Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:02

Azərbaycan anası 178 ölkə arasında 99-cu yerdə?


Foto: Arxiv
Foto: Arxiv
-
Gözlə

No media source currently available

0:00 0:05:46 0:00
Direct-ə keçid

Anaların durumu doğuş vaxtı ölüm və 5 yaşadək uşaqlar arasında ölüm hallarının nisbi sayı, qadınların təhsili, adambaşına düşən daxili məhsul və qadınların parlamentdə təmsil olunması kimi amillərlə müəyyən olunur.

1000 DOĞUŞA 1 ANA ÖLÜMÜ

Hesabatda 2010-cu ilin statistikasına əsaslanaraq Azərbaycanda hər min doğuşa bir ana ölümü düşdüyü bildirilir. Ərazisi və əhalisi Azərbaycana yaxın olan Avstriyada vəziyyət 18 dəfə yaxşıdır: Avstriyada hər 18 min doğuş bir ana ölümü ilə nəticələnir. Belarusda 16 min 300 doğuşdan 1-də qadın ölür. Ermənistanda da durum Azərbaycandan, az qala, 2 dəfə yaxşıdır. Orada hər 1700 doğuşa 1 qadın ölümü düşür.

2012-ci ilin məlumatına görə, Azərbaycanda doğulan hər min uşaqdan 35-i 5 yaşınadək yaşamır. Ermənistanda hər doğulan min uşaqdan 16 nəfəri 5 yaşa gedib çatmır.

Avstriyada hər min uşaqdan cəmi 4-ü 5 yaşadək yaşamır.

BAŞ PEDİATR RAZILAŞMIR

Azərbaycanın baş pediatrı Nəsib Quliyev deyir ki, ölkədə uşaq ölümü 90-cı illərlə müqayisədə 29-30 faizdən 10.8 faizədək azalıb. Ötən ilin rəqəmlərinə dayanan baş pediatrın sözlərinə görə, körpə ölümü də 3 dəfə azalıb. Bütün bunları əsas gətirən Nəsib Quliyev beynəlxalq təşkilatların hesablamaları ilə razılaşmır:

«Orada dəqiq statistika yoxdur. Soruşanda sorğu forma və texnologiyasını bizə bildirmirlər. Respublika Statistika Komitəsi, Səhiyyə Nazirliyi var. Yəni mütləq say müəyyənləşdirilib... Azərbaycanda dövlət qurumları uşaq ölümünü gizlətməyə maraqlı deyillər. İndi elə tələb də yoxdur».
Nəsib Quliyev
Nəsib Quliyev

UŞAQ ÖLÜMÜNƏ SƏBƏB XƏSTƏLİKLƏR

Baş pediatr uşaq ölümlərinin, ilk növbədə, tənəffüs sistemi xəstəliklərindən qaynaqlandığını deyir. Yenidoğulma dövründə baş verən xəstəliklər 2-ci yerdə gedir:

«Azərbaycanda əvvəllər yoluxucu xəstəliklər və mədə-bağırsaq xəstəlikləri ikinci yerdə idi. İndi onlar arxa plana keçib. Axı vəziyyət yaxşılaşdıqca bu ardıcıllıq və struktur da dəyişir. İndi yoluxucu xəstəliklərin qarşısı alınıb. Ölkədə, demək olar, epidemiya yoxdur. On bir xəstəliyə qarşı peyvənd aparılır. Xeyli yoluxucu xəstəliyin kökü kəsilmək üzrədir. Buna görə yenidoğulma dövrünün problemləri önə çıxıb. Bununla da bağlı tədbirlər həyata keçirilir. Bölgələrdə perinatal mərkəzlər yaradılıb, doğuşa yardım xidmətləri yaxşılaşdırılır, yeni uşaq xəstəxanaları tikilir, köhnələri də tam yenidən qurulur».

SƏHİYYƏ NAZİRLİYİ: 2013-CÜ İLDƏ ÖLKƏDƏ 24 ANA ÖLÜMÜ FAKTI QEYDƏ ALINIB

Ötən ilin yekunlarına həsr edilən kollegiya iclasında səhiyyə naziri Oqtay Şirəliyev bildirmişdi ki, «çalışmalı olduğumuz əsas sahələrdən biri də ana və uşaq ölümü faktlarının azalmasıdır. Bu sahədə sıçrayış olmasa da stabil, dinamik irəliləyişlər var».

Səhiyyə Nazirliyinin məlumatına görə, 2013-cü ildə ölkədə 24 ana ölümü baş verib.
Anar Qədirli
Anar Qədirli
Nazirliyin mətbuat katibi Anar Qədirli görülən işlər nəticəsində ölkədə ana və uşaqların sağlamlıq göstəricilərində müsbət dinamika müşahidə olunduğunu deyir:

«Ana ölümü, uşaq ölümü, bütövlükdə cərrahiyyə əməliyyatları ilə bağlı komissiyalar var. Onlar tam obyektiv işləyir. Bu komissiyalarda müxtəlif mütəxəssislər cəmləşib. Onlar səhiyyənin ən problemli sahələrində səhvləri araşdırırlar».

Anar Qədirlinin fikrincə, ana və uşaqlara tibbi xidmətin keyfiyyətcə yaxşılaşdırılması dövlətin sosialyönümlü siyasətinin üstün istiqamətlərindən biridir:

«Əgər 2005-ci ildə 141 min 901 doğuş zamanı 41 halda ana ölümü baş vermişdisə, 2012-ci ildə 173 min 547 doğuşdan 26 belə hala rast gəlinib. 2013-cü ildə isə 175 minə yaxın doğuş və 24 ana ölümü faktı qeydə alınıb».

Doğum evlərinin qarşısındakı xəstə yaxınları ana-uşaq ölümünün başlıca olaraq peşəkarlığın çatışmamasından və rüşvətdən qaynaqlandığını söyləyirlər:

- Harada ki, pul haqq-hesabı var, orada ölüm-itim də çox olur.
- Məncə, səbəb – yaxşı həkimlərin olmamasıdır.
- Sağlam bala böyüdəcəyiksə, analar da sağlam olmalıdır. Ancaq tez-tez ana, uşaq ölümü haqqında eşidirik. Bu, çox dəhşətlidir.

Baş pediatr Nəsib Quliyev deyir ki, ana-uşaq ölümləri xəbərlərindən o da narahatdır, amma indi durumun yaxşılaşmasını da danmaq olmaz:
Foto: Arxiv
Foto: Arxiv

«Biz 37, 43, 44 rəqəmlərindən başlamışıq. İndi ana ölümü hər 100 min nəfərə 14-ə, 13-ə çatıb. Bizim bu dəqiqə ən böyük problemimiz ölkədə kadr problemidir. Kadrlar sürətlə təkmilləşməli və ən müasir, indiki zamanın tələb etdiyi səviyyəyə uyğunlaşmalıdır».
ERMƏNİSTAN 95-Cİ YER, GÜRCÜSTAN 98-Cİ YERLƏ AZƏRBAYCANDAN İRƏLİDƏDİR

«Save the Children» təşkilatı anaların durumunu qiymətləndirərkən qadınların təhsil, siyasət məsələlərinə də toxunur. Hesabatda deyilir ki, Azərbaycan qadınları orta hesabla 11.9 il təhsil alırlar. Qadınların siyasətdə necə təmsil olunmasına gəlincə, analar indeksi hesabatını hazırlayanlar bunun ən yaxşı göstəricisi kimi parlamentdə qadınların təmsilçiliyini götürüblər. Azərbaycan Milli Məclisinin üzvlərinin 15.6 faizi qadındır.

Analar indeksində Belarus MDB ölkələri arasında ən irəli yeri tutur – 26-cı yeri. Onun arxasınca gələn Rusiya 62-ci yerdədir.

Ermənistan 95-ci yer, Gürcüstan 98-ci yerlə Azərbaycandan irəlidədir.

Londondakı «Save the Children» («Uşaqları qoruyun») yardım təşkilatı anaların durumuna dair 15-ci ildir hesabat hazırlayır.
XS
SM
MD
LG