Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:31

Francois Hollande: «Azərbaycanlı tələbələr üçün təqaüdlər ayıra bilərik»


Francois Hollande və İlham Əliyev İçərişəhərdə
Francois Hollande və İlham Əliyev İçərişəhərdə
-
AzərTAc xəbər verir ki, mayın 11-də prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ölkəyə rəsmi səfərə gələn Fransa prezidenti Francois Hollande Bakı Fransız Liseyində aparılan tikinti işləri ilə tanış olublar.

Dövlət başçılarına liseydə görülən işlər barədə məlumat verilib. Bildirilib ki, liseyin 320 yerlik binasının tikintisi üzrə işlərin mühüm hissəsi başa çatıb və qalan işlərin bu ilin sentyabrına qədər yekunlaşdırılması nəzərdə tutulur. Fransız məktəbinin tədris planı uşaq bağçasından başlayaraq 12 illik ümumi təhsil müəssisəsində tətbiq edilən klassik fransız tədris planı olacaq.

PARİS MƏHƏLLƏSİ SALINIR

Prezident İlham Əliyev mərasimdəki çıxışında deyib ki, Azərbaycanda 50-dən çox Fransa şirkəti fəaliyyət göstərir. Yüzlərlə Azərbaycan gənci hazırda Fransanın ali məktəblərində təhsil alır və bu proses davam edir:

«Şəhərlərarası əlaqələr də çox zəngindir və çox səmərəlidir. Deyə bilərəm ki, Parisin mərkəzində, Eyfel qülləsinin lap yaxınlığında iki il bundan əvvəl Azərbaycan Mədəniyyət Mərkəzi açılmışdır. Bu da Azərbaycanın Fransadakı kiçik bir parçasıdır. Necə ki, bu məktəb səfirlikdən sonra Fransanın ikinci məkanıdır, ikinci ərazisidir».

Prezident Əliyev bildirib ki, «Ağ şəhər» əslində şəhər içində bir şəhərdir, müasir şəhərsalma metodları ilə yaradılır.
İlham Əliyev və Francois Hollande Bakı Fransız Liseyi ilə tanış olurlar
İlham Əliyev və Francois Hollande Bakı Fransız Liseyi ilə tanış olurlar

«Burada yeni məktəbin, Fransız Liseyinin yaradılması da rəmzi məna daşıyır. Çünki arxa tərəfdə «Ağ şəhər» layihəsi çərçivəsində Paris kvartalı yaradılır. Ağ şəhər əslində şəhər içində bir şəhərdir, müasir şəhərsalma metodları ilə yaradılır. Paris evləri, Paris kvartalı, Fransız Liseyi, Xəzər dənizi, Bakı Bulvarı, bax bu zona şəhərin gözəl mərkəzinə çevrilir. Əminəm ki, burada mövcud olan gözəl ab-hava, dostluq, mehribanlıq ab-havası xalqlarımızı daha da sıx birləşdirəcəkdir».

AZƏRBAYCANLI TƏLƏBƏLƏR ÜÇÜN TƏQAÜDLƏR AYRILA BİLƏR

Francois Hollande mərasimdəki çıxışında deyib ki, Azərbaycanı özü üçün kəşf edib:
«İlk dəfədir ki, buraya səfər edirəm. Lakin sizi əmin edirəm ki, bu səfər sonuncu səfər deyil».
Francois Hollande Bakı Fransız Liseyində
Francois Hollande Bakı Fransız Liseyində

O, Fransız liseyində 350-dən çox şagirdin qəbul olunacağını deyib. Francois Hollande Parisdə universitet korpuslarından birində Azərbaycan tələbələri üçün şərait yaratmağa hazır olduqlarını da dilə gətirib:

«Siz burada təqaüdlər haqqında danışdınız. Əlbəttə, biz də müəyyən maliyyə imkanlarımız hesabına təqaüdlər ayıra bilərik ki, ölkənizin tələbələri Fransaya gələ bilsinlər. Bu, mənim Azərbaycana səfərim başlayan andan atılan rəmzi addımdır. Siz əlinizdən gələni etdiniz, burada mənim yanımda Eyfel qülləsini görürsünüz. Amma bu işi bilməyənlər səhv salmasınlar. Görün, burada, həmçinin Bakının tarixi abidəsi - Qız qalası da vardır. Siz bunu nümayiş etdirmək istədiniz. Bu, o deməkdir ki, ölkələrimiz arasında münasibətlərimizin çox qədim tarixi vardır. Onilliklər ərzində bu əlaqələr güclənib. Bu, xüsusən də müstəqilliyinizi bərpa etdikdən sonra baş verdi. Biz bu inkişafda iştirak etmək istəyirik».

Həmin gün İlham Əliyev və Francois Hollande İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunu gəziblər.
XS
SM
MD
LG