Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:19

Vidadi İsgəndərli prezidentdən onu hədələyənlərin həbsini istəyir


Vidadi İsgəndərli

Vidadi İsgəndərli

-

Mayın 12-də hüquq müdafiəçisi Vidadi İsgəndərli prezident İlham Əliyevə teleqram göndərib. Bu haqda AzadlıqRadiosuna məlumat verən hüquq müdafiəçisinin sözlərinə görə, üzləşdiyi hədələrin araşdırılmaması onu belə bir addım atmağa vadar edib:

- Mayın 6-dan bəri telefonuma zənglər gəlməyə başladı. Təxminən bilirdim kimlərdir, ona görə açmırdım telefonu. Ayın 8-də məcbur olub açdım. Açan kimi məni hədələməyə başladılar. Dedilər ki, kişisənsə, düş aşağı, danışaq. Mən də əsəbiləşib düşmək istəyincə, evdəkilər önümü kəsdilər. Pəncərədən baxdım ki, evdən 45-50 metr aralıda 5-6 nəfər dayanıb. Məcbur oldum DİN-in «102» qaynar xəttinə zəng vurdum. Yarım saat sonra 15-20 nəfər polis tökülüşüb gəldi. Onlar gəlincə, həmin adamlar çıxıb getmişdilər. Bir gün sonra hədələnməyimlə bağlı MTN-ə məktub yazdım.
- Sizcə, niyə hədələnirsiniz?

- Mayın 4-də mətbuatda korrupsiya faktları ilə bağlı yazım dərc olunmuşdu. Həmin yazıda nazirlərin korrupsiyaya bulaşmasını faktlarla göstərmişdim. Ən böyük tənqidi nəqliyyat naziri Ziya Məmmədova ünvanlamışdım. Hədələnməyim də bu yazı ilə bağlıdır. Məni telefonda hədələyənlər də həmin yazını əsas gətirirdilər. Əslində mənə qarşı proses çoxdan gedir. Prezident seçkilərindən sonra hüquq müdafiəçiliyinə başlamışam. Belə çıxışları tez-tez dilə gətirirəm. Bu da kimlərinsə xoşuna gəlmir. İndiyədək dəfələrlə hədələnmiş, basqına məruz qalmışam.
- Üz tutduğunuz hüquq-müdafiə təşkilatlarından hansı cavabı almısınız?

- Mayın 12-də MTN-ə çağırıblar. Amma, getməyəcəyəm. Mənim tələbim nazirlə görüşməkdir, hər hansı araşdırmaçı ilə yox. Mənə olan hədələr nazir və ya nazir müavinləri səviyyəsindədir. Bunu hüquq-müdafiə təşkilatlarının əməkdaşları yox, birbaşa nazirlər araşdırmalıdır. Mənim bu tələbimə məhəl qoyan yoxdur. Ona görə də məcbur qalıb prezidentə müraciət etmişəm. Ondan məni hədələyənlərin həbs olunmasını istəyirəm.
- Bundan sonra hansı addımları atmağı düşünürsünüz?

- Nə düşünəcəyəm? Müraciətimə prezident də müsbət baxmasa, diplomatik korpusun nümayəndələrinə üz tutacağam. Qoy bütün dünya görsün ki, Azərbaycanda hansı rejim hökm sürür. Tək əlacım ölkəni tərk etməkdir, ona da icazə vermirlər. Ötən ilin noyabrında Göyçayda 15 sutkalıq həbs olundum. Məni İsmayıllı hadisələrinə görə ilişdirmək istəyirdilər. Həmin hadisələr zamanı Tofiq Yaqublu ilə bərabər mən də İsmayıllıda idim. Əslində başqa səbəbə görə həbs olunmuşdum. Həmin ərəfədə məni ailəmlə təhdid edirdilər. Mən də rayonun mərkəzində qışqıraraq bunu hər kəsə deyir, etirazımı dilə gətirirdim. Qisas almaq üçün məni həbs etdilər. Həbsdən çıxandan sonra bir xarici ölkə səfirliyindən sığınacaq istədim. Bir müddət sonra dedilər ki, ölkə rəhbərliyi səviyyəsində sənin ölkəni tərk etməyinə icazə vermirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG