Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:53

Tanınmış onkoloq ölkədən qovulduğunu deyir


arxiv foto
arxiv foto
-
Mayın 11-də Azərbaycan mediası nədən yazır? AzadlıqRadiosu qəzetlərdə və internet resurslarında dərc olunan ən maraqlı yazıarın qısa xülasəsini təqdim edir


ANS Televiziyası həbsdən buraxılan keçmiş deputat Gülər Əhmədovanın qonağı olub. Gülər Əhmədova ötən həftə məhkəmə zalından evə buraxıldı. O, cəzasının qalan hissəsini öz evində çəkəcək. Keçmiş millət vəkili yəqin ki, indi şərti azadlıqda, həm də Elşad Abdullayevin həbsini gözləməli olacaq. Gülər Əhmədova müsahibəsində deyir ki, həbsxanada da ümidini kəsməyib:
Gülər Əhmədova
Gülər Əhmədova
“Mənim əllərim üzülməmişdi. Ümumiyyətlə, həmişə orda olan qadınlara da deyirdim. Mənim ora gəlməyim kifayət qədər qadınlara dəstək oldu. Onlar, hətta belə bir zərb məsəlinə çevirmişdilər. Deyirdilər ki, əşi bizim nə dərdimiz var. 3 dəfə millət vəkili seçilmiş adam yatırsa, bizə nə gəlib, biz də rahat oturmalıyıq. O, vaxtdan mən əlimi üzməmişdim. Mən həmişə o xanımlara deyirdim ki, ümidsiz şeytandır”.

TANINMIŞ ONKOLOQ ÖLKƏDƏN QOVULUB?

“Azadlıq” qəzeti yazır ki, məşhur türk onkoloq cərrah Hamdi Kocher Bakıdan qovulub. Bu haqda məşhur həkim “Facebook” səhifəsində məlumat verib. Hamdi Kocher bildirib ki, mayın 3-də Bakıda yerləşən “Elva” Sağlamlıq Klinikasında xəstələrini müalicə etməyə gəlibmiş.

“Mayın 3-də 21, 4-də isə 31 xəstəni qəbul etdim. Mayın 5 -i isə 20 xəstə qəbula yazılmışdı. Lakin yüksək vəzifəli bir məmur Klinikaya zəng edərək mənim orada çalışmama izn veriləcəyi təqdirdə “Elva”nın bağlanılacağı xəbərdarlığını etdi. Bundan sonra mən xəstələrimi müayinə etmədən mayın 5-də İstanbula geri döndüm. Qəbula yazıldıqlarına baxmayaraq, yoxlaya bilmədiyim bütün xəstələrdən üzr istəyirəm. Ancaq bilin ki, bunun sorumlusu mən deyiləm. İnsanların sağlamlığı olan yerdə, monopoliya olurmu?”.

Hamdi Kocher bir müddət öncə “Azadlıq”a müsahibəsində Bakıda ona edilən haqsızlıqlardan söz açmışdı. O, müsahibəsində demişdi ki, Azərbaycanda xərçəng xəstələrini artıq müəyyənləşmiş cərrahlar əməliyyat edir, yəni bu sahədə xüsusi bir monopoliya yaranıb.

CAHANGİR ƏSGƏROVUN 500 MİLYONLUQ “ZİYAN” KORRUPSİYASI

2013-cü ildə hava nəqliyyatında sərnişin daşınması aviaşirkətlərə 35 milyon 165,2 min manat ziyan vurub. Bu, əvvəlki illə müqayisədə 5,7 faiz çoxdur. Dövlət Statistika Komitəsindən bildiriblər ki, aviaşirkətlərin gəlirləri 262,4 milyon manat olub. “Yeni Müsavat” yazır ki, mütəxəssislər dövlət aviaşirkətlərinin 10 ildən artıqdır davam edən ziyanla işləməsini subyektiv amillərlə izah edir. Dövlət aviaşirkəti olan “Azerbaijan Airlines” QSC və “Silk Way Holding” MMC normativ-hüquqi aktların tələblərinə zidd olaraq korporativ saytlarda və KİV-də maliyyə hesabatlarını dərc etmir. Bu da gəlirlərin rəsmi uçotdan gizlədilməsi kimi şübhələrə çox ciddi əsaslar verir. Məsələn, necə ola bilər ki, 2012-ci ildə hava nəqliyyatında aviaşirkətlər 1,6 milyon (2011-ci illə müqayisədə 14,3 faiz çox) sərnişin daşıdığı halda 33,2 milyon manat həcmində ziyana düşüb?

MÜKƏMMƏL DÖVLƏTÇİLİK MODELİNİN YARADICISI
Rəbiyyət Aslanova
Rəbiyyət Aslanova
"Azərbaycan" qəzeti Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, fəlsəfə elmləri doktoru, professor Rəbiyyət Aslanovanın məqaləsini dərc edib. Müəllif yazır ki, XXI əsr insanının düşüncəsi bir “çeviklik və yenilik fəlsəfəsi”ni mənimsəməlidir. “Düşüncə müasir inkişafın insana diktə etdiyi “fikir sürətli” həyat (Bill Geyts) ritminə və axarına qoşulmağa hazır olmalıdır. İstənilən dəyişiklik, böhran dövrləri faciə kimi deyil, növbəti yeniləşmə məqamı kimi dərk edilməlidir. Təsadüfi deyil ki, innovasiyalı inkişaf tipinə keçən qabaqcıl ölkələrdə yaradıcılığa sövq etmək, yeni ideyaları irəli sürmək üçün kollektivlərdə “yaradıcı xaos vəziyyəti” adlanan problem situasiyalar formalaşdırılır, bilik istehsal edən müəssisələr fəaliyyət göstərir, böhrana kimin necə hazır olduğu müəyyənləşdirilir. Zamana adekvat uyğunlaşmaq və onu məqsədəuyğun yaşamaq üçün “high top” (“yüksək vəzifə”) ixtisaslı mütəxəssislər “time management” (“zamanın idarə edilməsi”) adlı fənni bütün səviyyələrdə tədris edirlər... Azərbaycanın milli varlığını, perspektivlərini yeni yüzillikdə məhz indiki nəslin potensialı müəyyən edəcəkdir. Buna görə də yeni mərhələdə cəmiyyətin bütün sahələrində innovasiyalı inkişaf mühitini və modelini yarada biləcək insanların yetişməsi taleyüklü məsələdir”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG