Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:31

Morqan


-

"Ədəbi Azadlıq-2014" Milli Müsabiqəsinin 10-luğundan.


NAHİD


Morqan

Həyatda elə talelər var ki, ondan hər kəsin xəbəri olmalıdır.



Həyatda elə talelər var ki, ondan hər kəsin xəbəri olmalıdır.


- Morqan qara dərili, yaşı əllini ötmüş biridi – Qoca oturmaq üçün mənə stulu göstərdi. İsti yay ayının sərin mehli günlərindən birini yaşayırdıq. Qocanı necə tapdım, görüşümüz necə oldu, bunu yazmağın heç bir əhəmiyyəti yoxdu. Daha doğrusu eşitdiklərimdən sonra, qocayla görüşümüzün səbəblərini anlatmaq kimi bir istəyim yoxa çıxdı - Onu hardasa qırx il bundan qabaq, indiki Maarif binasının, keçmişdə Kommunist Partiyasının olduğu yerin həyətində, daşların üzərində yatan görmüşdüm. Bir az boylansan, dediyim binanın köhnəlmiş damını görə bilərsən – Qoca boğazını uzadıb cənub tərəfə boylanır - Dərisinin qaralığı bütün kəndin marağını oyatmışdı. Balaca uşaqlar “cin gələcək” deyiminin doğru olduğuna inanırmış kimi qorxudan analarının ətəyindən yapışıb bərəlmiş gözlərini Morqana dikmişdi. Onun bura necə gəldiyini, hardan düşdüyünü heç kim bilmirdi. Təhsilimi SSRİ-də, Moskva Dövlət Universitetində almışdım. Orda çox olmasa da, qaradərili tələbələr görmüşdüm. Başqalarından fərqli olaraq Morqan mənim üçün insandan başqa bir şey deyildi. Bunu kənd camaatına başa salmağım düz dörd ilimi aldı - Əminəm mənim həyatımdan çox Morqanın həyatını eşitmək istəyirsiniz – Qoca gülür.

- Həmin gün, Morqanın möhkəmcə qorxduğunu gözlərindən hiss etmişdim. Qabağa çıxıb ona yaxınlaşanda, dizlərini qarnına sıxıb dayandı. Əlimi uzadıb gülümsədim. Kim deyir ki, ünsiyyətin tək yolu danışmaqdı. Mən həmin gün Morqanla cizgilərlə danışdım. O mənə inanmışdı. Danışdığı dilin bircə cümləsini belə anlamadan iki il bir evdə yaşadıq. Daha düzü, mənim evimdə yaşadı. Bizi başa düşməsi üçün xanımımla bütün əşyalara, ərzaqlara fərqli adlar yazıb yapışdırdıq. Bu adları Morqanla bir seçmişdik. Üzərindən on il keçib, ancaq bizim evdə hələ də çörəyə “bubu”, yağa “piro” deyirlər. – Qoca gülür - İki ildən sonra Morqan bizim dilimizdə insanı başa salacaq dərəcədə danışa bilirdi. Hə, yadımdan çıxmamış. Elə bilməyin ki, ona “pasport” almaq mənim üçün su içmək kimi bir şey oldu ha. Bunun üçün çox əziyyət çəkdim.

Morqan eynən mənə oxşayırdı. Dəymədüşərin biriydi. Hərdən elə hiss edirdim ki, mənim düşündüklərimi o da düşünə bilir – Görəsən hardadı? – Qoca stuldan qalxıb evin həndəvərinə baxır. Kimi axtardığını soruşduğumda “heç kimi” deyib yenidən stulda əyləşir - Onunla yaşadığımız bu illər ərzində, bircə dəfə də olsun buralara necə gəldiyini soruşmadım. Kənd camaatının suallarına uydurduğum əhvalatlarla cavab verirdim. Uydurduğum ən gülməli, ən dəhşətli əhvalat isə, Morqanın guya Əfqanıstan müharibəsinə cəlb olunduğu, ordan da ruslar tərəfə keçdiyi, beləliklə də buralara qədər gəlib çıxdığı əhvalatıydı. Ax! Morqan. Uzunçuluq edib sizi yormaq istəmirəm. Ancaq söhbət Morqandan gedirsə, qısa danışmaq da günahdı. İnanın, heç ikinci qardaşım Saleh haqqında əlli manat pul versəniz də danışmaram.

Morqanın dini dinimizdən, dili dilimizdən deyildi, amma gülüşü, kədəri, sevinci, göz yaşı eyni bizimkindən idi. Dediyinə görə, insan basdırmağımız adətlərimizin ən qəribəsiydi. Ancaq soruşanda ki “siz ölünü necə basdırırsınız”, susurdu. Mən də heç bir artıq sual vermirdim. Qorxurdum, keçmişində nələrisə xatırlaya bilər, pis olardı.

Bir dəfə, gecə oyanıb subaşına gedəndə, Morqanın həyətimizdəki tut ağacının gövdəsinə söykənib ağladığını gördüm. Məni görməmişdi. Səsini eşitməyək deyə için-için ağlayırdı. Allah bilir yadına nə düşmüşdü, kimi xatırlamışdı. Yazıq Morqan. Həmin gecənin sabahısında yanıma gəldi. “Mamed dayı, axşam Allahı xatırlamışdım” deyib ağlamışdı – Qocanın gözləri dolur.

Bağışlayın məni. Yadıma oğlum düşdü. Qoy deyim şəklini gətirsinlər. Görün necə yaraşıqlıdı – Yanaqlarından yaş süzülən, başı şallı qadın çərçivəyə salınmış şəkili silə-silə qocaya verdi – Baxın, baxın. Burda iyirmi dörd yaşı var. Elə sizin yaşda olar. Heyif ki, Morqanla tanış ola bilmədi. Qarabağda müharibə başlayanda çıxıb getdi. Mən qoymurdum, ancaq başı batmış qardaşım Saleh, uşağın başını doldurdu. O da getdi, amma qayıtmadı. Mavi gözləri, ipək kimi saçları vardı. Ətri hələ də burnumdan getməyib. Hərdən yuxuma gəlir – Ata, ağlama – deyib anasını soruşur. Həmin vaxtlar Morqan olmasaydı çoxdan ölüb getmişdim. Ax! Morqan. Başımı çiyninə söykəyib o qədər ağlamışam ki. O da mənə heç vaxt təsəlli vermirdi. Elə həmişə - Ağla, rahatlayacaqsan – deyirdi. Xahiş edirəm bir dəqiqə ara verək – Qoca yan otağa keçir. Səsini boğsa da, ağladığını aydın eşidirəm. Ancaq fasilə uzun çəkir. Başı şallı qadın üzünə gülüş geyinib yanıma yaxınlaşır.

- Kişi çox yorulub - deyib məndən cümlənin ardını düzəltməyimi gözləyirmiş kimi gözlərimə baxır. Ancaq Morqanın taleyi məndə maraq oyatdığından kişidən əl çəkmək istəmirəm.

- Siz Morqan haqda nə deyə bilərsiz? – deyib qadını sözə tuturam.

- Morqan, Mamedi deyirsiniz yəqin – Qadının gülən yanaqları hələ də dartıla qalıb. Gözüm qadının qırışmış göz qapaqlarında, göz yaşlarından qurumayan seyrək kipriklərinə sataşır - Mamedi yox, Morqanı deyirəm - Qadın yavaşca əyilib içəri otağa baxır - Sizə hər şeyi danışacam deyib stulunu yaxın çəkir.

- O zamanlar Əfqanıstanda vəziyyət çox pisiydi. Elə buralar da ordan geri qalmırdı. Mamed əsgərliyini Novosibirskdə çəkmişdi. Əsgərlikdən gələn kimi rus zabitləri qolundan yapışıb Əfqanıstana aparmaq istəyib. Həmin vaxtı Mamedin atası Saleh kişi oğlunu ruslardan gizləmək üçün uşağı qoltuğuna vurub “Bakı” qatarına minib. Son dayancağı bizim kənd olub. Qohumlarından indiyə qədər də xəbərimiz yoxdu. Çünki burda yaşadıqları ikinci ilində Saleh kişi rəhmətə gedib, Mamed qalıb tək. Fəhləlik edə-edə oxudu, təhsil aldı. Yaxşı işlərdə işlədi. Sonra mənimlə evləndi. Uşağımız olmurdu. Getmədiyimiz həkim, atmadığımız dava-dərman qalmamışdı. Uzun illərdən sonra Allah bizə gözəl bir oğlan uşağı bağışladı. Bu Morqan əhvalatı da oğlumuzun Qarabağ müharibəsinə getdiyi gündən başladı. Mamed oğluna düşkün biriydi – Qadın doluxsunur - Hələ uşaq vaxtı oğlunun bir yeri əzilən kimi az qalırdı özünü öldürsün. Çox yaraşaqlıydı mənim oğlum. Boy-buxununa qurban olduğum. Bir gülüşü vardı ki, güləndə az qalırdın canından keçəsən. Müharibə başlayanda könüllü çıxıb getdi. Daha doğrusu Mamedin qardaşı Saleh uşağın başını doldurdu. İki aydan sonra da qara xəbəri gəldi – Qadın “anan ölsün, oğul” – deyib dizlərini döyəcləyir - Həmin xəbərdən sonra kişi havalandı. Öz-özünə danışmağa başladı. “ “Maarifin” yanından Morqanı tapdım, Morqan gəldi, Morqan” deyə-deyə hər gün danışırdı. Həkimlər dedilər ki, beynində problem var. Oğlunun itkisinə dözə bilməyib özündən Morqan adlı birini yaradıb. Həkim həm də demişdi ki, bu adı bizimkilərdən küsdüyü üçün seçib. Bizə ehtiyatlı davranmağımızı tapşırdılar. Keçəcəyini dedilər, ancaq keçmədi. Bizi məcbur edirdi ki, Morqanla yaxşı davranaq. Hələ bir gün məni çağırdı ki, Morqan başa düşmür deyə əşyalara ad vermək lazımdı. Çörəyə “bubu”, yağa “piro” deyirdi. Bir dəfə də mənim qulağıma yavaşca pıçıldadı ki “Morqan xəstədi, heç nəyi xatırlamır. Heç Allahı da tanımır”. Ancaq bir gecə oyananda gördüm ki, kişi yataqda yoxdu. Qorxdum başına bir iş gələ. Aşağı düşəndə bizim qapının ağzındakı tut ağacının – ode o tutu deyirəm – Qadın barmağı ilə qalın gövdəli tut ağacını göstərir – gövdəsinə söykənib ağlayan gördüm. Səsini heç kim eşitməsin deyə için-için ağlayırdı. Məni görüb utanacağından qorxdum. Yatağa qayıtdım. Biraz sonra da özü gəldi. Mənə dedi ki, “Yazıq Morqan deyəsən kimisə xatırlayıb. Tutun gövdəsinə söykənib ağlayır”. Həmin gecə səhərə qədər ağlamışam – Qadın əlindəki dəsmalı barmağına dolaya-dolaya gözünün suyunu axıdır. Hiss edirəm ki, mənim də gözlərim dolub. Davamını danışsın deyə təkid eləmirəm. Ancaq qadın susmur.

- Kənddə hər kəsə Morqandan danışırdı. Hələ bir dəfə dövlət işçisindən kimiydisə onu məcbur edirdi ki, Morqana pasport versin. Neçə gün, neçə gecə idarənin qarşısında dayanıb heç yerə tərpənmədi. Sonra sağ olsun Fikrət məllim, Morqanın adına bir pasport düzəltdi – Qadın pasportun yalandan olduğunu da vurğulayıb gülümsəyir – Hər gün Morqana oğlundan danışırdı. Onunla keçirdiyi günlərdən, oynadığı oyunlardan. Gətirim oğlumun şəklinə bax – Qadına, oğlunun şəklini bir az öncə gətirdiyini xatırlatmadım. Şəkili sığallaya-sığallaya gətirib mənə uzatdı – Bax, gör necə yaraşıqlıdı mənim balam. Qamətinə dağlar paxıllıq edərdi. Kəndə çıxanda bütün qızlar çəpərdən boylanıb ona baxardı. Gözlərinə qurban olduğum. Qadasını aldığım. – Gözlərim dolur. Ağladığıma əminiydim. – Qadın ağlaya-ağlaya dəfələrlə məndən soruşur – Bala, sən oxumuş adamsan, bilmirsən torpağın altı soyuq olmur? Görəsən üşümür balam? – Mən suala cavab vermirəm. Başımı aşağı əyib ağlayan gözlərimi qadından gizlədirəm. – Bala, indi bir az düzəlib. Day qabaqkı kimi danışmır. Gedim görüm bu kişi otaqda neyniyir –Qadın Mamed dayını yoxlamaq üçün yan otağa keçir. Daha dözə bilməyəcəyimi anlayıb səssiz-səmirsiz, uzaqlaşıram. Addımlarımı tezləşdirib gedəcəyim ünvanın hara olduğunu bilmədən tələsirəm...”

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG