Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:45
-

Naxçıvan şəhərindəki «Qala parkın» çökməsi zamanı xəsarət alanların əksəriyyəti evə buraxılıb. Bu haqda AzadlıqRadiosuna Naxçıvan şəhər xəstəxanasından məlumat verilib:

«5-6 nəfər idi, yüngül yaralanmışdılar. Çoxuna ilkin yardım edib buraxdıq».

Mayın 10-da Naxçıvan şəhərindəki «Qala Park»da gül bayramı münasibəti ilə təşkil olunan konsert zamanı beton örtük çöküb. Şahidlərin sözlərinə görə, hadisə nəticəsində konsertə baxmağa gələn xeyli şəxs yaralanıb. Təhlükəsizliyi baxımından adının çəkilməsini istəməyən şahidlərdən birinin deməsinə görə, parkın çökməsi anidən olub:

«KONSERT YARIMÇIQ QALDI»

«Bizi, yəni büdcədən maaş alanları zorla yığıb gətirmişdilər konsertə. Konsert gedə-gedə adam çox olan tərəfdə yerə verilmiş beton çökdü. 20-30 nəfər girdi yerə. Konsert yarımçıq qaldı. Tez təcili yardım maşınları gəlib yaralananları xəstəxanaya apardı. Bizi də tez uzaqlaşdırdılar. Eşitdiyimizə görə, 1 uşaq ölüb, çoxlu sayda adam xəsarət alıb».

Naxçıvan şəhər xəstəxanasından isə ölüm faktını təsdiqləmirlər.

Naxçıvan şəhər icra hakimiyyətindən və polis idarəsindən bu hadisə ilə bağlı suallarımızı cavablandırmaq istəmədilər.

«Qala park» «Naxçıvanqala» Tarix-Memarlıq Muzey Kompleksinin ərazisində, Nuh peyğəmbərin məqbərəsinin yaxınlığında yerləşir. Park bu yaxınlarda istifadəyə verilmişdi.

Bu il aprelin 7-də Naxçıvana səfəri zamanı İlham Əliyev Komplekslə tanış olarkən «Qala park»ın açılışında da iştirak etmişdi.

Şərhləri göstər

XS
SM
MD
LG