Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:42

İsmayıllıdakı köçkün şəhərciyində nə kanalizasiya var, nə də hamam...


Ramiz Kərimov

Ramiz Kərimov

-
İsmayıllıda qaçqın və məcburi köçkünlər üçün inşa edilən qəsəbədə şikayətlər səngimir. Köçkünlər evlərin tikintisində korrupsiya hallarının olduğunu bildirirlər. Köçkünlərin sözlərinə görə, tikintidə yeyintiyə yol verildiyindən bunun fəsadlarını indi onlar çəkirlər. Qəsəbədə 45 ev tikilib. Evlər üzdən müasir görünsə də, köçkünlərin deməsinə görə, keyfiyyət baxımından çox əlverişsizdir. Həyətyanı sahələr bəzilərinə az, bəzilərinə böyük həcmdə paylanılıb. Qəsəbədə hələ yay gəlməmiş artıq üfunət iyindən dayanmaq olmur. Nə kanalizasiya xətləri var, nə də qrunt sularının axıdılması üçün vasitə. Evlərin heç birində hamam tikilməyib, telefon xətləri çəkilməyib. Bir sözlə, ərazidə yaşayan sakinlər bütün bu problemlərə səbəbkar kimi Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin İsmayıllı rayonu şöbəsinin sədri Tahir Əliyevi günahkar bilirlər.

«EVLƏRDƏ KANALİZASİYA, TELEFON YOXDUR»
Füzuli rayonundan köçkün düşmüş Ramiz Kərimov:
«Mən 26 nömrəli evdə yaşayıram. Kənardan evlərə baxanda fikirləşirsən ki, müasir evlərdir. Əslində bura çox böyük miqdarda pul xərclənib. Dəqiq məlumatım var ki, bu qəsəbənin salınması üçün 5 milyon manatdan artıq dövlət vəsaiti sərf edilib. Evin biri 100 min manatdan yuxarı başa gəlib. Ancaq bu gün həmin evlərdə su, kanalizasiya, hamam, istilik sistemi, telefon yoxdur. Mən evlər paylanmamışdan öncə 2013-cü ilin martında İsmayıllının yeni təyin olunmuş icra başçısı Mirdaməd Sadıqovun qəbulunda oldum. Qeyd etdim ki, bu evlərin paylanmasında əliəyriliyə yol veriləcək. Mənim müraciətimə o vaxt əhəmiyyət verilmədi və dediyim kimi də oldu. Tahir Əliyev burada Laçın mafiyası yaradıb. Bizləri 1-ci, 2-ci, 3-cü hətta 4-cü sorta bölüb. Hər yerdə də deyir ki, öz laçınlım qala-qala kiməsə nəsə iş görəsi deyiləm ki! Qəsəbənin bizlər yaşayan tərəfinə 5 aydır ki, su gəlmir. Dəfələrlə deməyimizə baxmayaraq, heç bir tədbir görülmür».
«Qəsəbənin bizlər yaşayan tərəfinə 5 aydır ki, su gəlmir»

«Qəsəbənin bizlər yaşayan tərəfinə 5 aydır ki, su gəlmir»


«DÖVLƏTİN AYIRDIĞI VƏSAİT SAĞA- SOLA SƏPƏLƏNDİYİNƏ GÖRƏ...»

Ramiz Kərimov daha sonra deyir:

«Dövlətin ayırdığı vəsait sağa-sola səpələndiyinə görə bu evlərin vəziyyəti belə alındı, ərazidəki tikililər isə yarımçıq qaldı. Fikir verin, tibb məntəqəsi tikiblər və hər cür müasir avadanlıqlarla təchiz ediblər, ancaq işləmir. Yaxşı, işləməyəcəkdisə, niyə tikirdiniz? Niyə biz xəstəxanadan ötrü rayon mərkəzinə getmək üçün taksiyə 10 manat pul verməliyik? Olmazmı ki, tibb məntəqəsi işləsin».

«YOXSA BUNLAR KÖÇKÜNÜ ADAM SAYMIRLAR?»

Ramiz Kərimov deyir ki, bu ərazi bataqlıq olduğu üçün qəsəbənin baş hissəsində qrunt sularını tənzimləmək üçün drenajlar nəzərdə tutulmuşdu:

«Quyular qazıldı, ancaq gələn material satıldı. İndi qrunt suları evlərin altından sızmağa başlayıb. Baxın, ərazidə kanalizasiya olmadığına görə üfunət iyindən dayanmaq olmur. Yoxsa bunlar köçkünü adam saymırlar? Təsəvvür edin, bu qəsəbə 9 hektar ərazidə tikilib və hər bir köçkünə 12 sot həyətyanı sahə nəzərdə tutulub. Bizlərə heç 12 sot da tam verilməyib, 9-10 sot arası torpaq verilib. Ancaq Tahir Əliyevə 25 sot torpaq düşüb, dinəndə də deyir ki, püşkatma yolu ilə verilib. İndi bu necə püşkatmadır ki, mənə 10 sot düşür, Tahir Əliyevə 25 sot? Mənim ailəmin nə günahı var ki, bizi su ilə imtahana çəkirlər?».
Nəsrin Hüseynov

Nəsrin Hüseynov


«QƏSƏBƏNİN BİR TƏRƏFİNƏ SU GƏLİR, BİR TƏRƏFİNƏ YOX»

Ağdam rayonundan köçkün düşmüş Nəsrin Hüseynov:

«Bizim burada problemlərimiz çoxdur. Qarşıda amansız yay fəsli gəlir. Əsas problemimiz su ilə bağlıdır. Qəsəbənin bir tərəfinə su gəlir, bir tərəfinə yox. Belə olmaz, insaf da dinin yarısıdır. Adamı su ilə imtahana çəkməzlər».

«BU QƏSƏBƏNİ BELARUS SƏFİRLİYİ İNŞA EDİB»

Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin İsmayıllı rayonu şöbəsinin sədri Tahir Əliyev isə ona yönəlik tənqidləri əsassız sayır:

«Birincisi, bu məsələlər mənə aid olan məsələlər deyil. Tikinti üçün tutulmuş layihədə nə istilik, nə də ki, hamam olub. Əlbəttə, vətəndaş bu və digər qaydada öz etirazını, fikrini çatdıra bilər. Ancaq bu suallar birbaşa yerli mənzil istismarı şöbəsinə aiddir. Mənim evim olan cərgənin arxasından yüksəkgərginlikli işıq naqilləri keçdiyi üçün neytral zona kimi saxlanıb. Yəni, mənim orada torpağım yoxdur. Bu qəsəbəni Belarus səfirliyi inşa edib və bura heç kim müdaxilə edə bilməzdi. Keçmiş başçı Nizami Ələkbərov olmur, kim olur olsun, heç kim o işə müdaxilə etməyib. Köçkün şəhərciyi

Köçkün şəhərciyi

İsmayıllı rayon İcra Hakimiyyətinin o zaman hansısa işə qarışmasına heç bir səlahiyyəti olmayıb. Yəni, belə özbaşınalıq ola bilər ki, layihədə hamam, kanalizasiya ola-ola onu tikməyələr? Respublikada hündür binaları çıxmaq şərtilə heç bir qəsəbədə hamam, kanalizasiya tikilməyib. Gələcəkdə dövlət bütün bu işləri yeni layihə əsasında həll edəcək. Mənim həyatda ən nifrət elədiyim iş budur. Əvvəla hamımız Azərbaycan vətəndaşıyıq, sonrası da işğal olunmuş rayonların hamısının bir ortaq dərdi var. Mən bunu vəzifəmə görə demirəm. Təbiətimdə belə xüsusiyyət yoxdur. Heç kim deyə bilməz ki, mən köçkünlər arasında ayrıseçkilik edirəm».

Şərhləri göstər

XS
SM
MD
LG