Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:48
Xaçmazın Çılğır kəndindəki Dəyanət İbrahimov adına kənd ümumi orta məktəbinin binasına yaxınlaşanda AzadlıqRadiosunun müxbirlərini ilk “qarşılayan” “bura girmək olmaz” qadağa işarəsi və aşağı sinif şagirdləridir. Azyaşlılar durumu işqlandırmağa gələn jurnalisti məktəbin problemləriylə tanış etməyə çalışırlar. Elə qadağa işarəsindən başlayırlar. Deyirlər, yaxın vaxtlara qədər bu “qadağan olunmuş ərazidə” məktəbin kitabxanası yerləşirmiş:

RƏNGİ SOLMUŞ DİVARLAR, ÇÖKMÜŞ TAVAN, SINIQ-SALXAQ DÖŞƏMƏLƏR...

“Lap əvvəl bufet idi, sonra kitabxana oldu. Kitabxana da aşdı, yuxarı sinifdə oxuyanlar yerində gül əkdilər”.

Azyaşlı məktəblilərin əhatəsində məktəbin çevrəsi ilə tanışlıq başlayır. Qəzalı və qaranlıq birmərtəbəli binanın yanından ötürük. Deyirlər, bura da kitabxanaymış:

– İndi içəri parta yığıb, qapısını bağlayıblar.

– Bəs indi kitabxananız yoxdur?

– Biri var, psi gündədir, ora girmirik. Yağış yağanda içərisi su ilə dolur..

Binanın içərisi dışarısından – bayırından bərbad görünür... Rəngi solmuş və tökülmüş divarlar, çökmüş tavan, sınıq-salxaq döşəmə şagirdlərin təhsil almaq həvəsini də azaldır. Deyirlər, kitab oxumuruq, sinif otaqlarında ilan-çilan güdməklə məşğuluq. Sinif otağının döşəməsindəki dəlmə-deşikləri də göstərirlər:

- Bax, bu döşəmədəki deşiyi görürsünüz? Burdan ilan çıxmışdı. Özümüz əski, kağız doldurub bağlamağa çalışdıq.
Şagirdlər məktəbin problemlərindən danışır

Şagirdlər məktəbin problemlərindən danışır

Lövhə qarşısına yığışıb növbəylə vəziyyəti izah etməyə çalışırlar:

– İnformatika dərsi keçə bilmirik. İnternetimiz yoxdur...

– Buralar pis gündədir. Kompüter, internet istəyirik...

Savad Hüseynova 45 ildir bu məktəbdə riyaziyyat müəllimi çalışır. Dediyinə görə, bu məktəbin də yaxşı vaxtları olub. Məzunları ali məktəblərə giriblər, müxtəlif vəzifə sahibləri olublar:

“Ali məktəbdə dərs deyənlərim, mühəndislərim də var. Ancaq indi məktəbin belə vəziyyəti bizə işləməyə imkan vermir. Müasir dövrlə ayaqlaşa bilmirik. Sinifləri özünüz gördünüz... O siniflərdə hansı yeniliklərdən danışmaq olar? Kurrikulum təliminə aid heç nə edə bilmirik. Şəxsən mən müqavilə ilə işləyən müəlliməm, ola bilər gələn il işləməyim. Ancaq gənc müəllimlər var, işləyirlər, zəhmət çəkirlər, peşələrini sevirlər. İstəyirlər ki, işlərinin nəticəsini görsünlər, yaxşı şagirdlər yetişdirsinlər. Hansı şəraitdə? Qətiyyən mümkün deyil. Yaxşı olardı ki, müasir bir məktəb tiksinlər. Ondan sonra gəlib nəticə tələb etsinlər?”.

DƏRS KEÇMƏYƏ LABORATORİYA, FUTBOL OYNAMAĞA TOP YOX...

Həcər Əhmədovanın bu məktəbdə 35 illik iş stajı var. Deyir, tədris etdiyi fənn əyanilik tələb edir, ancaq buna imkan yoxdur:

“Kimya-biologiya dərsi keçirəm. Laboratoriyamız yoxdur. Çalışıram dərsıəri şəraitə uyğunlaşdırıb tədris edim ki, uşaqlara nəsə çatdıra bilim. Çox əziyyət çəkirik”.

Bədən tərbiyəsi fənnini tədris edən Xələf Abbasov da şəraitsizlikdən gileylənir:

“İdman avadanlıqlarımız yoxdur. Dərs də avadanlıqla keçilməlidir. Qəpik-qəpik yığıb top alırıq, keyfiyyətsiz olur, 1-2 dəfə istifadə edirik, dağılır, yenə pul yığıb almalı oluruq. Dövlət heç nə vermir. Heç voleybol oynamağa torumuz da yoxdur. Ümid edirik ki, nə vaxtsa yaxşı olacaq”.

Məktəbin direktoru Telman Abbasov

Məktəbin direktoru Telman Abbasov

Elə məktəbin direktoru Telman Abbasov da bu ümiddədir. Deyir, söz veriblər, yenisini tikəcəklər:

“Dəfələrlə gəlib çəkiliş aparıblar. Yuxarı təşkilatlara məlumat vermişik. Burada yeni məktəb binası tikilməlidir. Müasir bir məktəb olacaq. Bizə gözləmək qalır. Görək, layihə nə vaxt həyata keçəcək”.

ÖZLƏRİ ÜÇÜN AYAQYOLU DÜZƏLDƏN ŞAGİRLƏR

Direktor məlumat verir ki, məktəbdə 80 şagird oxuyur, 10 müəllim və bir nəfər bədii rəhbər çalışır.

Məktəbin binasından uzaqlaşmaq istərkən, məktəblilər deyirlər, hara gedirsiniz, ayaqyolunu çəkmək yaddan çıxıb. Binanın bir addımlığındakı kiçik tikilini göstərirlər:

- Bura ayaqyoludur. Üstünü özümüz düzəltmişik...

- O tərəfdə birini tikmişdilər, çökdü. Sonra özümüz bunun üstünü bağladıq, ayaqyolumuz bura oldu...

Məktəbin tənəffüs zəngini, sadəcə, görmək lazım idi...
XS
SM
MD
LG