Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:38
-

«Müharibədən sonra hər il bu gün bu bayramı qeyd edirəm. Müharibə başlayanda 18 yaşım vardı...».
...İndi 90 yaşı var. 69 ildir 9 May gününü soraqlaşıb tapdığı müharibə yoldaşları ilə keçirir. Deyir, ildən-ilə həmin dostlarının sayı azalır. 90 yaşlı Həsən Əliyev sinəsini bəzəyən orden-medalları sığallayır. Hərəsi bir döyüşün, bir qan-qadanın xatirəsidir:

«Bunları orduda almışam. Sonra aldıqlarım da olub. 18 yaşımda əsgər çağırdılar. 44-cü ilə qədər Şimali Qafqazda vuruşmuşam...».

İkinci Dünya müharibəsində qələbənin ildönümündə veteranlar bir-biri ilə dərdləşir, yenidən 69 il əvvələ qayıdırlar.

«KRIM UĞRUNDA VURUŞMUŞAM»

88 yaşlı Rafiq Hüseynov Krımda döyüşüb. Deyir, bu gün Krımdakı vəziyyət onun ürəyini ağrıdır:

«1944-cü ildə Krımda döyüşmüşəm. Krımda aviasiyada qulluq etmişəm. Əsl qəhrəman kimi vuruşmuşam. Sevastopol, Simferopol, Feodosiyada. Krım gözəl, səfalı yerdir. İstəyirəm günü bu gün orda vəziyyət yaxşı olsun. Müharibə olmasın. Bizə də Allah qismət eləsin Qarabağda qələbə çalaq».

92 yaşlı Ağasəməd Xudaverdiyev deyir ki, müharibə illərini xatırlayanda, qürur hissi keçirir. Ancaq kədərli xatirələr o qədərdir ki...: Ağasəməd Xudaverdiyev

Ağasəməd Xudaverdiyev


«Müharibəyə könüllü getmişəm. Novorossiyskdə döyüşmüşəm. O döyüşlərdə də yaralanmışam. Ondan əvvəl Tbilisidə hərbi məktəbdə oxuyurdum, bizi döyüşə ordan apardılar. Elə ən ağır döyüşlərim də Novorossiyskdə olub. Gəmilərimizi batırmışdılar. Qayıqlarla sahilə çıxmışdıq. Qəbiristanlığa düşmüşdük. 5-10 gün sonra sement zavodunun qarşısındaydıq. Orada Avropa yəhudilərini yandırırdılar. İyləri gəlirdi. Çox ağır günlər idi».

QITLIQ İDİ, ANCAQ ADAMLAR MEHRİBAN İDİ...

Müharibə illərində arxa cəbhə döyüşçülərinin işi lap ağır olub. Rza Mahmudov deyir ki, anasının bişirdiyi, arpa unundan olan yuxaların dadı indi də ağzındadır:
Nəsibə Novruzova

Nəsibə Novruzova

«Arxa cəbhə olmaq da döyüşmək kimi bir yer idi. Atam ön cəbhədə olub. 12 yaşım vardı onda. Həmin dövr qıtlıq, müharibə olsa da, adamlar bir-birinə mehriban idilər. İki qonşu bir loğma çörəyi bölüb yeyərdi. Anam arpa unundan yayma bişirirdi, bütün günü onu yeyirdik, onu da tapsaydıq. Arpa yayması qılçıqlı olurdu, dadını indi də hiss edirəm».

Müharibə vaxtı 10 yaşında olan Nəsibə Novruzova isə həm oxuyur, həm də işləyirmiş. Atası müharibədə ikən evin böyük uşağı olduğundan ailənin yükü çiynindəymiş:

«Onda 3-cü sinifdə oxuyurdum, həm də işləyirdim. Yaxşı işləyirdim, haqqımda qəzetlərdə yazırdılar. Müharibə qurtarana qədər mexanik işlədim. Müharibə qurtaranda instituta daxil oldum. İşə də səhər 6-da gedib axşam 6-da çıxırdıq».
İkinci Dünya müharibəsi veteranları - 9 may 2014

İkinci Dünya müharibəsi veteranları - 9 may 2014


10 MİN 30 VETERAN

2014-cü il yanvarın 1-ə olan məlumata görə, Azərbaycanda 10 min 30 nəfər İkinci Dünya müharibəsi veteranı var. Onların min 900 nəfəri ön cəbhədə vuruşub. Veteranlardan 409 nəfər I qrup, 475 nəfəri II qrup əlildir.

Arxa cəbhə iştirakçıları 8 min 130 nəfərdir. Hazırda Bakıda 505 nəfər 1941-1945-ci il müharibəsi əlili yaşayır.

1941-1945-ci illər müharibəsində Azərbaycanın hər beş sakinindən biri döyüşüb. 3.4 milyonluq (1941) əhalidən 681 min nəfəri (onlardan 10 mindən çoxu qadındır) cəbhəyə gedib. Onlar müxtəlif millətlərin nümayəndələri idi, onlardan 250 min nəfəri həlak olub.

400 mindən çox əsgər və zabit döyüş ordeni və medalı ilə təltif edilib. 14 nəfər «Şöhrət» ordeni kavaleri, 123 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Qəhrəmanlardan 44-ü etnik azərbaycanlılardır.

Şərhləri göstər

XS
SM
MD
LG