Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:09
“Bir işçini oğurluqda günahlandırırdı. O işçi isə bunu boynuna almırdı. Mən həmin işçidən oğuqluq edib-etmədiyini soruşanda da dedi ki, müdir mənə şər atır. Ancaq sonradan həmin işçi elə müdirin otağında oğurluğu boynuna aldı. Ortada döyülən və işdən qovulansa mən oldum”.

Bunları AzadlıqRadiosunun “Qaynar xətt”inə “Surakhani OyL Opereyşn Compani S.A.” şirkətinin qarajında sürücü işləmiş Rauf Səfərəliyev danışır. Deməsinə görə, işdən çıxarmağa çoxdan bəhanə axtaran qaraj müdiri Rövşən Mikayılov oğurluqda günahlandırdığı başqa işçini müdafiə etməsinə görə onu döyərək işdən qovub.

"ƏRİZƏ YAZMAQDAN İMTİNA ETDİM"

Şikayətçi:

“Oğurluq deyəndə ağlınıza hansısa qiymətli əşyanın oğurlandığı gəlməsin. Həmin işçi çox gənc idi, bizim yanımızda uşaqdır lap. Qarajın zibilliyindən tullantı radiatorları götürmüşdü. Əslində oğurluq da deyildi, zibillikdən götürmüşdü. Sadəcə, müdir elə adam idi ki, işçini aşağılamağa həmişə belə bəhanələr axtarırdı. Beləliklə, noyabrın 19-da həmin gənc işçi otağında boynuna aldı ki, zibillikdən tullantı radiatoru o götürüb. Müdir də əvəzində mənə dedi ki, ərizəni yaz, işdən çıx. Yaxşı bilirdim ki, bu, məni işdən çıxarmaq üçün müdirin əlinə keçmiş bəhanədir. Ərizə yazmaqdan imtina etdim".

Rauf Səfərəliyev müdirin iş otağında aralarında mübahisə düşərkən döyüldüyünü, aldığı xəsarətlərdən 12 gün 3 saylı Şəhər Klinik Xəstəxanasında müalicə olunduğunu deyir.

Şikayətçinin sözlərinə görə, noyabrın 19-da məni başımdan vurdu, halım üstündə deyildi. Hərəkətindən peşman oldu, dedi ki, işdən çıxmaq istəmirsənsə, görürəm ki, çox əsəbisən, bu ərizə blankına qol çək, səni öz hesabına məzuniyyətə göndərirəm. Get dincəl, əsəblərini müalicə et, qayıt gəl. Noyabrın 25-də işə qayıdanda dedi ki, yuxarıyla da razılaşdırmışam, sən işdən azadsan. Sonra da mənə ərizə göstərdi. Həmin ərizədə başqasının xətti ilə mənim adımdan yazılmışdı ki, xahiş edirəm, məni işdən azad edəsiz. Həmin kağıza mənə bir neçə gün əvvəl məzuniyyət ərizəsi adı ilə qol çəkdirmişdi. Demişdi, vəziyyətin yaxşı deyil, sən qol çək, ərizəni sonra qızlar yazar”.

"BANK İŞÇİLƏRİ QAPIMIZI DAĞIDIR"

Rauf Səfərəliyev deyir, döyülməsi ilə bağlı polisə, işdən çıxarılması ilə bağlı isə prezidentə və başqa qurumlara şikayət yazıb. Dekabrın 15-də müdir onu işə bərpa edib, dekabrın 19-da yenə işdən çxıarıb:

“Ona görə belə etdi ki, işdən çıxarılmaqla bağlı əvvəlki əmri mənim məzuniyyətdə olduğum tarixə düşürdü. Məzuniyyətdə olan işçini işdən çıxarmaq isə qanunsuz hərəkətdir”.

Keçmiş sürücü istifadəsində olmuş şirkət maşınını öz hesabına təmir etdiyini deyir:

“Qaraja işə girəndə müdir mənə istifadəyə tamamilə yararsız bir maşın göstərdi, dedi, budur, işləmək istəyirsənsə, özün yığdır, sür. Mən də əlimdə işim olsun deyə, razılaşdım. Banklardan borc götürüb maşını sıfırdan yığdırdım. Ancaq xeyrini görə bilmədim. Mənii şdən çıxartdı, maşını da başqasına verdi. İndi bank işçiləri qapımızı dağıdır”.

MÜDİR TƏKZİB EDİR...

Rövşən Mikayılov deyilənləri təkzib edib. Bildirib ki, Rauf Səfərəliyev ona böhtan atır. "Öz ərizəsi ilə işdən çıxıb. Şikayətləri ilə bağlı daxili araşdırmalar aparılıb. Ona zor tətbiq olunduğu və aldadılaraq işdən çıxarıldığı təsdiqini tapmayıb. Hazırda isə iş məhkəmədədir".

Rauf Səfərəliyev deyir, rayon polisi kifayət qədər sübut olmadığını əsas gətirərək onun döyülməsi faktı üzrə cinayət işi başlanmasını rədd edib.

İndi o, işə bərpa və buraxdığı iş günlərinin məvacibinin ona ödənilməsi iddiası ilə Suraxanı rayon Məhkəməsinə müraciət edib.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG