Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:12

Xaricdən Bakıya gətirilən milyonlarla gülün izi ilə...


-

Mayın 7-də Azərbaycan mediası nədən yazır? AzadlıqRadiosu qəzetlərdə və internet resurslarında dərc olunan ən maraqlı yazıarın qısa xülasəsini təqdim edir

HACIBALA ABUTALIBOV BAKIYA XARİCDƏN 4 MİLYON GÜL GƏTİRDİB

«Yeni Müsavat» qəzeti yazır ki, dekorasiya üçün gətirilən sarmaşıqların qiyməti 135 manatdan başlayır.

Qəzetin əməkdaşı «Gül bayramı»nın keçirildiyi ərazidə Azərbaycana gətirilən bəzi güllərin və dekorasiyaların qiyməti ilə maraqlanıb. Ustalardan biri deyib ki, Hollandiya, İtaliya, Fransa, İspaniyadan gətirilən güllər xüsusi «TIR»larda saxlanılır. «Sarı gül açan İtaliya sarmaşıqlarının bir ədədinin qiyməti 135 manat, Hollandiya tülpanları 25 manat, İspaniya akasiyası 35, Fransadan gətirilən qızılgüllərin biri isə 20 manata başa gəlib». Usta deyib ki, bu güllərin ən böyük xüsusiyyəti ondan ibarətdir ki, soyuducudan çıxarıldıqdan sonra 10 gün ərzində öz təravətini saxlayır.

BAKIDA TIXAC ƏMƏLİYYATI BAŞLANIB

Modern.az saytı yazır ki, Bakı şəhəri İcra Hakimiyyəti paytaxtın bütün rayon icra hakimiyyətlərinə yollarda tıxacların azaldılması üçün yol polisinə yardım göstərmələri barədə göstəriş verib.

İcra hakimiyyətlərinin işçiləri qanunla qadağan olunmuş və nəqliyyatın normal hərəkətinə mane olan yerlərdə saxlanılan avtomobilləri yol polisi ilə birlikdə evakuator vasitəsilə cərimə meydançasına aparırlar.

ŞAHİNİ İŞLƏMƏYƏ QOYMADILAR...

«Şahin Sultanovu sındırmağa çalışırlar, amma bu heç cür alınmayacaq».

Bunu «Azadlıq» qəzetinə həbsdə olan Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı, vitse-admiral Şahin Sultanovun xanımı İradə Sultanova bildirib.

İradə Sultanova deyib ki, Şahin Sultanov həbs ediləndə ona qarşı kobudluq edilib:

«Şahin Sultanov həmişə vətəninə xidmət edib, vitse-admiraldır. Amma onun qoluna dərhal qandal vurdular, kobudluq elədilər, bununla onu sındırmaq istədilər, indi də həbsxanada saxlamaqla sındırmaq istəyirlər. Amma möhkəm, güclü adamdır. Həm də təqsiri yoxdur». Vitse-admiralın xanımı deyib ki, Şahin Sultanov yalnız əmrləri icra edən şəxsdir: «O, əsgərdir. O özbaşına nə edə bilər axı? Şahindən yuxarıda nazir, prezident var idi. O, yalnız donanmanın inkişafı üçün çalışırdı. Ailəsinə heç o qədər vaxt ayırmırdı. O, rütbəni, vəzifəni pulla almayıb. Biliyi, bacarığı, zəhmətilə bu səviyyəyə çatıb. Onun nə imkanlı əmisi, nə də dayısı olub ki, onu qabağa çəksinlər. İndi belə bir adamı həbs ediblər». İradə Sultanovanın sözlərinə görə, Zakir Həsənov müdafiə naziri təyin olunandan sonra həyat yoldaşını işdən kənarlaşdırmaq üçün ona müxtəlif formada təzyiqlər olunub.

ÇOBAN XANIŞIN OĞLU HƏYAT YOLDAŞINI ÖLDÜRÜB

Lerik Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə Lerik şəhəri, Baxışov küçəsi ev 6 ünvanında qeydə alınıb.

Həmin ünvanda yaşayan, 1974-cü il təvəllüdlü Nazim Xanış oğlu Şahıyev ailədaxili münaqişə zəminində həyat yoldaşı, 1975-ci il təvəllüdlü Səkinə Şaban qızı Əliyevanı bıçaqlayaraq qətlə yetirib.

Hadisəni törədən N. Şahıyev tutulub.

Faktla bağlı Lerik Rayon Prokurorluğunda cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

N. Şahıyev «Çoban Xanış» kimi tanınan Xanış Şahıyevin oğludur.

KÖÇKÜNƏ ÖZ MÜLKÜNƏ GÖRƏ KOMPENSASİYA DÜŞMÜR

«Bizim Yol» qəzeti yazır ki, Su İdman Sarayının tikintisi ilə bağlı Bayıl qəsəbəsində evlərin söküntüsünə başlanıb. Səbail rayon icra hakimiyyətinin şöbə müdiri İsrafil Kərimov bildirib ki, Əhəd Yaqubov küçəsi və Bibiheybət şosesinin kəsişməsindəki bütün tikililər söküləcək. Ancaq sakinlər söküntüdən narazıdır. Əhəd Yaqubov küçəsinin sakinlərindən biri Qiymət Səfərova «Bizim Yol»a bildirib ki, yaşadığı evi özü tikib. «İndi icra hakimiyyəti və Qaçqınkom bizi hədələyərək evimizdən çıxarmaq istəyirlər».

Fərahim İlqaroğlu
Fərahim İlqaroğlu
FƏRAHİM İLQAROĞLUNU DÖYƏN ŞƏXS TUTULUB

Ötən ayın 25-də «Yeni Müsavat»ın reportyoru Fərahim İlqaroğlunu yaşadığı binanın girəcəyində döyənlərdən ikisi yaxalanıb. Lent.az-ın məlumatına görə, bu barədə polis orqanlarından xəbər verilib. Onlardan biri Feyruz Pişşari adlı şəxs idmançıdır, digəri isə ona dəstək verənlərdən biridir.

SÜNİ BAHALAŞMANIN QARŞISI ALINACAQ

Azərbaycanda dərman preparatlarının qiyməti onların həqiqi dəyərindən xeyli yüksəkdir. Bunu Yeni Azərbaycan Partiyasının sədrinin müavini, baş nazirinin müavini Əli Əhmədov deyib.

«Yeni Azərbaycan» qəzeti yazır ki, Ə. Əhmədov deyib ki, bu, bəzi dərman satışı ilə məşğul olanların vəziyyətdən sui-istifadə etməsinin nəticəsidir. «Dərmanlar real qiymətindən baha satılmamalıdır. Dərman satışı ilə bağlı süni bahalaşma hallarının qarşısı alınacaq».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG