Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:25

İran hakimiyyətində «WhatsApp» çəkişməsi


Ayətullalar noutbuklarda çalışırlar.

Ayətullalar noutbuklarda çalışırlar.

-
BBC Fars xidmətinin interaktiv və sosial media üzrə redaktoru Leyla Khodabakhshi yazır ki, prezident Hassan Rouhani internet senzurası ilə bağlı misli görünməmiş çəkişmənin mərkəzindədir.

Buna səbəb onun mesajlaşma xidmətində «WhatsApp» applikasiyasının blok edilməsinə qarşı çıxması olub.

«WhatsApp» İran gəncləri arasında ucuz və təhlükəsiz ünsiyyət vasitəsi kimi çox populyardır.

Lakin bu ayın əvvəllərində internetin filtrasiyasına cavabdeh olan dövlət komitəsi bu applikasiyasını qadağan etməyi planlaşdırdığını bildirib.

Rəqib mesajlaşma applikasiyası olan «WeChat» İranda ötən il qadağan olunub.
«Facebook» və «Twitter» 2009-cu ildə mübahisəli prezident seçkisinin ardınca yasaqlanıb.

SAYTDAN SAYTA

İranın internet istifadəçiləri qadağalara görə saytdan sayta atılmağa, necə deyərlər, adətkərdə olublar.

«Eybi yoxdur, qoy «WhatsApp»ı filtrləsinlər» – yazır istifadəçilərdən biri. «Onlar bağlamaqda olsunlar, biz də hər gün onlarca yeni sayt tapmaqda».

«WhatsApp»ı qadağan etmək təklifini irəli sürmüş Kriminal İnternet Fəaliyyətini Araşdırma Komitəsi ölkənin qüdrətli ədliyyə sisteminə daxildir.

İndi prezident Rouhani-nin bu təklifə meydan oxuması Tehran hakimiyyətinin yuxarı eşelonlarındakı fikir ixtilafından xəbər verir. Təsadüfi deyildir ki, komitənin 6 üzvü hökumət kabinetinə daxildir. Qum şəhərində internet klub - 2013

Qum şəhərində internet klub - 2013



PROBLEMİN KÖKÜ MALİYYƏDİR

Londonda yaşayan iranlı internet eksperti Nariman Gharib diqqəti komitəyə daxil nazirlərin heç birinin qadağa təklifinə qarşı çıxmamasına çəkir. Onun fikrincə, burada İran hökumətini narahat edən başlıca məqam maliyyədir. Belə ki çox sayda müştərilər mesajlaşma üçün xarici saytlardan istifadə edir, bu isə İran Milli Telekommunikasiya Şirkətinin gəlir götürməsinə mane olur.

Məsələn, Həmid adlı bir istifadəçi deyir ki, mobil telefonunda internet mesajlaşma sistemindən istifadə etməklə telefon xərclərini üç dəfə azalda bilib.

«SİONİSTİN APPLİKASİYASI»

Lakin İran rəsmiləri məsələnin siyasiləşdirilməsinə üstünlük verirlər. İnterneti filtrləmə komitəsinin katibi Abdolsamad Khorramabadi deyib ki, «WhatsApp»a qadağa təklifinə səbəb bu applikasiyanın «Amerika sionisti», «Facebook»un yaradıcısı Mark Zuckerberg-ə bağlılığıdır.

Prezident bu məsələyə Virtual Məkan Ali Şurasının rəhbəri qismində müdaxilə edib.
İran informasiya və kommunikasiya texnologiyaları naziri Mahmoud Vaezi bildirib ki, prezident Rouhani «WhatsApp»a blok qoyulmasının dayandırılmasını tapşırıb.

Virtual Məkan Ali Şurasına gəlincə isə, bu qurum 3 il əvvəl Ayətullah Khamenei-nin göstərişi ilə yaradılıb. Onun üzvləri arasında polis və İnqilab Keşikçilərinin rəhbərləri də var. Hassan Rouhani Məqsədəuyğunluq Şurasının iclasında

Hassan Rouhani Məqsədəuyğunluq Şurasının iclasında



PREZİDENT QADAĞAN OLUNMUŞ SOSİAL ŞƏBƏKƏDƏ

Bu hadisəyədək nə prezident, nə də Ali Şura internetin filtrlənməsi ilə bağlı məsələlərə açıq müdaxilə etməyib.

Lakin indi prezident Hassan Rouhani bu posta seçilərkən verdiyi vədlərə sadiqliyini nümayiş etdirir. O, seçki kampaniyasında prezident olarsa, internet azadlığı üzərindən məhdudiyyətləri qaldıracağını vəd etmişdi.

Seçkidən dərhal sonra prezidentin özü və hökumət kabinetinin üzvləri rəsmən qadağan olunmuş sosial media saytlarından istifadə etməklə şəxsi nümunə göstərirdilər.

Bununla belə, İranda bir sıra internet saytlarının gah bloklanması, gah da açılması müşahidə edilir. Ekspertlər bunu hakimiyyətin müxtəlif qolları arasındakı qarşıdurma ilə izah edirlər.

Əksəriyyət üçün isə məsələ daha bəsitdir: Mürtəcelərlə islahatlara can atanlar arasında münaqişə davam edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG