq).
4. Biznes sektorunda baş verən mübahisələrin həlli, o cümlədən məhkəmələrin yükünü azaltmaq məqsədilə maliyyə ombudsmanının yaradılması işini sürətləndirmək.
XS
SM
MD
LG