Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:39

Şuşanın işğal günündə amerikalı həmsədrdən sülh açıqlaması [Video]


-
Konfliktoloq Əvəz Həsənov, politoloq Rasim Musabəyov və QAT sədri Akif Nağı amerikalı həmsədrin fikirlərinə münasibət bildirirlər.

Mövzu ilə əlaqədar oxu: Amerikalı həmsədr Qarabağda sülhün altı elementindən söz açdı


«AZƏRBAYCAN ƏRAZİ BÜTÖVLÜYÜNÜ TƏLƏB EDİR»


Əvəz Həsənov
həmsədrin yeni bir fikir səsləndirmədiyini deyir:

«Amerikalı həmsədrin çıxışında yeni bir prinsip yoxdur. Onun söylədikləri «Madrid prinsipləri»nə uyğundur. Amerika hökuməti heç vaxt baza mövqelərini dəyişməyib. «Madrid prinsipləri»ndə həm Azərbaycan, həm də erməni tərəfini qane edəcək məsələlər var. Həmsədrlər də həmişə bu prinsipləri əllərində bayraq edirlər. Faktiki olaraq, bütün sənədlər ortaya qoyulub. Ancaq onu icra, tərəflərə təzyiq edəcək güc yoxdur. Həmsədr-ölkələr öz maraqlarını güdürlər. Rusiya prosesi tormozlatmağa çalışır. Amerika tərəflərə təzyiq göstərə bilmir. Ermənistan tərəfini bu prinsiplərə əməl etməyə təhrik etmək lazımdır. Azərbaycanın mövqeyi birmənalıdır. Azərbaycan ərazi bütövlüyünü tələb edir».

«ERMƏNİSTAN İŞĞALÇI KİMİ TANINMALIDIR»

Akif Nağı hesab edir ki, amerikalı həmsədr vəziyyəti yumşaltmaq üçün belə addım atıb:

«James Warlick bəyanatlarından sonra Azərbaycan tərəfindən tənqidə tutuldu. Ola bilər ki, bu çıxış vəziyyətdən çıxmaq üçün edildi. Ortalıqda hər hansı ciddi nəticənin əlamətləri yoxdur. Amerika məsələnin həlli ilə bağlı o zaman istəkli görünə bilər ki, problemin həllinə ciddi bir diplomatik ranqa sahib diplomatını cəlb etsin. Bu, Amerikanın məsələyə münasibətinin göstəricisidir. «Madrid prinsipləri» ortaya çıxanda, biz belə bir sənəd tərtib etdik ki, bu prinsiplər Azərbaycanın maraqlarına uyğun deyil. Dağlıq Qarabağa beynəlxalq təminat altında müvəqqəti statusun verilməsi o deməkdir ki, biz qondarma Dağlıq Qarabağ Respublikasını tanıyırıq. Ondan sonra Azərbaycanın məsələyə müdaxiləsi sıfıra enəcək. Hər hansı bir «yol xəritəsi» və ya digər bir həll yolu təklif edilirsə, ilk növbədə hadisənin mahiyyəti ortaya qoyulmalıdır. Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal olunub. Təəssüf ki, danışıqlarda bu mahiyyət ortaya qoyulmur».

«AZƏRBAYCAN SÜLH MÜQAVİLƏSİ TƏLƏB EDİR»


Rasim Musabəyovun fikrincə, James Warlick-in yeni fikir söyləmək səlahiyyəti yoxdur:

«Həmsədrin yeni nəsə deməyə səlahiyyəti yoxdur. Minsk Qrupunda həmsədrlik üç ölkəyə həvalə olunub. Nümayəndələr də xarici işlər nazirliklərinin orta səviyyəli əməkdaşlarıdır. Bu həmsədrlərin tərəflərə təzyiq etmək imkanları yoxdur. Onlardan bunu gözləmək də düzgün deyil. James Warlick-in çıxışından belə çıxır ki, Amerikanın rəsmi mövqeyi var və mən də bu mövqedən kənara çıxa bilmərəm. Bu, özünün narazılıq doğuran bəyanatlarını yumşaltmaq üçün atılmış addımdır. «Madrid prinsipləri»ni Astanada, ATƏT-in sammitində Azərbaycan da, Ermənistan da, şifahi də olsa, qəbul edib. Sonrakı mərhələdə bu prinsiplər müqavilə halına salınmalı idi. Rusiyadan Sergey Lavrov müqaviləni elə tərtib etdi ki, Azərbaycanın qəbul etməyi mümkün olmadı. Kazanda bu razılaşma baş tutmadı. Azərbaycan konkret sülh müqaviləsi tələb edir, çərçivə müqaviləsi yox. Azərbaycanın mövqeyi budur ki, köçkünlər öz torpaqlarına qayıtmadan, erməni və Azərbaycan icması arasında normal münasibət formalaşmadan heç bir statusdan söhbət gedə bilməz».

Şərhləri göstər

XS
SM
MD
LG