Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:24

Prezidentlər Tbilisidə Ukrayna böhranını da müzakirə ediblər


-
Mayın 6-sı Tbilisidə üçtərəfli görüş başa çatdıqdan sonra Azərbaycan, Gürcüstan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər.

Prezident İlham Əliyev deyib ki, Azərbaycanı Gürcüstan və Türkiyə ilə tarixi əlaqələr, mədəniyyət, xalqlar arasında dostluq, qardaşlıq bağlayır: “Bizim ikitərəfli münasibətlərimiz də bu möhkəm zəmin üzərində qurulub. Artıq sınaqdan da keçib. Həm Gürcüstan, həm Türkiyə ilə Azərbaycanın çox yaxın dostluq, qardaşlıq üzərində qurulmuş münasibətləri var”.

İlham Əliyev deyib ki, neft-qaz, nəqliyyat layihələri, investisiyalarla bağlı olan layihələr üç ölkəni daha da sıx birləşdirir: “Hazırda bu üçtərəfli format nəinki regionda, dünya miqyasında böyük maraq doğurur. Bu, əslində nadir bir formatdır. Çünki burada üç müstəqil dövlət artıq bərabərhüquqlu münasibətləri - qarşılıqlı maraq və bir-birinə hörmət əsasında müasir, mədəni, xalqlarımızın maraqlarına cavab verən münasibətləri qurub. Hesab edirəm ki, bu təcrübə başqa ölkələr üçün də cəlbedici ola bilər”.

“ƏFSANƏ LAYİHƏLƏR REALLAŞIR”

“Türkiyə olaraq, bizim istər Gürcüstan, istərsə də Azərbaycan ilə ikitərəfli əlaqələrimiz çox yüksək səviyyədədir. Gürcüstan ilə 1,5 milyard dollarlıq ticarət dövriyyəmiz var. Gürcüstandakı türk sərmayələri bir milyard dollara yaxındır. Türkiyə olaraq, eyni şəkildə Azərbaycan ilə də əlaqələrimizin şübhəsiz ki, çox özəl səviyyəsi var. İqtisadi əlaqələrimizə gəldikdə, ticarət dövriyyəmiz 4,7 milyard dollar, sərmayələrimiz isə 5,5 milyard dollar səviyyəsindədir. Türkiyə, Azərbaycan, Gürcüstan arasındakı bu coğrafi bərabərlik Cənubi Qafqaz bölgəsində çox böyük bir cazibə mərkəzi yaratmaqdadır”.
Bunu isə Türkiyə prezidenti Abdulla Gül deyib.

Gül deyib ki, “çox böyük infrastruktur layihələrini reallaşdırdığımızı hamı bilir. Xüsusilə, Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum təbii qaz boru kəməri və Bakı-Tbilisi-Qars dəmir yolu layihələrini hər kəs, bütün dünya çox təqdirlə izləməkdədir. Bu layihələr vaxtilə reallaşması çətin, hətta bəzilərinin əfsanə adlandırdığı layihələrdir”.

“UKRAYNA MƏSƏLƏSİNDƏ HƏMFİKİRİK”

Türkiyə prezidenti bildirib ki, görüşdə Ukraynadakı böhran da müzakirə edilib. “Bu böhranın bölgəmizdəki təhlükəsizliyə və sabitliyə təsir etdiyi məsələsində həmfikirik. Böhranın Ukraynanın ərazi bütövlüyü və beynəlxalq hüquq çərçivəsində siyasi həlli yolunun tapılması zəruridir. Ukraynada konstitusiya islahatı ölkənin şərqi ilə qərbini - bütün cəmiyyəti əhatə etməlidir. ATƏT-in nəzarət missiyasının gərginliyin azaldılmasındakı və dialoqun gücləndirilməsindəki rolunu da dəstəkləyirik. Türkiyə olaraq Krım-tatar türklərinin də vəziyyətini diqqətlə izlədiyimizi burada ifadə etmək istəyirəm”.

Gürcüstan prezidenti Georgi Margvelashvili deyib ki, sammitin gedişi hər üç ölkənin iqtisadiyyatı və rifahına, bütün regionun sabitliyi və çiçəklənməsinə çox müsbət təsir göstərir.

“Mən deyərdim ki, ölkələrimiz arasında bu nümunəvi əməkdaşlığın nəticəsi Asiya və Avropada 10 milyonlarla insana müsbət təsir göstərir. Biz Xəzər, Qara və Aralıq dənizlərini birləşdirən olduqca mühüm layihələr, o cümlədən bu əməkdaşlığın genişləndirilməsi barədə danışdıq. Bütün bunlar regionun sabitliyinin qarantıdır”.

Günün bütün mövzuları

XS
SM
MD
LG